Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус
Özbəkistanda tanınmış azərbaycanlılar
Seyid Rza Əlizadə 1887-ci ildə Səmərqənddə yaşayan bir xalçaçı ailəsində doğulub. Ailələri buraya Azərbaycandan gəlib. O illərdə gediş-gəliş çətin olsa da, ailə ata-baba yurdu ilə əlaqəsini üzməyib. Ona görə də Seyid Rza yetkinlik yaşına çatdıqdan sonra dəfələrlə Azərbaycana gəlib, burada ədəbi mühitlə tanış olub, şairlərlə və qohumlarıyla görüşüb. Bu görüşlər ona Türküstanla Azərbaycan arasında bir mədəniyyət körpüsü yaratmasına səbəb olub.

İlk təhsilini məhəllə məktəbində alan Seyid Rza sonra mədrəsədə oxuyub. Fitri istedadı və zəhməti sayəsində özbək, fars, ərəb, ingilis, alman, fransız, italyan, ivrit, kürd, tacik, urdu, rus, erməni dillərini öyrənib.

Türküstanda cədidçilər adlandırılan yenilikçilər hərəkatının öncüllərindən birinə çevrilib. Xalqı maarifləndirmək, cəhalət yuxusundan ayıltmaq üçün mətbuatdan istifadə edib. İstər Türküstanda, istər Qafqazda, istər Hindistanda nəşr olunan qəzet və jurnallarda yüzlərlə məqalə və şeir nəşr etdirib. 1906-cı ildə Qafqaza gələndə böyük satirik Mirzə Ələkbər Sabirlə görüşüb.

Qafqazda türk dilində nəşr olunan "İrşad", "İqbal", "Molla Nəsrəddin" kimi qəzet və jurnallara "Bəhlul", "Neştər", "Zənbur", "Rəncbər", "Şapalaq", "S.R.Səmərqəndi" və s. imzalarla yazılar göndərməklə yanaşı, həmin qəzet və jurnalların Səmərqənddə yayılmasında da böyük əməyi olub.Seyid Rza Əlizadənin təşəbbüsü ilə Səmərqənddə 1907-ci ildə "Həyat", 1908-ci ildə isə "Yeni həyat" kimi yeni tipli məktəblər açılmışdı. Qafur Qulam 30-cu illərdə Bakıda olarkən "Kommunist" qəzetinə verdiyi müsahibəsində demişdir ki, mən ilk təhsilimi Səmərqənddə azərbaycanlıların açdığı məktəbdə almışam. Şeir aləminə isə Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin təsiri ilə gəlmişəm. M.Ə.Sabir xəstə olarkən Əlizadə Şamaxıya gəlir. 1910-cu ildə qələm yoldaşları Mahmud Behbudu, Hacı Muin, İsmayıl Axundov, Molla Xalim Kərimov, Əhməd Hacı Əbdürəsul oğlu və başqaları ilə pul toplayaraq xəstə Sabirə göndərir. 1911-ci ildə isə Sabirin ölüm xəbərini eşidən Səmərqənd ziyalıları böyük şairə 40 gün yas saxlayırlar.

Yeni tipli məktəblərdə dərs deyən, tədris proqramı hazırlayan gənc maarifpərvər mətbuatla da əlaqəsini kəsməyib. Səmərqənddə çıxan "Səmərqənd", "Novıy Samarkand", "Ovozi tacik" qəzet və jurnallarına maarifçi məqalələr yazıb. 1910-cu ildə Mahmud Behbu onu redaktoru olduğu "Ayna" jurnalının məsul katibi götürüb.

"Ayna" jurnalında naşirlik təcrübəsi keçən Seyid Rza sonra "Şərq" qəzetini nəşr etməyə başlayıb. 1916-cı ildə isə "Teleqraf xəbərləri" qəzetini açıb. 1919-cu ildə isə onu "Şöləyi inqilab" jurnalına redaktor təyin edirlər. Az zamanda bu jurnal təkcə Türküstanda deyil, Azərbaycan ,Türkiyə, İran, Hindistan və ərəb ölkələrində də oxunan geniş tirajlı jurnala çevrilir. Təəssüf ki, 1922-ci ildə jurnalın nəşri dayandırılır.

Ana tərəfdən Üzeyir Hacıbəyli ilə qohum olan Seyid Rza Əlizadə Bakıya gələrkən böyük bəstəkarla görüşür, onun əsərlərinin Türküstana güclü təsir göstərə biləcəyindən söz açır və Türküstana kömək göstərməyin vacibliyini vurğulayır. O, şəxsi görüşlərində olduğu kimi, məktublarında da Səmərqənddə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafının bölgədəki xalqların mədəni inkişafına güclü təkan verəcəyini yazır.

Seyid Rza Əlizadənin səyi nəticəsində 1918-ci ildə Səmərqənddə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları, "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyaları tamaşaya qoyulur. Seyid Rza bu tamaşalarda müxtəlif rolları oynayır.

Sovetlər hakimiyyəti ələ aldıqdan sonra ideologiyalarını təbliğ etmək üçün təhsilə diqqəti artırdılar. Azsaylı xalqların dillərində məktəblər, qəzet-jurnallar açdılar. Həm də türk-müsəlman xalqlarını bir-birindən ayırmaq üçün əlifbalarını dəyişdilər.

Seyid Rza Əlizadə də Sovetlərin yaratdığı imkandan istifadə edərək xalqı savadlandırmağa çalışır. Puşkinin, Qoqolun, Şoloxovun və Amerikan yazıçısı Elton Sinklerin əsərlərini tacik dilinə, Bartoldun "Türküstan və Avropanın ümumi tarixi" adlı əsərini isə fars dilinə tərcümə edir.

Çox dil bilməsi, zəngin pedaqoji təcrübəsi onu bölgənin özbək, tacik, qazax və qırğızların arasında məşhurlaşdırır. Ona nəinki özbək və tacik üçün, hətta Türküstanda yaşayan farslar üçün dərs kitabları yazmaq sifarişi verilir. O, az zamanda özbək və tacik ümumtəhsil məktəbləri üçün "Əlifba", "Coğrafiya", "Tarix", "Riyaziyyat", "Həndəsə", "Astronomiya" və "Ərəb dilinin qrammatikası" kitabını yazır. Tacik dilinin qrammatikasını, iki cildlik rusca-tacikcə lüğət çap etdirir.

Seyid Rza Əlizadənin yazıb çap etdirdiyi "Əsri-səadət", "Mədəniyyəti-islam" və başqa dini kitab təkcə Türküstanın deyil, İranın, Əfqanıstanın, Pakistanın, Hindistanın və b. ölkələrin mədrəsələrində dərs kitabları kimi tədris edilir. Hazırda Pakistanın Lahor şəhərinin kitabxanasında S.R.Əlizadənin 33 kitabı saxlanılır. Bu əsərlərin 20-si tərcümə, 13-ü isə orjinal kitablardır.

Sovet təhsil müəssisələri də onun pedaqoji məharətindən bacarıqla faydalanırlar. Tanınmış özbək şairləri Qafur Qulam, Həmid Əlimcan, Utkir Rəşid, akademik Vahid Abdullayev və başqa məşhur şəxsiyyətlər Seyid Rza Əlizadənin onlara dərs deməsilə qürur duyduqlarını dönə-dönə qeyd etmişlər.

Seyid Rzanın bilik və pedoqoji məharətini nəzərə alıb 1933-cü ildə onu Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinə müəllim dəvət edirlər. O, 1937-ci ilədək Universitetdə ərəb və fars dillərindən dərs deyir.

1937-ci ildə Sovetlər Birliyinin hər yerində olduğu kimi Səmərqənddə də kütləvi həbslər başlayır. Seyid Rzanı da "antisovet təbliğatçısı", "ingilis casusu" adı ilə həbs edirlər. Uzun-uzadı istintaqdan sonra onun istintaq sənədlərini məhkəməyə göndərirlər. Həmin dövrün məhkəmələri üçün gözlənilməz bir hadisə baş verir. Səmərqənd vilayət məhkəməsi Seyid Rza Əlizadənin fəaliyyətində cinayət tərkibini yetərsiz sayaraq təkrar istintaqa göndərir.

Təkrar dindirmələrdə də Seyid Rzanın fəaliyyətində yetərli cinayət tərkibləri tapılmadığından onun istintaq sənədləri üç dəfə geri – müstəntiqlərə qaytarılır. Hətta Özbəkistan Respublikasının Ali Məhkəməsi belə Seyid Rza Əlizadənin fəaliyyətində cinayət tərkibini yetərsiz sayır. Lakin onu azad etməyə cəsarəti çatmadıqlarından dindirmə sənədlərini Moskvaya göndərirlər.

Seyid Rza ilə birlikdə həbs edilənlərin əksəriyyəti qısa dindirmədən sonra "vətən xaini" kimi güllələndiyi, ömürlük həbs edildiyi və ya ən azı 8-12 il həbs cəzasına məhkum edildikləri halda Seyid Rzanın sorğu-sualı dörd il davam edir. Sübutlar tapa bilməsələr də, Seyid Rza boynuna heç bir cinayəti almasa da, 1941-ci il sentyabrın 16-da ona 5 il həbs cəzası verirlər.

Onu Rusiyada dövlət adamlarının, siyasi xadimlərin, xarici diplomatların, rəhbər işçilərin saxlandığı Vladimir şəhərindəki həbsxanaya göndərirlər. 1943-cü il fevralın 4-də cəza müddəti bitir. Lakin onun azad olunmasını təhlükəli sayaraq istintaqsız, məhkəməsiz "Təhlükəli adam" kimi müharibənin sonunadək həbsxanada saxlanması haqqında qərar qəbul edilir.
Seyid Rza haqsız həbs olunduğuna dair 400-ə yaxın şikayət ərizəsi yazsa da, hec birinə diqqət yetirilmir.

S.R.Əlizadə həbsxanada olarkən belə maarifçilik fəaliyyətini davam etdirir. O, yalnız həbsdə olanlara deyil, həbsxana nəzarətçilərinə və rəbərlərinə də dərs demişdir. Vladimir həbsxanasının milliyyətcə yəhudi olan rəisi sonralar xatirələrində yazıb ki, dünyanın işinə bax, siyasi dustaq, milliyyətcə azərbaycanlı olan Seyid Rza Əlizadə mənə ana dilimi – ivritcəni öyrətdi.

8 il məhbəs həyatı sürən, tez-tez xüsusi rejimli kamerada saxlanan, Seyid Rza Əlizadə 1944-cü il sentyabrın 11-də 32 nömrəli kameraya – həbsxana xəstəxanasına köçürülür və 1945-ci il dekabrın 24-də 58 yaşında vərəm xəstəliyindən dünyasını dəyişir.

1957-ci ildə bir çox repressiya qurbanları kimi S.R.Əlizadəyə də bəraət verilir. 1987-ci ildə isə çox çətinliklə olsa da, nəvəsi Fərhad babasının nəşini Vladimir şəhərinin məhbuslar üçün nəzərdə tutulmuş qəbristanlığından Səmərqəndə gətirir və "Pəncab" qəbristanlığında dəfn etdirir. Səmərqənddə Seyid Rza Əlizadə adına küçə, məhəllə var, şəhərdəki 14 nömrəli orta məktəb qarşısında isə büstü qoyulub.

 

Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur.

Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur.

Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı. O vaxtlar atasından aldığı türklük eşqi və müstəqillik duyğuları ilə şeirlər yazırdı.

Gələcəkdə bu eşq ona bəxtiyarlıqdan daha çox sürgün, mərhumiyyət və işgəncələr verəcəkdi.

Atasının Ağdaşda açdığı məktəbdə oxuyarkən Nəriman Nərimanov bu şəhəri ziyarət edir. Məktəbin əlaçı şagirdi olan Məqsud şeir oxumaq üçün kürsüyə çıxır. Oxuduğu şeirlər Nərimanovun çox xoşuna gəlir. Nərimanov sonralar həmin şeirlərin üçünü 21 dekabr 1921-ci ildə "Kommunist" qəzetində dərc etdirir. Bir müddət sonra Məqsud Şeyxzadə Ağdaşdan Bakıya yola düşür. Bakı Pedaqoji Məktəbində o vaxtların iki sevilən müəllimi dərs deyirdi - Hüseyn Cavid və Abdulla Şaiq. Məqsud onlardan vətən eşqi, millət eşqi, ədəbiyyat eşqi və türklüyün gerçək üzünü öyrənir. Sonralar Özbəkistanda yaşayanda "Mirzə Uluqbəy" əsərini qələmə alarkən Hüseyn Cavidin ona olan təsirlərindən də söz açır.

Məktəbi bitirər-bitirməz Dərbəndə göndərilir. Orada həm müəllimlik edir, həm də şeirlər yazır. Qəzetlərdə "Azad dağlar qızına", "Şeyx Şamil", "Bu axşam" və "Sahildə" adlı şeirləri dərc olunur. Dərbənddə yaşamasına baxmayaraq, tez-tez Bakıya gəlir. Həm Bakı Pedaqoji İnstitutunda oxuyur, həm də Mayakovski, Nazim Hikmət kimi şairlərlə tanış olur. 1927-ci ili Məqsud Şeyxzadənin qaranlıq illərinin başlanğıcı saymaq olar. Dağıstanın Sovet İttifaqına daxil olub-olmaması mövzusunda aparılan müzakirələrin ən fəal iştirakçılarından biri də Məqsud Şeyxzadə olur. Çox keçmir ki, Stalinin cəlladları tərəfindən yaxalanır və milliyyətçi damğası ilə həbsə atılır. Sonra isə sürgün edilir. Məqsud Şeyxzadəyə türklüyün odlu, alovlu müdafiəçilərinin yaşadığı Krım və Qafqaza getmək qadağan olunur. Atası onu Özbəkistanın paytaxtı Daşkəndə göndərir.

Məqsud Şeyxzadə Daşkənddə ətrafına özü kimi düşünən insanları toplayır və mübarizəsini davam etdirir. Bir müddət "Qızıl Özbəkistan", "Şərq həqiqəti" və "Leninçi" qəzetlərində çalışan Maqsud Şeyxzadə 1938-ci ildə yenidən müəllimlik etməyə başlayır, Nizami adına Daşkənd Pedaqoji İnstitutunda dərs deyir. O, ən gözəl əsərlərini Daşkənddə yazıb. "Üçüncü kitab", "Cümhuriyyət", "Cəlaləddin Mengüberdi" kimi əsərləri özbək türkcəsində nəşr olunub. Məqsud Şeyxzadə 1952-ci ildə yenidən millətçilikdə günahlandırılaraq həbs edilir. Daşkənd məhkəməsi ona 25 il həbs cəzası kəsir. O, Sibirə göndərilir.

Stalin ölən kimi Məqsud Şeyxzadənin anası Fatma xanım SSRİ Ali Sovetinin Rəyasət Heyətinə oğlunun əfv olunması üçün məktub göndərir. 1954-cü ildə Məqsud azad olunur. Amma Daşkənd artıq köhnə Daşkənd deyildi. Bütün dostları ondan uzaq gəzməyə başlayır. Bir-iki dostundan başqa heç kəs ona salam vermir, hətta yazdığı əsərlərin qəzet və dərgilərdə yayımlanmaması üçün əllərindən gələni edirlər. Xruşovun məşhur çıxışından sonra vəziyyət dəyişir və Məqsud Şeyxzadə köhnə vaxtlardakı kimi ədəbiyyat sahəsində görünməyə başlayır. O, böyük sevinc içində "Daşkəndnamə" adlı əsər yazır. Bu əsər dərc edildikdən sonra böyük əks-səda doğurur.

1958-ci ildə Daşkənddə təşkil olunmuş Asiya Afrika Yazıçılar Konqresinə qatılan Nazim Hikmət, Əziz Nesin, Melih Cevdet Anday kimi türkiyəli solçu şair və yazıçılarla əlaqə yaradır.

Maqsud Şeyxzadə 1967-ci ilə, ölümünə qədər içindəki vətən həsrətini, vətən eşqini yazaraq təsəlli etməyə çalışır. Bəzən Uluq bəyə, bəzən də Xarəzm türklərinin məşhur lideri Cəlaləddin Xarəzmşaha baş vurur. Kitabları həm özbəkcə, həm də türkcə nəşr edilir. "Mirzə Uluqbəy" adlı əsəri ekranlaşdırılır. Məqsud Şeyxzadənin əsərləri sonuncu dəfə 1971-1974-cü illərdə altı cild şəklində nəşr olunub.

Firudin Səfərov Səttar oğlu (01.08.1933) 1 avqust 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur.

Azərbaycan Dövlət Konservatoriyasında zərb alətləri üzrə təhsil almış, 1953-cü ildən 1964-cü ilədək dahi dirijor maestro Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışmışdır. 1968-ci ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirmişdir.

1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan istedadlı sənətçi az bir zaman ərzində yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik olduğunu göstərə bilmişdir. O, bir çox opera tamaşalarına quruluş vermiş, teatr aləmində bacarıqlı rejissor kimi nüfuz qazanmışdır. Respublikamızda keçirilən 40-a yaxın dövlət səviyyəli tədbirin hazırlanması Firudin Səfərova həvalə olunmuşdur.
Sovetlər İttifaqı zamanında maraqlı işləri ilə ölkədə tanınan rejissor 1977-ci ildə A.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrına dəvət edilmişdir.

F.Səfərov bu günə qədər teatrın baş rejissoru vəzifəsində uğurla çalışır. Bu illər ərzində o, 60-a yaxın opera tamaşalarına, o cümlədən P.İ.Çaykovskinin "Qaratoxmaq qadın", "İolanta", Q.Donisettinin "Sevgi şərbəti", C.Verdinin "Traviata", "Riqoletto", "Trubadur", C.Rossininin "Sevilya bərbəri", S.Prokofyevin "Odlu mələk" və başqa tamaşalara maraqlı səhnə həlli vermişdir.

O, Özbəkistanda keçirilən kütləvi bayramların bədii rəhbəri və quruluşçu rejissoru olmuş, yaradıcı adamlar sırasında Azərbaycanı ləyaqətlə təmsil etmişdir.

Firudin Səfərov hətta ölkədən kənarda çalışdığı vaxtlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu", müasir türk bəstəkarı Nevit Kodallının "Van Qoq" və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun "Natəvan" operalarına quruluş vermişdir.

Sənətçinin peşəkar kadrların yetişdirilməsində də xidmətləri böyükdür. O, uzun illərdir ki, Daşkənd Dövlət Konservatoriyasının opera hazırlığı fakültəsində bu istiqamətdə səmərəli iş aparır. Bir çox gənc vokalçılar ilk yaradıcılıq addımlarını məhz ustad rejissorun köməyi ilə atmış, böyük səhnədə öz istedadlarını nümayiş etdirə bilmişdir. Firudin Səfərov 2002-ci ildən Daşkənd Dövlət Konservatoriyasının professorudur.

1981-ci ildə A.Petrovun "Birinci Pyotr" operasının quruluşuna görə Özbəkistanın Dövlət mükafatına layiq görülmüşdür.

O, 1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

 

Əliyev Eynulla Dadaş oğlu -1937-ci ildə Azərbaycanın paytaxtı Bakı  şəhərində anadan olmuşdur. Ali təhsilini 1960-1966-cı illərdə almış, A. N. Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunun Heykəltəraşlıq fakültəsini bitirmişdir.

E. Əliyev respublika sərgilərində fəal iştirak emiş, 1968 ildə Özbəkistan Rəssamlar İttifaqının üzvü seçilmişdir. 1977-cı ildə  E. Əliyev Həmzə adına Özbəkistan Dövlət Mükafatına layiq görülmüşdür.

Heykəltaraş  Eynulla Əliyev daş, mis, bürünc və ağacdan bir sıra unikal heykəllər yaratmışdır. Onun işləri ABŞ, Finlandiya və bir sıra MDB ölkələrinin, 20-dən çox respublika sərgilərində nümayiş olunub.
E. Əliyev Daşkənd Metropoliteninin 2 stansiyasını, bir sıra dövlət ictimai və elmi müəssiələrində, Daşkənd, Səmərkənd, Buxara, Nukus və digər şəhərlərin mehmanxanalarının  dekorativ tərtibatının işlənməsində iştirak etmişdir.

O, müəlliflər qrupunun tərkibində Daşkəndin Milli parkında ucaldılan görkəmli Özbək şairi Əlişir Nəvainin abidəsinin hazırlanmasında fəal iştirak etmişdir.
Heykəltaraş E. Əliyevin həyat və fəaliyyəti azərbaycan və özbək xaiqlarının sarsılmaz dostluğunu sübut edir.



Abdullayev Qafar –Özbəkistan Elmlər Akademiyasının birinci azərbaycanlı müxbir üzvü, Respublika Ali Şurasının deputatı. Professor Oftalmoloq.

Qudarlı  Şövkət  Miri qızı – Özbəkistanın əməkdar diktoru. Uzun illər Özbəkistan Dövlət Radiosunda fars dilində veriliş aparmışdır.

 Şövkət Qudarlı Özbəkistan Dövlət Radiosunda uzun müddət diktorluq etmişdir. O, 2015-ci ildə dünyasını dəyişmişdir.

Şövkət Qudarlı Özbəkistandakı Azərbaycan Diaspora Təşkilatının fəallarından olmuşdur.

 

   
Əliyeva Kökəb Miri qızı – 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olub. Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirmiş, K.Əliyeva  Özbəkistanda tanınmış Batır Zakirovun Estrada Orkestrində işləmişdir. O, Oleq Lundstremin estrada orkestrində rəqqasə vəzifəsində çalışmışdır. 2002-ci və 2005-ci illərdə “Özbəkistan –bizim ümumi evimizdir” festivalların laureatı və “Mexrijon” xeyriyyə fondunun həmsədridir.

Hazırda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azəri qızları” rəqs ansamblının bədii rəhbəridir. Azərbaycanın əməkdar artisti Kökəb Əliyeva dəfələrlə Özbəkistanın  “Dostluq”, “Şöhrət” və “Müstəqillik” ordenləri ilə təltif olunmuşdur.

O, Azərbaycan xalq rəqslərinin Özbəkistanda fəal təbliğatçısıdır və onun rəhbərliyi ilə indiyədək yüzlərlə uşaq və yeniyetmə Azərbaycan milli rəqslərini, rəqs sənətinin sirlərini öyrənmişlər.

İxtiyar Riza – yazıçı, şair. 1934-ci ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olmuşdur. Özbəkistan Yazıçılar İttifaqının üzvü olan İxtiyar Rza poeziyasının əsas mövzusu – insan səadəti, müstəqillik, azadlıq arzusu və, əlbəttə, vətən haqqında şerlər təşkil etmişdir.

İbadov Rövşən Əli oğlu – Tibb Elmlər doktoru. Professor. Akademik Vahidov adına Cərrahiyyə İnstitutu Reanimasiya şöbəsinin müdiri.

Şıxaliyeva Şərqiyyə Məhərrəm qızı – 1934-ci ildə Azərbaycan Respublikasının Fizuli rayonu, yuxarı Əbdülrəhmanlı kəndində anadan olub. Özbəkistanın əməkdar müəllimi. Xalq Təhsili əlaçısı. Ədəbiyyatçı. Filoloq. Tərcüməçi.   

Poladxanova Nərgiz Şamil qızı -1957-ci ildə Daşkənddə anadan olub. Özbəkistan Dövlət Konservatoriyasının professorudur.

İdrisov Cəbrayıl Xudaverdi oğlu –Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının solisti.

Poladxanova Ramidə Şamil qızı – 1955-ci ildə Daşkənddə anadan olub. Özbəkistan Dövlət Konservatoriyasının professorudur. Müşaiyət bacarığı və kamera performans şöbəsinin müdiridir.

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası