Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус
Odlar yurdu Azərbaycan
     
  Ümumi məlumat
  Dövlət rəmzləri
  Azərbaycan mədəniyyəti
  Dövlət bayramları
  Azərbaycan xəritəsi
  Azərbaycan Prezidenti
  Dağlıq Qarabağ problemi
  Xocalı faciəsi
  Azərbaycan mədəni irsi
 

Dövlət bayramları

 

1 YANVAR - YENİ İL

Yanvar (latınca "Yanvarus") qədim Roma ilahisi Yanusun şərəfinə adlandırılmışdır. Qriqori təqvimində ilin 1-ci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanı ilə indiki Yuli təqviminə keçilmişdir. Bu fərmana uyğun olaraq yanvarın 1-i İsanın doğum günü, ilin başlanğıcı kimi qəbul edildi və XVIII əsr 1701-ci ilin yanvar ayının 1-dən başlandı.
Keçmiş Sovetlər İttifaqında bu təqvim 1918-ci ildə V.İ.Leninin fərmanı ilə rəsmiləşdirildi. Beləliklə, o vaxta qədər Yeni il hər ayın 13-dən başlanırdısa, indi o fərq aradan götürüldü və Yeni il 1 Yanvardan hesablanmağa başlandı. O vaxtdan Yeni il yanvarın 1-dən başlanır. 1 Yanvar həm də istirahət günü sayılır.
Azərbaycan müstəqil Respublika olduqdan sonra da ölkəmizdə həmin təqvim fəaliyyət göstərir və 1 Yanvar istirahət günü kimi qeyd olunur.
2006-cı ildən 1-2 yanvar bayram günləri sayılır və istirahət günü kimi qeyd edilir. 

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınmışdır. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilmişdir. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhs bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur.

NOVRUZ BAYRAMI

Novruz - bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla - Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Odlu çərşənbə, Torpaq çərşənbə və Axır çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yer, dördüncü çərşənbədə küləyin köməyilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir.
Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" - meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da "S" hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.
Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan". Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz, ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.
Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır. 

9 MAY - FAŞIZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanmışdılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçdilər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfəri Şərəf ordeni ilə təltif olundular. 170 min Azərbaycan əsgər və zabitləri SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazdılar.
Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Kiçik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradıldı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi. 

28 MAY - AZƏRBAYCAN RESPUBLİKA GÜNÜ

Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olmuşdur. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparmışdır.
XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olmuşdur.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.
ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi.
Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.

15 İYUN-AZƏRBAYCANIN MİLLİ QURTULUŞ GÜNÜ

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdır. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Baakıya gəldi.
Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

26 İYUN - SİLAHLI QÜVVƏLƏR GÜNÜ

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. ADR yarananda Azərbaycanda milli ordu deyilən heç bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O, vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.
Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.
Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilmişdir.
1991-ci il oktyabrın 9-da Ordunun yaradılması haqqındca Azərbaycan Respublikasının Ali soveti qanun qəbul etdi.
Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı qüvvələr günü elan edilmişdir.

18 OKTYABR - DÖVLƏT İSTİQLALİYYƏT GÜNÜ

XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.

AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞI GÜNÜ

Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunacağı haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Sərəncama görə həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.

12 NOYABR - KONSTİTUSİYA GÜNÜ

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Ölkəmizdə həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

17 NOYABR - MİLLİ DİRÇƏLİŞ GÜNÜ

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.
Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtki rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

31 DEKABR - AZƏRBAYCANLILARIN MİLLİ HƏMRƏYLİK GÜNÜ

Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq bəşər sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşmışlar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olmuşlar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdilər. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Dünya azərbaycanlılarının həmrəylik gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstambulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da Dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. 

QURBAN BAYRAMI

Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram - eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramlar qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.
Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Demək lazımdır ki Qurban bayramı yalnız İslam dininin törəməsi deyildir. Qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir çox xalqlarında olmuşdur. Məsələn, karfagenlilər allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti olmuşdur.
Həzrəti Məhəmmədin yaratdığı İslam dini böyük İnama, ulu Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adınan buyurdu ki, insan yerinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onu ildə bir dəfə Zilhiccə ayının 10-da keçirməyi qanuniləşdirdilər. Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni, bərəm ayı (Zilhiccəni), Kəbəyə gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib səhmana düşməsi üçün bir yol müəyyən etdi" (Quran 5-ci surə, ayə 97).
Bu mərasim yerlərdə də keçirilir. Hər hansı niyyət üçün qurbankəsmə hər hansı gündə ola bilər.
Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdur.Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. 
Qurban bayramı 2 gün qeyd olunur. 

RAMAZAN BAYRAMI

Müqəddəs Ramazan ayı müsəlmanlara hicrinin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur.
Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə, bu hadisə ayın 23-dən 24-nə keçən gecə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "laylat alkadr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sülhdür"
(97:1-5).
Orucluq hələ islamdan da əvvəl mövcüd idi. Hələ qədim ərəblər öz allahları naminə oruc tuturdular. Bu haqda Quranda deyilir: "Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, bizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir".
Orucluq pəhrizi qurtarmaq - id əl-fitr - bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə edərkən bütün ailə üzvləri nəzərə alınır. 1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd olunur. Ramazan bayramı 2 gün qeyd olunur. 

 

http://www.azerbaijan.az/

 
     
  Ümumi məlumat
  Dövlət rəmzləri
  Azərbaycan mədəniyyəti
  Dövlət bayramları
  Azərbaycan xəritəsi
  Azərbaycan Prezidenti
  Dağlıq Qarabağ problemi
  Xocalı faciəsi
  Azərbaycan mədəni irsi
Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası