AŞIQ SƏNƏTİ.
Orta əsrlərin ilkin çağlarından (XIII - XIV əsrlər nəzərdə tutulur) təşəkkül tapan aşıq sənəti əslində qədim ozan sənətinin davamı və varisidir. Ozan sənəti Azərbaycan xalqının soykökündə və təşəkkülündə başlıca rol oynamış oğuz qəbilə birləşmələrinin geniş yayılmış incəsənəti olmuşdur. Öz rişələri ilə çox qədim köklərə, zəngin mifik və əsatiri təsəvvürlərə malik olan ozanlar orta əsrlərin mühafizəkar dini ideologiyası qarşısında uzun müddət müqavimət göstərsələr də, Dədə Qorqud ənənələrini qoruya bilmədilər və tədricən öz meydanlarını aşığa verdilər.
Tarixin müxtəlif mərhələlərində aşıq sənətini təmsil edən saz-söz ustadları yazılı ədəbiyyatın klassikləri ilə eyni səviyyədə dayanan sənətkarlar olmuşlar.
Aşıq sənəti sinkretik xarakter daşıyır. Burada musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Yəni aşıq yaradıcı, ifaçı, pedaqoji əsasları özündə birləşdirir. Bu cəhətləri özündə cəmləşdirən və şagirdlər tərbiyə edən sənətkarlara “ustad aşıqlar” deyilir.
Sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar üç yerə bölünür:
1.Ustad aşıqlar – sinkretik aşıq saz-söz sənətinin ən parlaq şəxsiyyətləri kimi özündə şairlik və bəstəkarlıq istedadı, kamil müğənni, çalğıçı, aktyor və hətta rəqs (plastika) sənətkarlıqlarını və ən başlıcası, təcrübəli və müdrik ustadlığı (müəllimliyi) üzvi birləşdirir;
2.İfaçı aşıqlar – qədim saz-söz ənənələrini yaşadan və onu xalq arasında yayan sənət ustalarıdırlar. Azərbaycan xalqının folklorunun qorunması və inkişafında onların böyük xidmətləri var;
3.Şair aşıqlar – el şairləri, aşıq sənətinin şeir nümunələrini yaradan, xalq şeirinin inkişafında xidməti olan söz ustadlarıdırlar.
Şair aşıqlar şeir yaradıcılığında həmişə ənənəvi havacata əsaslanırlar. Bu da həmin şeirlərin ifaçı-aşıqlar tərəfindən çalıb və oxuma yolu ilə yayılmasına imkan yaradır. Aşıq sənətində şifahi şəkildə ənənələrin ötürülməsi əsas cəhətlərdəndir. Aşıqlar məlum əsərləri ifa etməklə kifayətlənməyərək, eyni zamanda, ona yeni cəhətlər gətirir, onu təkmilləşdirir, beləliklə də onun yaradıcılarından birinə çevrilir. Aşıq yaradıcılığının əsas janrları – dastanlar və aşıq havalarıdır.
Ənənəvi klassik aşıq havaları bayatı, gəraylı, qoşma, müxəmməs, divani, təcnis və s. poetik formalara əsaslanır. 80-dən artıq (“Ruhani”, “Kərəmi”, “Əfşarı”, “Misri”, “Dilqəmi”, “Yanıq Kərəmi” və s.) aşıq havalarının ayrı-ayrı ərazi variantları mövcuddur. Dastan aşıq sənətinin önəmli janrıdır. Çoxhissəli ədəbi-bədii musiqili əsər olan dastanda şeir, nəsr və musiqi növbələşir. Aşıq yaradıcılığının kiçik formaları dastana daxil olub, onun tərkib hissəsini təşkil edir. Dastanlar mövzu etibarilə müxtəlifdir: qəhrəmanlıq (“Koroğlu"), məhəbbət (“Əsli və Kərəm”) dastanları və b.
Aşıqların əsas musiqi aləti sazdır. Sazın əsas üç qrup simi kvarta-kvinta nisbətində köklənir, başqa interval nisbətləri də var. Aşıq musiqisinin melodiya və forma xüsusiyyətləri sazın bu quruluşu ilə bağlıdır. Aşıq havalarında musiqi ilə poetik mətnin qarşılıqlı əlaqəsi onların melodik-ritmik, forma xüsusiyyətlərinın yaranmasma önəmli təsir göstərir. Aşıq poeziyasının vəzni hecadır. Havaların quruluşu şeirin forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani (XVI əsr), Abbas Tufarqanlı, Sarı Aşıq (XVII əsr), Xəstə Qasıın, Aşıq Valeh, Aşıq Dilqəm (XVIII əsr), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli (XIX əsr) və b. keçmişin görkəmli aşıqlarıdır. 20 əsr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan. Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov, Ədalət Nəsibov və b. fərqlənir. Aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır.
Aşıq şeiri keçən əsrlərdə şifahi və yazılı ədəbiyyatın yeni zirvəyə qalxmasına güclü təkan vermişdir. Qədim Ağqoyunlular nəsli olan Göyçə diyarında böyük bir aşıq nəsli - aşıq məktəbi şöhrətlənmişdir. Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Musa, Mirzə Bəylər, Şair Hacı Əliş ağa, Aşıq Əziz, Aşıq Əhməd, Aşıq Məhərrəm, Şişqayalı Aydın və onlarca bu kimi sənətkarların timsalında böyük saz-söz sərrafı Aşıq Ələsgər kamala çatmışdır. XIX əsrin aşıq məktəblərini təkcə Göyçə diyarı təmsil etmirdi. Şəmkir mahalında Aşıq Hüseyn, Aşıq Qasım, Yəhya bəy Dilqəm, Qaradağda Aşıq Mahmud və Aşıq Camal, Şirvanda Cəfərqulu, Kəlbəcərdə Aşıq Qurban, Qazaxda Aşıq Səməd, Masazırda Aşıq Həsən, Bakıda Aşıq Cavad, Samurda Aşıq Rəcəb, Cəbrayılda Bağban, Şəkidə Molla Cümə, Borçalıda Şenlik, İbrahim kimi ustad sənətkarlar məşhur olmuşlar. Bu sənətkarların yaradıcılığında həm qədim aşıq sənəti ənənələri inkişaf etdirilmiş, həm də əsrin, yeni ictimai-siyasi mühitin mühüm hadisələri, həyati faktlar öz əksini tapmış, gerçəklik realist boyalarla canlandırılmışdır.
Qədim mədəniyyət irsinə malik olan aşıq sənətinin son dövrdə dünyada inkişaf etdirilməsi Heydər Əliyev Fondunun prezidenti UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycan aşıq sənəti beynəlxalq aləmdə təbliği və tanıdılması bu sənətin yaradılması qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədinə xidmət edir. Azərbaycanda saz-söz sənətinə yüksək səviyyədə dəyər verilir. Aşıq sənəti uşaq musiqi məktəblərində, musiqi və incəsənət kolleclərində, Azərbaycan Milli Konservatoriyasında, Mədəniyyət və İncəsənət Universitetində tədris olunur. Respublikamızda keçirilən aşıq müsabiqələri, beynəlxalq aşıq festivalları gənc nəsil aşıq ifaçılarının yetişməsi üçün böyük imkan yaratmışdır. Son illər ölkəmizin mədəni həyatında baş verən yeniliklər milli-mənəvi dəyərlərə hörmət və diqqət xalq kütlələrinin dərin rəğbətini qazanmışdır. Milli-mənəvi dəyərlərə göstərilən qayğı dövlət siyasətinin başlıca prinsiplərindən biridir.
Azərbaycan Aşıq sənəti 2009-cu ilin 28 sentyabr-2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı təşkilatın Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir.