Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

ORTAQ DƏYƏRLƏRİMİZ

Muğam sənəti

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Muğam - bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı.

Muğam – Azərbaycan musiqisində şifahi ənənəli professional musiqi sənəti; şifahi ənənəyə malik Azərbaycan klassik musiqi janrlarından biri; iri həcimli vokal – instrumental və ya instrumental əsər.

Muğamın tarixi çox qədimdir. Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını alimlər hələ keçən minilliyə, İslamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam sözünün mənası da Allah tərəfindən göndərilən musiqi kimi izah olunmuşdur. Muğamın İlahinin qüdrətilə insanların ruhunu təmizləməsi, saflaşdırılması fikri də söylənilir. Təsadüfi deyil ki, qədim dövrün alimləri insanları muğam sədaları ilə müalicə edirdilər. Muğamları planetlərlə əlaqələndirirdilər: “Nəva” muğamı – Ay planetinə, “Busəlik” – Merkuri, “Rast” – Venera, “Əraq” – Günəş, “Üşşaq” – Mars, “Zirəfkənd” – Yupiter, “Rəhavi” – Saturn planetinə uyğundur.

Qədim dövrlərdə peşəkar xalq ifaçılarının yaratdıqları musiqi “nəva”, “rah”, “xosrovani” adlanırdı. Musiqi mədəniyyəti inkişaf etdikcə isə yeni forma və janrlar meydana gəlmişdir. Muğamın bir janr kimi formalaşması XII – XIII əsrlərə “Müsəlman Renessansı” dövrünə aiddir. Bu dövrdə məhz poeziyanın yüksəlişi (Nizami, Xaqani, Nəsimi, Füzuli və başqa şairlər) muğamın da inkişafına təkan verdi.

Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Millətin milli özünüdərki, həyat tərzi və soykökünün göstəricisi olan bu zəngin sənət növü xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir.

Azərbaycan muğamı xalqımızın ruhunu əsrlərboyu yaşatmış, bu gün də yaşatmaqdadır. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. Məhəbbət və nifrət, xeyir və şər, hicran və vüsal, mübarizə və döyüş, inam və qələbə üzərində köklənən muğamlar məzmun və fəlsəfi zənginlik yaradaraq hər bir azərbaycanlının mənəviyyatına daxil olmuşdur.

Muğam sənətinin zənginliyi, ucalığı, əbədiyaşarlığı da bu dəyərləri əsrlərdən-əsrlərə daşımasındadır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün bunları nəzərə alaraq deyirdi: “Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”.

Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır.

Muğamda dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.

Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir.

Əsrlərboyu ustad xanəndələr söz üzərində sərraf kimi düşünərək onun məna gözəlliyinə və axıcılığına xüsusi diqqət yetirmişlər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əlağa Vahid və başqa şairlərimizin qəzəlləri üstündə oxunan “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər”, “Humayun”, eləcə də “Şahnaz”, “Mahur-hindi”, “Rahab”, “Heyratı”, “Arazbarı”, “Simayi-şəms”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə” və başqa muğamlar tükənməz söz-sənət çeşnəsi kimi milli musiqi mədəniyyətimizi zənginləşdirmişdir.

Azərbaycan muğamının ən mükəmməl elmi əsasını XX əsrdə dahi bəstəkar Üzeyir Hacıbəyov qoymuşdur. Bu dövrdə muğam Azərbaycan bəstəkarlarının, şairlərinin ilham mənbəyi olmaqla qiymətli sənət əsərlərinin meydana gəlməsinə öz təsirini göstərmişdir. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və başqaları muğam sənətinə əsaslanaraq qiymətli sənət nümunələri yaratmışlar. Azərbaycan musiqisində simfonik muğamların yaranması muğam sənətinin rəngarəngliyini, onun sərhədsiz imkanlarının geniş olduğunu göstərməkdədir. Fikrət Əmir¬ovun “Şur”, “Gülüstani-bayatı-şiraz”, Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-şiraz” simfonik muğamları, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası, Vaqif Mustafazadənin muğam əsasında ifa etdiyi əsərlər, bəstələdiyi musiqilər dünyanın müxtəlif ölkələrində dinləyiciləri valeh etmişdir.

Ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoymuş, muğam ifaçıları və bu sənəti yaşadanlar qayğı ilə əhatə olunmuşlar. 1971-ci ildə YUNESKO-nun 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edilmiş, 1975-ci ildə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxılmışdır.

Müstəqillik illərində də Azərbaycan musiqisinin və muğamının inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

2002-ci ilin noyabr ayında YUNESKO tərəfindən muğam sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilmişdir. Ulu öndərin 2003-cü il 16 may tarixdə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, muğam-dəsgahlar, zərb muğamlar, təsnif və rənglər də qorunan folklor nümunələri siyahısına salınmışdır. Həmçinin müxtəlif festivallarda, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət və musiqi tədbirlərində Azərbaycan muğamı əzəmətlə səslənmişdir. Bütün bunlar sonrakı illərdə zəngin muğam sənətimizin inkişafı və tanıdılması baxımından dəyərli ənənənin əsasını qoymuşdur.

Bu gün Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiram var. Onun qorunub saxlanmasına və təbliğinə xüsusi diqqət göstərilir. Ölkəmizdə elə bir musiqi tədbiri yoxdur ki, orada muğam sədası eşidilməsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Ölkə başçısı demişdir: “Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlərboyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir”.

2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Bu gün Azərbaycan muğam sənəti tarixinin parlaq dövrünü yaşayır. Çünki müstəqil ölkəmiz öz müqəddəratını həll etmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaq gücündədir. Azərbaycan muğamı da dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir. Mədəniyyətimizin tanıdılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən layihələr sırasında muğam sənətinə də xüsusi diqqət göstərilir. Ölkəmizin paytaxtında Beynəlxalq Muğam Mərkəzinin yaradılması buna bariz nümunədir. Regionlarda Muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa edilib. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr, beynəlxalq festivallar keçirilir.

Muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə Heydər Əliyev Fondu “Muğam televiziya müsabiqəsi” keçirir.

2008-ci ildə Heydər Əliyev Fondunun Azərbaycan muğamına həsr edilən daha bir nəşri - “Azərbaycanın muğam ensiklopediyası” (iki cilddə) Azərbaycan, rus və ingilis dillərində işıq üzü gördü.

Fond tərəfindən muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini, dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilir. “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr olunub.

Dünyada ilk dəfə ölkəmizin paytaxtında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirildi. Festival çərçivəsində təşkil olunan respublika Muğam Müsabiqəsində, Beynəlxalq Muğam Müsabiqəsində və beynəlxalq elmi simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar, eləcə də dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etdilər.

Muğam müsabiqələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası