Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli mənəvi varlığını qoruyub saxlayır. Ona görə ana dili hər bir xalqın gürur mənbəyidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı” haqqında sərəncam verdi.
Özbəkistandakı Heydır Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursu 2013-ci ilin may ayından fəaliyyət göstərir və bu fəaliyyət istiqaməti genişdir.
Kursun təşkilində əsas məqsəd – xarici vətəndaşların və soydaşlarımızın Azərbaycan dilinə yiyələnməsinə şərait yaradılması və burada azərbaycan xalqının mədəniyyəti, dili, adət-ənənələrinin öyrədilməsi istiqamətində iş aparılır.
Dərslər interaktiv və praktik formada, şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir.
Dərslər ödənişsizdir. Həftədə 2 dəfə keçirilir: bazar ertəsi, cümə axşamı saat 16: 00-da. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.
Kursların müddəti 12 aydır, dərslər xüsusi proqramla keçirilir və əsasən danışıq və qrammatik üzrə istiqamətlənir.
Dərs müddətində yeni sözlər öyrənilir, söz ehtiyatı inkişaf edilir.
Tədris dil üzrə 4 əsas bacarığın inkişafına yönəldilib: danışıq, dinləmə, yazma və oxuma. Dərslər ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və materiallar əsasında keçirilir, hər yeni gələn tələbəyə hazırlanmış vəsait təqdim olunur.
Azərbaycan dili kursunda əlifbadan başlayaraq, digər bölmələr də keçirilir: fonetika, morfologiya, sintaksis. İstifadə olunan dırsliklərdə (T. M. Xudazarov “Samouçitel Azerbaycanskoqo yazıka”, orta məktəbin dərslikləri) Azərbaycan dili haqqında ümumi məlumat, fonetika, orfoepiya, orfoqrafiya, yazı, Azərbaycan dilinin aktiv və passivliyi, işlənmə dairəsinə görə leksikası və sözlərin semantik strukturu, sözün morfoloji quruluşu, sözlərin qrammatik qrupları, sintaktik əlaqələr və söz birləşmələri, cümlə üzvlərinin iştirakına görə sadə cümlənin növləri, tabeli mürəkkəb cümlə və növləri mövzularına dair mühazirə mətnləri toplanılmışdır.
Tədris prosesində kursda iştirak edən tələbələr yeni sözlərə yiyələnir, söz luğətini artırırlar, dərsliklərdə olan mətnləri oxuyub tərcümə edirlər, şifahi və yazılı tapşırıqlar yerinə yetirirlər, imla yazirlar. Dərs müddətində verilən mövzulara dair dialoqlar keçirilir, inşa yazılır. Bundan əlavə, onlar Azərbaycanın mədəniyyəti, tarixi, onun füsunkar təbiəti ilə tanış olur, tanınmış şəxslərin həyatı və fəaliyyəti haqqında məlumat əldə edirlər. Kursda iştirak edən yeniyetmə və gənclər Azərbaycan Mədəniyyət Mərkəzinin tədbirlərində fəal iştirak edir, azərbaycan dilində şerlər söyləyir və bu ölkə haqqında əldə etdikləri məlumatları iştirakçılara dialoq formasında çatdırırlar.
Kursun proqramını keçdikdən sonra, tələbələr sınaq imtahanından keçir və onlara Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən kursu bitirməkləri haqqında xüsusi Sertifikatlar verilir.
Azərbaycan dilinə yiyələnmək, Azərbaycanda ali təhsil almaq arzulayanları Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan Azərbaycan dili kurslarına dəvət edirik.