Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
“Əl işi və naxış tikmə” kursları fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində rəqs, rəsm, kompyuter, Azərbaycan dili kursları ilə yanaşı “Əl işləri və naxış tikmə” kursları da fəaliyyətə başlamışdır.
Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Burada müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar, bəzək əşyaları, hətta qiymətli daşqaşlardan da geniş istifadə edilmişdir.
Mədəniyyət Mərkəzində təşkil olunan kursları Özbəkistanın “Barkamal avlod” Respublika Uşaq Ədəbi Mərkəzinin müəlliməsi, Fond Forumun nəzdindəki “Bazarart” sərgi yarmarkasının təşkilatşılarından olan Dildora Şoraxmedova aparır. Kurslarda Azərbaycan motivləri və naxışlarına, habelə bəzək elementlərinə daha çox üstünlük verilir. Artıq kursları əyani vəsaitlərlə, kitab və digər nəşrlərlə təmin etmək üçün Mədəniyyətin Mərkəzinin kitabxanası bu sahədəki nəşrlərlə təmin olunmuşdur.
Dərslər ödənişsizdir. Həftədə 3 dəfə keçirilir: 3 dəfə: çərşənbə axşamı, çərşənbə, cümə günü saat 15:00-da keçirilir. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.
Qeyd edək ki, kurslarda iştirak etmək üçün qəbul aparılmış və bu məqsədlə Daşkənddə azərbaycanlıların daha çox təhsil aldığı Mirabad rayon 147 saylı orta məktəbdə elanlar verilmiş, qruplar təşkil edilmişdir.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə kurslar ödənişsizdir, sonda yaxşı nəticə göstərən müdavimlərə Mərkəzin sertifikatı veriləcək, gələcəkdə isə onların sərgiləri təşkil ediləcəkdir.