Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələri daha da möhkəmləndirmək, mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirməklə yanaşı, öz fəaliyyətini mədəniyyətin müxtəlif sahələri üzrə kursların təşkili, azərbaycanlı və özbək uşaqları arasında istedadların üzə çıxarılması və onların yaradıcılıqlarına dəstəklənməsi istiqamətində qurmuşdur.
Dərslər ödənişsizdir. Həftədə 3 dəfə: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günü saat 15:00-da keçirilir. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.
Cari il 1 aprel tarixindən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində rəsm sahəsi üzrə kurslar fəaliyyətə başlamışdır. Qeyd edək ki, 30-dən çox uşaq və yeniyetmə kurslarda iştirak edir. Kurslara qəbul kiçik qabliyyət imtahanı ilə həyata keçirilir. Kurslarda boya üsulu ilə rəsmlərin çəkilməsi, Azərbaycan və Özbəkistana aid olan rəssamlıq sənəti və onun sirləri tədris olunur. Kursları Özbəkistanın Respublika İxtisaslaşmış İncəsənət Məktəbinin tələbəsi, azərbaycanlı rəssam Məmməd Əhmədov aparır. Kursların ilk günlərində mövzu Azərbaycan, onun zəngin mədəniyyəti, abidələri, görməli və maraqlı yerləri və Azərbaycan tarixi olmuşdur.