Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Mərkəzin açılışı



2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak etmişlər.

Prezident İlham Əliyev mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuşdur.

Bina ilə tanışlıq zamanı məlumat verildi ki, azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək dostluq muzeyləri fəaliyyət göstərir.

Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev muzeyi ilə tanış oldu. Burada ümummilli lider həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri toplanmışdır.

Azərbaycanın dövlətçilik tarixi muzeyi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə vaxtilə 400 min kvadratkilometr ərazisi olan respublikamızın xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verildi.

Azərbaycanın və Özbəkistanın dostluq muzeyində toplanmış eksponatlar isə ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrdən, habelə bu gün inkişaf edən münasibətlərimizdən söhbət açır.

Prezident İlham Əliyev mərkəzin konfrans salonuna baxdı.

Məlumat verildi ki, mədəniyyət mərkəzində Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcəkdir. Bundan əlavə, burada Azərbaycan məktəbi və kitabxana da yaradılmışdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan diasporunun üzvləri ilə görüşdü.

Mərkəzin açılışı münasibətilə soydaşlarımızı təbrik edən Prezident İlham Əliyev dedi:

- Mən sizi ürəkdən salamlayıram. Bu gözəl mədəniyyət mərkəzinin əsaslı təmirdən sonra açılışı münasibətilə sizi təbrik edirəm. Altı il bundan əvvəl hörmətli Şavkat müəllimlə bərabər biz burada Azərbaycan mədəniyyət mərkəzinin açılışını qeyd edirdik. O vaxtkı bina o dövr üçün bəlkə də məqbul idisə, bugünkü dövr üçün, əlbəttə ki, bu bina daha uyğundur. Ona görə bu mədəniyyət mərkəzinin əsaslı təmiri haqqında qərar qəbul edildi və səfirliyin bilavasitə iştirakı, özbək hökumətinin böyük dəstəyi ilə çox gözəl, əzəmətli, yaraşıqlı mərkəz yaradılıbdır. Yəni onu demək istəyirəm ki, artıq bu mədəniyyət mərkəzinin altıillik tarixi vardır, ancaq bu gün onun yeni dövrü başlayır. Çünki əsaslı təmir çox yüksək keyfiyyətlə, zövqlə aparılıbdır.

Bu mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Bu mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan dostluğu muzeyi də fəaliyyət göstərir. Bu mərkəz ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir. Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu, həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar.

Yəni bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi, Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar.

Tədbir iştirakçıları xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev mədəniyyət mərkəzinin sərgi salonunda Səmərqənddə yaşamış mərhum azərbaycanlı heykəltəraş Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxdı



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası