“Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”nin açılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanın yenidən müstəqillik əldə etməsinin 27-ci ildönümünə həsr edilib.
“Azərbaycan tarixi və dövlətçiliyi” muzeyində dünyada ən qədim insan yaşayış məskənlərindən olan Azıx mağarası, Qobustan – qədim insan yaşayış məskəni, Bakı şəhərində yerləşən İçərişəhər abidələr kompleksi, İrəvan şəhərindəki “Göy məscid”, Xudafərin körpüsü, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketləri yer alıb.
Muzeydə “Ənənəvi Azərbaycan kəndlisinin evi” adlı guşədə hər gün istifadə edilmiş əşyalar, əmək və məişət alətləri, çoxsaylı eksponatlar və kompozisiyalar təqdim edilib.
Bundan başqa, ən qədim dövrlərdən müasir dövrə qədər Azərbaycan dövlətləri - Manna, Midiya, Azərbaycan tarixinin şanlı səhifəsi - Səfəvilər imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycana aid tarixi xəritələr, bölmələr, habelə müstəqillik əldə etdikdən sonra ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə dair guşələr yaradılmış, qədim və müasir pul əskinazlarımız Muzeydə yaradılan xüsusi guşələrdə sərgilənir.
Qeyd edək ki, muzeydə yaradılmış stendlərdə “Azərbaycanın milli musiqi alətləri”, “misgərlik sənətinə aid qədimi qablar”, “dövlət rəmzlərimiz” nümayiş etdirilir.
Muzeydə dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının özünün qədim tarixi, maddi-mədəniyyət abidələri, zəngin ənənələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə bağlı maraqlı eksponatlar və kompozisiyalar nümayiş etdirilir.
Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dünyanın ən nəhəng layihələrindən olan - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı – Tbilisi – Kars dəmiryolu layihəsi və s. haqqında muzeydə xüsusi bölmə yaradılıb.
Yeni açılmış “Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”nə Daşkənddəki ali və orta məktəblərin tələbələri üçün mütəmadi olaraq ekskursiyaların təşkili və burada milli mədəniyyətimizə, tariximizə dair tədbirlər keçirilir.
Muzey həftənin 6 günü (bazar günü istisna olmaqla), hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.