2013-cü il xəbərləri Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2013

31 dekabr – Dünya azərbaycanlıların həmrəylik günü və yeni il münasibəti ilə Daşkənddə bayram tədbiri keçirilmişdir.

Dünən Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya azərbaycanlıların həmrəylik günü və yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin və mədəniyyət mərkəzlərinin əməkdaşları, diaspora nümayəndələri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tanınmış şəxslər, sənət adamları və Daşkənddəki azərbaycanlılar iştirak etmişlər.
Öncə Mədəniyyət Mərkəzinin önündəki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və çiçəklər qoyulmuşdur.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüseyn Quliyev 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdiyini bildirmişdir. O, öz çıxışında ölkəmizdə geniş şəkildə qeyd olunan həmrəylik gününün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlının birlik bayramına çevrildiyini qeyd etdi. Səfir Özbəkistandakı azərbaycanlıları da bir və həmrəy olmağa çağırdı.
Daha sonra Özbəkistandakı Azərbaycan diasporasının rəhbəri Mobil Məmmədov çıxış edərək bütün azərbaycanlıları bayram münasibəti ilə təbrik etdi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 dekabr – Dünya azərbaycanlıların həmrəylik günü və yeni il bayramı münasibəti ilə dünya azərbaycanlılarına ünvanlanmış müraciəti oxundu.
Tədbirin bədii hissəsində tanınmış müğənnilər Rəna Əzizova, Şəfiqə Fayradova, Yusif Abdullayev və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının çıxışları iştirakçıların marağına səbəb oldu.
Axşam fəxri qonaqlar üçün Daşkənddəki “Radisson” otelində ziyafət verildi.



Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi açılmışdır.

Dünən Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı olmuşdur.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, universitetin professor-müəllim heyəti, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov və AMM-in direktoru Samir Abbasov qırmızı lenti kəsmiş, iştirakçılar mərkəzdə yaradılan şəraitlə tanış olmuşlar.
Mərkəzdə Azərbaycanın və Özbəkistanın dövlət bayraqları, ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti, ulu öndər Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitablar, Azərbaycan xalçaları və qədim filmlərimiz, milli musiqilərimizdən ibarət disklər yer almışdır və arzu edənlərə belə kitablar və disklər hədiyyə edilir.
Universitetin müəllimi, filologiya elmləri namizədi Gülbahar Aşurova mərasimi açaraq bildirmişdir ki, bu mərkəz Özbəkistan və Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətini təbliğ edəcəkdir. Burada Azərbaycan və özbək şairlərinin yaradıcılıq və xatirə gecələrinin keçirilməsi nəzərdə tutulur.
Şavkat Şaripov mərasimdəki çıxışında demişdir bu mərkəz özbək və Azərbaycan xalqlarının dostluğunu, mədəniyyətini, ədəbiyyatını, incəsənətini əks etdirir. Burada Azərbaycan dili kursları fəaliyyət göstərəcək və həftədə bir gün Azərbaycan filmləri nümayiş etdiriləcəkdir. Onun sözlərinə görə, Özbəkistanda “Arşın mal alan”, “Qaynana”, “Əhməd haradadır?” kimi klassik filmlər çox məşhurdur. Burada müəllim və tələbələrimiz yeni Azərbaycan filmlərinə baxmaq imkanı da əldə edəcəklər.
AMM-in direktoru Samir Abbasov bu mərkəzin yaradılması ideyasının dəstəklədiklərinə görə Azərbaycanın Özbəkistandakı Səfirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, habelə tərtibat işlərində köməkliyə görə Azərbaycan Dövlət Rəsm Qalereyasına minnətdarlığını bildirmişdir. O demişdir ki, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində belə bir mərkəzin yaradılması xalqlarımız və dövlətlərimiz arasında mədəniyyət, ədəbiyyat və incəsənəti sahəsində əlaqələrin inkişafına yardım edəcəkdir.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuritdinov, Özbəkistan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı İnamcon Azimov və başqaları əmin olduqlarını bildirmişlər ki, bu mərkəz universitetin müəllim və tələbələri arasında populyar bir məkana çevriləcəkdir.



Daşkənddə dostluq və mədəniyyət festivalının başa çatması münasibətilə Qala-konsert və sərgi keçirilmişdir.

Daşkənddəki “Türküstan“ konsert salonunda “Özbəkistan bizim ümumi evimizdir“ dostluq və mədəniyyət festivalının başa çatması münasibətilə qala-konsert və Özbəkistanda fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin sərgisi keçirilmişdir.
Tədbirdə Özbəkistanda fəaliyyət göstərən milli mədəniyyət mərkəzləri, o cümlədən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları“ rəqs ansamblı və Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin “Qardaşlıq” ansamblı da iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəl mədəniyyət mərkəzlərinin sərgisinə baxmışlar.
Azərbaycan Mədəniyyət Mərkəzinin sərgisində Azərbaycanın dövlət bayrağı, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti ilə əlaqədar kitablar, Azərbaycanın tarixini, mədəniyyətini, etnoqrafiyasını, xalçaçılıq sənətini, turizm potensialını əks etdirən müxtəlif nəşrlər, milli musiqi və məişət alətləri, suvenirlər nümayiş etdirilmişdir.

Qala-konsertdən öncə 2013-cü ildə Özbəkistanda fəaliyyətləri ilə fərqlənən mədəniyyət mərkəzlərinin əməkdaşları mükafatlandırılmışlar. Azərbaycan Mədəniyyət Mərkəzindən ən yaxşı bədii rəhbər nominasiyası üzrə mükafat Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kökəb Əliyevaya, xalq mahnılarının ifası nominasiyası üzrə Respublika M’d’niyy’t Mərkəzinin “Qardaşlıq” ansamblının solisti Rəna Əzizovaya təqdim edilmişdir. Daha sonra Özbəkistanda fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin qala-konserti olmuşdur. Tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı çıxış etmiş, milli rəqslərimizi ifa etmişlər.



Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilmişdir.

Dünən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilmişdir.
Tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki bir neçə ali məktəbin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.
Sonra ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitab sərgisinə baxış keçirilmiş, iştirakçılara “Görkəmli adamların həyatı” seriyasından Viktor Andriyanov və Hüseynbala Mirələmovun Daşkənddə özbək dilində çap edilmiş “Heydər Əliyev” kitabı hədiyyə olunmuşdur.
Mərasimi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açmış, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermişdir.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, onun Azərbaycan xalqı qarşısında xidmətləri haqqında danışmışdır. O, Heydər Əliyevi Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin xilaskarı adlandırmışdır.
Azərbaycanın və Özbəkistanın Xalq Artisti, Əlişir Nəvai adına Opera və Balet Teatrının rejissoru Firudin Səfərov Ulu Öndər haqqında xatirələrini danışmışdır. O demişdir ki, Heydər Əliyev mədəniyyəti, ədəbiyyatı, incəsənəti, teatrı çox sevirdi və o illərdə Bakıda elə bir konsert və tamaşa yox idi ki, Ulu Öndər orada iştirak etməsin və tamaşadan sonra aktyorlarla görüşməsin. Bu, mədəniyyətə verilən böyük qiymət və göstərilən qayğı idi. Sonra Azərbaycanın Özbəkistandakı hərbi attaşesi Elburus Orucov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuritdinov, Daşkənddəki “Azəri” Qadınlar Cəmiyyətinin sədri, professor Almaz Məcidova, Özbəkistanın baş kulinarı Sunnatulla Suleymanov və başqaları çıxış edərək Heydər Əliyevin xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmiş, qüdrətli dövlət xadiminin Azərbaycan və türk dünyası qarşısındakı xidmətlərindən danışmış, onun adının Azərbaycan xalqının mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini vurğulamışlar.



Daşkənddə Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin Özbək dilinə tərcümə olunmuş “Maxzan-ul-Asror” kitabının təqdimat mərasimi keçirilmişdir.

(06.12.2013) Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının dahi şairi, söz ustadı Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin Özbək dilinə tərcümə olunmuş “Maxzan-ul-Asror” kitabının təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində Özbəkistanın tanınmış elm, təhsil, mədəniyyət xadimləri, Daşkənddəki ali məktəblərin tələbələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq Şərqin söz sultanı, Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin yaradıcılığı haqqında məruzə ilə çıxış etmiş və Özbək dilinə tərcümə olunmuş “Maxzan-ul-Asror” kitabının Özbək oxucuları üçün maraqlı olacağına əmin olduğunu qeyd etmişdir.
Sonra Nizami yaradıcılığına dair qısa sənədli film, habelə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan stendlərdə Nizami Gəncəvinin əsərlərindən çəkilmiş miniaturlar da nümayiş etdirilmişdir.
Akademiklər Əziz Kayumov və Bori Raximov, professor Xomidcan Xomidi, şair Bəhrəm Rözimuxammad, Nəvai adına Milli Kitabxananın əməkdaşı, modernist şair Mahkam Maxmud məruzələrində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı və onun yaradıcılığının şərq ədəbiyyatına, xüsusən də Özbək ədəbiyyatına təsiri haqqında çıxış etmişlər. Onlar Nizami Gəncəvinin dünya ədəbiyyatının nəhəngi adlandırmış və Nizamini bir çox klassiklər özlərinə ustadı seçdiklərini qeyd etmişlər.
Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetin tələbələri Nizami Gəncəvinin əsərlərindən şeirlər söyləmişlər.
Qeyd edək ki, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin Özbək dilinə tərcümə olunmuş “Maxzan-ul-Asror” kitabı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə çap olunmuşdur. Kitabın tərcüməçisi alim Olimcan Buriyev, ön sözün müəllifi akademik Əziz Kayumovdur.
Kitab Özbəkistanın aparıcı kitabxanalarına, elm tədqiqat və təhsil müəssisələrinə hədiyyə olaraq veriləcəkdir.



Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbəkistan Konstitusiyasının 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

(05.12.2013). Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə Özbəkistan Konstitusiyasının 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Universitetin tarix fakültəsinin dekanı İbrahim Yuldaşev, professor Amina Karimova, Daşkənd Dövlət Hüquq Universitetinin professoru Firuza Muxitdinova Özbəkistan Konstitusiyası haqqında ətraflı məlumat vermişlər.
AMM-in direktoru Samir Abbasov Azərbaycan və özbək xalqlarının dövlətçilik tarixindən söhbət açmış, xalqımızın ümummilli lideri Heydər Əliyevi Azərbaycan, Özbəkistan Prezidenti İslam Kərimovu isə Özbəkistan Konstitusiyasının memarı adlandırmışdır. O demişdir ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çəkmişdir.
Tədbirdə AMM-in "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa etmişlər.



Özbəkistanda Azərbaycan Mədəniyyəti günü keçirilmişdir.

Cari il 12 noyabr tarixində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Birləşmiş Millətlər Təşkilatının layihəsi olan “Dünya xalqlarının mədəniyyəti və tarixi” devizi altında “Azərbaycan mədəniyyəti günü” keçirilmişdir.
Tədbir Özbəkistanın “İnternational” Veteranlar Birliyi təşkilatı və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə keçirilmişdir. Tədbirin əsas məqsədi Azərbaycan, onun tarixi, zəngin mədəniyyəti, turizmi, adət-ənənələrini təbliğ etmək, habelə uşaq və yeniyetmələrdə vətənpərlik hislərinin gücləndirilməsi olmuşdur.
Tədbir çərçivəsində xeyriyyə məqsədi ilə Azərbaycan dövlətinin adından Daşkənddəki 24, 101, 102, 106 saylı İnternat məktəblərinin 200 nəfər əlil uşağı üçün Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində milli yeməklər və şirniyyatlar verilmişdir. İştirakçı uşaqlara Azərbaycandakı bayraq günü ilə əlaqədar kiçik Azərbaycan və Özbəkistanın dövlət bayraqları hədiyyə olunmuşdur.
Uşaqlar Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində, ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevinin büstünün önündə havaya Azərbaycan və Özbəkistanın dövlət bayraqlara bərkidilmiş şarlar və sülh göyərçinləri buraxmışlar.
Daha sonra qonaqlar, uşaq və yeniyetmələr Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan tarixi muzeyi”, “Heydər Əliyev muzeyi” və “Azərbaycan-Özbəkistan dostluq muzeyi” ilə tanış olmuş və onlara muzey gözətçiləri tərəfindən geniş məlumat verilmişdir.
Tədbirin rəsmi hissəsi Azərbaycan və Özbəkistanın dövlət himnlərinin səslənməsi ilə başlanmışdır. Daha sonra Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizminə dair qısa film nümayiş etdirilmişdir.
Azərbaycan mədəniyyət gününün rəsmi hissəsini açıq elan edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və onun zəngin mədəniyyəti haqqında məruzə ilə çıxış etmişdir. O, müsəlman şərqində ilk operanın, elitar teatrın, baletin, habelə Elmlər akademiyasının Azərbaycanda yarandığını, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin əsrarəngizliyi və təkrarsızlığı haqqında danışmışdır. S.Abbasov uşaq və yeniyetmələri öz vətənlərini layiqincə sevməyi, Özbəkistan – Azərbaycan dostluğunu gələcəyə daşımalarını tövsiyə etmişdir.
Özbəkistanın “İnternational” Veteranlar Birliyi təşkilatının sədri Talat Muradov, Özbəkistan Daxilıi İşlər Nazirliyinin generalı, “Beynəlxalq dünya generalları” təşkilatının fəxri üzvü Nosir İsmayılov çıxış edərək özbək uşaqları üçün təşkil olunmuş xeyriyyə tədbiri, habelə iki ölkə dostluğunun təbliğinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürlərini bildirmiş və çıxışlarında Azərbaycan mədəniyyətinə heyran olduqlarını qeyd etdilər. Onlar Mərkəzin direktoru Samir Abbasovu sözügedən təşkilatın Fəxri Fərmanı ilə təltif etdilər.
Daha sonra tədbirin bədii hissəsinə start verildi. Daşkənddəki 24, 101, 102, 106 saylı İnternat məktəblərinin əlil uşaqlarının hazırladığı rəqslərlə Azərbaycan və şərq musiqilərini ifa etdilər. İfalar tamaşaçıların böyük alqışlarına səbəb oldu. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı və “Azərbaycanım” musiqi qrupunun çıxışında milli mahnılar ifa edildi.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən iştirakçı 200 uşaq və yeniyetməyə üzərində Azərbaycan və Özbəkistanın dövlət bayraqlarının rəsmi olan maykalar hədiyyə edildi.



Azərbaycan və Özbəkistanın xalq artisti, görkəmli rejissor, Firudin Səfərovun 80 illik yubileyi Daşkənd şəhərində “Türküstan” sarayında təntənəli qeyd olunmuşdur.

Cari il 10 noyabr tarixində Azərbaycan və Özbəkistanın xalq artisti, görkəmli rejissor, Özbəkistanda tanınmış azərbaycanlı Firudin Səfərovun 80 illik yubileyi Daşkənd şəhərində “Türküstan” sarayında təntənəli qeyd olunmuşdur.
Tədbirin təşkilatçısı Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrı olmuşdur. Yubiley mərasiminin təşkilinə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan diaspora təşkilatı da dəstək göstərmişdir. Yubiley mərasimində Özbəkistanın tanınmış mədəniyyət, incəsənət xadimləri, Özbəkistan ictimaiyyəti, diplomatlar, Daşkənddəki universitetlərin müəllim və tələbə heyəti, mətbuat nümayəndələri, yerli azərbaycanlılar iştirak etmişlər.
Tədbir Azərbaycan və Özbəkistanın xalq artisti, görkəmli rejissor Firudin Səfərovun fəaliyyətinə həsr olunmuş filmlə başlanmışdır.
Tədbiri giriş sözü ilə Nəvai adına Özbəkistan Dövlət Akademiy Böyük Teatrının direktoru Bəxtiyar Yaqubov açaraq Azərbaycan və Özbəkistanın xalq artisti, görkəmli rejissor Firudin Səfərovun Özbəkistandakı fəaliyyəti, onun xidmətləri barədə çıxış etmiş, yubiliyarı təbrik etmişdir. Teatr ictimaiyyəti adından F.Səfərova Özbəkistanın milli geyimi və digər hədiyyələr bağışlanmışdır.
Qeyd edək ki, tədbirdə Özbəkistanın aparıcı teatrlarının rəhbərləri və mədəniyyət xadimləri çıxış edərək yubiliyarı təbrik etmiş və onun fəaliyyəti haqqında danışmışlar.
Tədbirdə Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Quliyev çıxış etmişdir. O, Firudin Səfərovun iki xalq qarşısında xidmətlərini yüksək qiymətləndirmiş, onun fəaliyyətinin iki dövlət Azərbaycan və Özbəkistan dostluğunun möhkəmlənməsində, habelə mədəniyyətin, teatr sahəsinin inkişafında mühüm rol oynadığını bildirmişdir. Səfir Hüseyn Quliyev F.Səfərovu Səfirliyin Fəxri Fərmanı ilə təltif etmiş, ona Azərbaycan xalçası hədiyyə etmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi görkəmli rejissor Firudin Səfərova pul mükafatı da təqdim etmişdir.
Yubiley tədbirində Azərbaycan diasporası adından Daşkənddəki Respublika Mədəniyyət Mərkəzinin direktoru Mobil Məmmədov da təbrik çıxışını etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyevin və s. tanınmış şəxslərin təbrik məktubları oxunmuşdur.
Tədbirin bədii hissəsində Azərbaycan tərəfi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının və Azərbaycan xalq mahnılarından ibarət musiqilər iştirakçıların marağına səbəb olmuşdur.
Yubiley mərasimində Firudin Səfərovun səhnəyə qoyduğu bir sıra əsərlərdən “Leyli və Məcnun”, “Koroğlu”, “Karmen”, “Otello”, “Arşın mal alan” və s. tamaşalar nümayiş etdirildi.
Tədbirin sonunda yubiliyar çıxış edərək ona, onun sənətinə verilən qiymətə gösrə tamaşaçılara, Özbəkistan və Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirmişdir. Yubiliyarı tamaşaçılar öz alqışları ilə təbrik etmişlər.



Daşkənd Beynəlxalq Məktəbində Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə xalqların mədəniyyət bayramı keçirilmişdir.

Cari il 31 oktyabr tarixində Daşkənd Beynəlxalq Məktəbində Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə xalqların mədəniyyət bayramı keçirilmişdir.
Tədbirdə Daşkənddəki səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri, valideynlər, şagirdlər və jurnalistlər iştirak etmişlər.
Məktəbdə Azərbaycana aid otaqda Azərbaycan guşəsinin təşkilini Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi həyata keçirmişdir.
Əvvəl Azərbaycan haqqında sənədli film nümayiş etdirilmiş, ölkəmizin iqtisadi potensialı və mədəni həyatı haqqında məlumat verilmişdir.
Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın dövlət bayrağı, gerbi, dövlət himninin sözləri, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fotoşəkilləri, vətənimizin tarixi, mədəniyyəti, etnoqrafiyası, xalçaçılıq sənəti, turizm potensialını əks etdirən kitablar, broşür və disklər nümayiş etdirilmişdir.
Mədəniyyət bayramında müxtəlif xalqların mahnı və rəqsləri ifa olunmuşdur. Tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” ansamblının ifasında milli rəqslərimiz rəğbətlə qarşılanmışdır.
Xatırladırıq ki, Beynəlxalq Məktəbdə 40-dan artıq xalqın nümayəndəsi ingilis dilində təhsil alır.



Daşkənddə görkəmli şair, dramaturq və ədəbiyyatşünas Maqsud Şeyxzadənin 105 illiyi münasibətilə tədbir keçirilmişdir.

Cari il 31 oktyabr tarixində Daşkənddə görkəmli şair, dramaturq və ədəbiyyatşünas, Azərbaycan və Özbək xalqının böyük oğlu Maqsud Şeyxzadənin 105 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbir Özbəkistan Yazıçılar İttifaqı, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunmuşdur.

Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, tanınmış alimlər, şair və yazıçılar, universitetin professor-müəllim heyəti, tələbələr Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak etmişlər.

Daşkənd Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı İnamcon Azimov Maqsud Şeyxzadənin özbək ədəbiyyatındakı yeri və mövqeyi haqqında məruzə etmişdir.

O çıxışında Azərbaycan və Özbək xalqının böyük oğlu M.Şeyxzadənin ömrünün əsas hissəsinin indiki Nizami adına Pedaqoji Universitetdə elmi fəaliyyətə həsr etməsini və onun əsərlərinin Özbəkistanda məşhurlaşması haqqında danışmışdır. O, XX əsr Özbək ədəbiyyatının klassikləri sırasında Maqsud Şeyxzadənin də adının fəxrlə çəkildiyini bildirmişdir.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Maqsud Şeyxzadə - Azərbaycan – Özbəkistan dostluğu timsalında” məruzə ilə çıxış etmişdir.

O böyük alim Şeyxzadəni iki xalqın böyük oğlu adlandırmışdır. S.Abbasov Maqsud Şeyxzadə kimi şəxslərin fəaliyyətinin Özbəkistan – Azərbaycan dostluğunun möhkəmlənməsində xüsusi əhəmiyyət daşıdığını bildirdi.

M.Şeyzadənin yaradıcılığının Azərbaycanın tanınmış şairi Xəlil Rza Ulutürk tərəfindən araşdırıldığını və bu məqsədlə alimin yaradıcılığı haqqında monoqrafiya yazdığını bildirdi.

Natiq Azərbaycan dövləti tərəfindən böyük alim Maqsud Şeyxzadənin adının əbədiləşdirildiyini, onun doğulduğu Ağdaş rayonunda internat məktəbinə və küçəyə M.Şeyxzadənin adınin verildiyini qeyd etdi.

Qeyd edək ki, Özbəkistan dövləti də Maqsud Şeyxzadəyə ölümündən sonra Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanı ilə “Böyük xidmətlərə görə” ordeni ilə təltif etmişdir.

Universitetin prorektoru Odina Jamoldinova, professorlar Maruba Mirkasimova, Naim Karimov və başqaları böyük yazıçının həyat və fəaliyyəti haqqında danışmış, onu özbək ədəbiyyatının klassiki adlandırmışlar.

Ədibin tələbəsi olmuş professor Həmidcon Həmidi müəllimi haqqında xatirələrini söyləmişdir.
Tələbələr ədibin dram əsərlərindən Azərbaycan və Özbək dillərində parçalar göstərmiş, böyük yazıçı haqqında çəkilmiş sənədli filmdən epizodlar nümayiş etdirilmişdir.

1928-ci ildə Daşkəndə sürgün olunan tanınmış soydaşımız ömrünün axırınadək burada yaşamışdır. Ədibin “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” faciələri, “Daşkəndnamə”, “Ağsaqqal” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Daşkənddə onun altıcildlik seçilmiş əsərləri çap olunmuşdur.

Maqsud Şeyxzadə Nizami, Füzuli, M.F.Axundzadə, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza kimi Azərbaycan klassiklərinin əsərlərini özbək dilinə tərcümə etmişdir. Özbəkistanın Xalq Yazıçısı Şükrulla M.Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırmışdır.

Ədibin 100 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd olunmuşdur.



Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbirdə diplomatlar, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Özbəkistanda mədəniyyət sahəsində tanınmış şəxslər, Daşkənddəki ali və orta məktəblərin müəllim və tələbə heyəti, Azərbaycan diasporasının nümayəndələri, KİV nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan Mədəniyyət Mərkəzinin qarşıındakı büstün önünə əklil və tər çiçəklər qoyması ilə başlanmışdır. Daha sonra Azərbaycan və Özbəkistanın Dövlət himnləri səslənmişdir.
Bayram tədbirini Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq, iştirakçıları Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik etmişdir. S.Abbasov 1918-20-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olaraq 1991-ci ildə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının keçdiyi çətin və şərəfli yoldan danışmışdır.
O, çıxışında Azərbaycan xaqının ümummilli lideri Heydər Əliyevin fikrlərindən sitat gətirərək qeyd etmişdir: "Hər bir xalq üçün onun dövlət müstəqilliyini əldə etməsi tarixi bir nemətdir". O, Azərbaycan prezidenti İlham Əliyevin “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır” fikrini xatırladaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması yolunda misilsiz xidmətlərini xüsusi vurğulamışdır.
Daha sonra təbrik çıxışı ilə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Pedqoji Universitetin professoru Erkin Nuriddinov və Özbəkistan Milli Kulinariya Assosiasiyasının rəhbəri Sünətulla Süleymanov çıxış etmişlər.
Tədbirin bədii hissəsi Özbəkistanın tanınmış müğənniləri, “Nixol” Dövlət mükafatının laeratı İsrail Saidumarov, Abdulmalik Tatlı, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs kollektivinin çıxışları iştirakçıların böyük marağına səbəb oldu. Özbək müğənnilərinin Azərbaycan musiqisindən məşhur mahnıları ifa etməsi tamaşaçıların alqışları ilə qarşılandı.
Tədbirdə hər bir iştirakçıya hədiyyə olaraq kiçik Azərbaycan və Özbəkistan dövlət bayraqları paylanıldı.
Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistan dostluğu, habelə Azərbaycan mədəniyyətinin Özbəkistanda təbliğinə görə Özbəkistanın tanınmış müğənniləri, “Nixol” Dövlət mükafatının laeratı İsrail Saidumarova, tanınmış müğənni Abdulmalik Tatlıya və Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs kollektivinin bədii rəhbəri, əməkdar artist Kökəb Əliyevaya Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri Fərmanı və pul mükafatını təqdim etdi.



Müqəddəs Qurban bayramı münasibətilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində qurbanlar kəsilmişdir.



Müqəddəs Qurban bayramı münasibətilə cari il 15 oktyabr tarixind' Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Tezikovka qəsəbəsində yaşayan 70 imkansız ailəyə sovqat paylanmışdır.

Qeyd edə ki, Daşkənddəki azərbaycanlıların əksəriyyəti Tezikovka qəsəbəsində yaşayır.

Bununla əlaqədar Mərkəzin əməkdaşları əvvəlcədən bu qəsəbədə yaşayan imkansız azərbaycanlı, özbək, tatar və rus ailələrinin siyahısını hazırlamışdır.

Bu gün isə onlara bayram sovqatları təqdim edilmişdir. Tək yaşayanlara və əlillərə qurban payından əlavə digər ərzaq məhsulları da verilmişdir.



Azərbaycan nümayəndəsi Daşkənddə “Turizm infrastrukturunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi şəraitində ekoturizmin rolunun yüksəldilməsi” mövzusunda konfransda çıxış etmişdir



Cari il 9 oktyabr tarixində“Özbəkturizm” Milli Şirkətinin və Daşkənd Dövlət İqtisadiyyat Universitetinin birgə təşkilatçılığı ilə “Turizm infrastrukturunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi şəraitində ekoturizmin rolunun yüksəldilməsi” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə deyilmişdir ki, Özbəkistanda ekoturizmin inkişafına xüsusi diqqət verilir, bu sahənin potensialı durmadan artır. Eyni zamanda, bu istiqamətdə təşkilati-hüquqi, sosial-iqtisadi amillər təkmilləşdirilir.
Tədbirdə Malayziya, Türkiyə, İndoneziya səfirləri, “Özbəkturizm” təşkilatının rəhbəri ölkələrinin turizm potensialları, bu sahədə əldə etdikləri nailiyyətlər, habelə turizm sahəsində öz təcrübələri haqda məruzə ilə çıxış etmişlər.
Azərbaycan nümayəndəsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov konfransda Azərbaycanın turizm potensialı, ölkəmizdə ekoturizmin inkişafı sahəsində görülən işlərlə əlaqədar məruzə ilə çıxış etmişdir. O, öz məruzəsində ölkənin regionlarında yeni-yeni turizm obyektlərinin, mehmanxanalarının tikilməsini və turizm sənayesində qısa müddətdə əldə edilən böyük uğurlar haqqında danışmışdır.
S.Abbasov Azərbaycan dövlətinin turizm sahəsinə dəstəyini qeyd edərək Azərbaycanın turizm potensialı, yer kürəsindəki 11 iqlim qurşağının 9-nun məhz Azərbaycanda mövcud olması, Azərbaycanın füsunkar təbiətinin, Xəzər dənizinin sahilində gözəl çimərliklərinin, müalicəvi Naftalan nefti və burada dünya standartlarına uyğun yaradılmış şərait, “Şahdağ” qış-yay turizm kompleksi, ölkəmizdəki tarixi abidələr haqqında ətraflı söhbət açmışdır. Samir Abbasov çıxışının sonunda Beynəlxalq Turizm Təşkilatının rəhbəri Tələb Rifahidən sitatı ilə tamamlamışdır: “Azərbaycan turizm sahəsində parlayan ulduzdur”.
Məruzə ilə yanaşı Azərbaycanın turizm potensialına dair video material nümayiş etdirilmişdir.
Samir Abbasov çıxışında Qeyd edək ki, S.Abbasovun məruzəsi konfransın materialları mövzusunda nəşr edilmişdir.

Dünya Turizm Təşkilatının dəstəyi, "Özbəkturizm" Milli Şirkəti (MŞ) və "Böyük İpək Yolu" Reklam Agentliyinin təşkilatçılığı ilə Daşkənddə "Böyük İpək Yolu ilə turizm" 19-cu Beynəlxalq Turizm Yarmarkası öz işinə başlayıb.

Tədbirdə Azərbaycan da daxil olmaqla dünyanın 40-dan artıq ölkəsindən gəlmiş turizm şirkət və firmaları, mehmanxana biznesi sahəsinin mütəxəssisləri, dövlət strukturlarının nümayəndələri iştirak edir.
Ölkəmizi bu yarmarkada Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov və sektorun məsləhətçisi Cəmil Kəlbəliyev təmsil edirlər.
Yarmarkanın açılış mərasimində "Özbəkturizm" MŞ-nın rəhbəri Fərrux Rizaev, Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Bəxtiyar Abdusamadov və DTT-nin icraçı direktoru Zoltan Şomoqi bildirmişlər ki, Özbəkistanın qədim Səmərqənd, Buxara, Xivə və Şəhrisabz şəhərləri UNESCO-nun Mədəni İrs Siyahısına salınmışdır və bu şəhərlərdə 4 mindən artıq tarixi və mədəni abidələr mövcuddur.
Qeyd edilmişdir ki, bu gün Özbəkistanda 800-dən artıq turizm təşkilatı, o cümlədən 500 mehmanxana fəaliyyət göstərir.
Azərbaycan üçün ayrılmış pavilyonda dövlətimizin bayrağı, ölkəmizin turizm potensialını əks etdirən reklam-çap materialları, müxtəlif kitab və broşurlar, suvenirlər, milli musiqi alətləri nümayiş etdirilir, iştirakçılara reklam-çap materialları paylanır.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azəri qızları" uşaq rəqs ansamblının üzvlərinin və "Azərbaycanım" musiqi qrupunun çıxışı iştirakçıların böyük marağına səbəb olmuşdur. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan milli yeməkləri və şirniyyatlarını iştirakçılara təqdim etmişdir. Turizm yarmarkası 3 gün davam edəcək.



Yazıçı-publisist Yunus Oğuzun Daşkənddə özbək dilində çap edilmiş “Əmir Teymur” romanının təqdimatı keçirilmişdir.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Daşkənddə özbək dilində nəşr edilmiş “Əmir Teymur” romanının təqdimat mərasimi keçirilmişdir.
Kitabı Özbək dilinə tərcümə edən şair və tərcüməçi Usman Kuçkardır. Qeyd edək ki, o, mütəmadi olaraq Azərbaycan ədəbiyyatından Özbək dilinə tərcümələr edir və ədəbiyyatımızı Özbəkistanda təbliğ edir.
Tədbirdə Özbəkistanın ədəbiyyat və mədəniyyət sahəsində çalışan mütəxəssislər, ədəbiyyatşünaslar, Teymurşünaslar, Daşkənddəki ali, orta məktəblərin tələbə və şagirdləri, azərbaycanlılar, KİV nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzin binasının qarşısındakı abidəsi önünə çiçək dəstələri düzmüşlər.
Daha sonar tədbir İştirakçıları böyük sərkərdə Əmir Teymurun paytaxtın mərkəzindəki abidəsi önünə əklil və çiçəklər qoymuşlar.
Təqdimat mərasimini Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov giriş sözü ilə açaraq Yunus Oğuzun həyat və yaradıcılığı, o cümlədən “Əmir Teymur” romanı haqqında ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, indiyədək Yunus Oğuzun “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah” və “Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları işıq üzü görmüşdür. 2010-cu ildə “Nadir şah”, “Təhmasib şah”, “Atilla” və “Qədim türklər və rasionallıq nəzəriyyəsi” kitabları Türkiyədə böyük tirajla çap olunmuşdur. Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin bu kimi layihələrə dəstək durduğunu və iki dost xalqın müştərək mədəniyyəti, ədəbiyyatı, incəsənətinə dair tədbirlərin, nəşrlərin davam etdiriləcəyini bildirmişdir.
Filologiya elmləri namizədi Qulbaxor Aşurova “Əmir Teymur” romanının gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyəti haqqında ətraflı söhbət açmışdır.
Jurnalist, Özbək mətbuatının aparıcı qəzeti “Dərəxçi”nin baş redaktoru Rüstəm Cabbarov “Əmir Teymur və Azərbaycan” mövzusu ətrafında məlumat vermişdir. O çıxışının bir hissəsini Azərbaycanca etmişdir.
Tarix elmləri namizədi Qəhrəman Rəcəbov, filologiya elmləri namizədi Sultanmurad Olim, şərqşünas alim Qulam Kərimli, özbək dilində nəşr edilmiş “Caxon adabiyyatı” jurnalının baş redaktoru Şuxrat Rzayev və başqaları Əmir Teymuru dövlət başçısı, sərkərdə və şəxsiyyət kimi təhlil etmiş, Azərbaycan ilə Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən ədəbi əlaqələr sahəsində əməkdaşlığın bugünkü inkişaf səviyyəsindən danışmışlar. Kitabın müəllifi Yunus Oğuz tədbirin sonunda çıxış edərək əsər üzərindəki işi, 33 illik hakimiyyəti dövründə bir yürüşü belə uduzmayan Əmir Teymurun qəhrəmanlığı haqqında danışmışdır. O, qeyd etmişdir ki, Əmir Teymuru bütün türkdilli xalqların ortaq qəhrəmanıdır və onu dünyaya sevdirməliyik. Yunus Oğuz əsərin Özbəkistanda nəşr edilməsində əməyi olanlara təşəkkür etmişdir.
Tədbirin sonunda müəllifin kitablara imzaqoyma mərasimi olmuş və iştirakçılara “Əmir Teymur” romanı, habelə Azərbaycanla bağlı kitablar hədiyyə edilmişdir.





Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası