2016-ci il xəbərləri Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2016



AZƏRBAYCANDA 2016-CI İLDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ SƏRGİ VƏ KONFRANSLAR DAXİL OL

Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib



(30.12.2016) Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) ilə birgə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.
Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan şənlikdə 150-dən çox azərbaycanlı uşaq və onların valideynləri iştirak edib.
AMM-in direktoru Samir Abbasov uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara xoşbəxtlik, dərslərində əlaçı olmağı, valideynlərinə sevinc və şadlıq bəxş etmələrini arzulayıb.
RAMMM-in icraçı direktoru Firdovsi Hüseynov da xoş arzularını çatdırıb, təmsil etdiyi qurumun işi haqqında məlumat verib.
Sonra bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız və cizgi filmlərinin qəhrəmanları uşaqları əyləndiriblər.
Şənlikdə mahnı, şeir və rəqs yarışmaları keçirilib, qaliblərə hədiyyələr verilib.
Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Şənliyin sonunda Şaxta baba və Qar qız uşaqlara Yeni il hədiyyəsi veriblər.

Daşkənddə dünya azərbaycanlıların həmrəylik günü və yeni il bayramına həsr olunmuş bayram tədbiri keçirilib, 2016-cı ildə ölkəmizi təbliğ edən jurnalistlər və ictimaiyyət nümayəndələri mükafatlandırılıb.



(28.12.2016) Özbəkistanda dünya azərbaycanlıların həmrəylik günü və yeni il bayramına həsr olunmuş tədbirdə ilin yekunları ilə əlaqədar iki ölkə arasında dostluğun möhkəmlənməsi, Azərbaycan mədəniyyətinin, turizminin fəal təbliğatçıları Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin xüsusi mükafatlarına layiq görülüblər.
2013-cü ildən Özbək mətbuatında Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsi elan olunub və hər il müsabiqəyə təqdim olunan məqalələr xüsusi mükafata layiq görülür. Müsabiqə Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək mətbuatında Azərbaycan mövzusunun daim gündəmdə saxlanılması, ölkəmizin tanıdılması, təbliği məqsədi ilə keçirilir.
Müsabiqə çərçivəsində ölkəmizin tarixi, mədəniyyəti, turizmi ilə yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin Azərbaycan mədəniyyətinin saxtalaşdırılması sahəsində fəaliyyətlərinə dair çoxsaylı məqalələr verilib.
Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə diplomatlar, Özbəkistanın nüfuzlu şəxsləri, mətbuat nümayəndələri, tanınmış soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev qonaqları bayram münasibəti ilə təbrik edib, iki ölkə arasında dostluq əlaqələrinin inkişafından danışıb.
Səfir Müsabiqəyə bir neçə nominasiyalar üzrə Özbək mətbuatında dərc olunan məqalələrin təqdim olunduğunu, mədəniyyət, mətbuat və ictimaiyyət arasında tanınmış, nüfuzlu şəxslərdən ibarət Müsabiqənin Münsiflər Heyətinin məqalələrə baxaraq ona yekun qiymət verdiyini qeyd edib.
Qeyd edək ki, 2016-cı il üçün elan olunmuş müsabiqədə "Azərbaycanda turizm", "multikulturalizmin və tolerantlığın Azərbaycan modeli", "Azərbaycan və Özbəkistan Böyük İpək yolu ilə" adlı nominasiyalar üzrə Özbək jurnalistlər Səfirlik və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanları və pul mükafatları ilə təltif ediliblər.
Tədbirdə qaliblərin mükafatlandırma mərasimi keçirilib. Azərbaycanda turizm nominasiyası üzrə "Şəki Azərbaycanın qədim diyarı, tarixi memarlıq qoruğudur" adlı məqalənin müəllifi Özbəkistanın "kultura.uz" saytının baş redaktoru jurnalist Boris Babayevə, ikinci mükafat Naxçıvanın qədim tarixi haqqında yazılmış məqalənin müəllifi jurnalist Sabanina Yuliya Vladimirovnaya, üçüncü mükafat isə Azərbaycanın sağlamlıq turizmi haqqında məqaləsinə görə jurnalist Luiza Maxmudovaya təqdim edilibdir.
“Multikultiralizmin və tolerantlığın Azərbaycan modeli” nominasiyası üzrə birinci mükafat "uzbekistan today" jurnalının baş redaktoru, jurnalist Dilbar Babacanovaya təqdim edilib. Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, tarixçi - alim Erkin Nuriddinov isə "Azərbaycan multikultiralizm ənənələrin inkişafı yolunda parlayan simvoldur" adlı məqaləsinə görə Münsiflər Heyətinin xüsusi mükafatına layiq görülüb. Özbək mətbuatında 2016-cı ildə “Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan - sayt nominasiyasında “tnews.uz”, aparıcı siyasi-analitik xəbər saytları “kun.uz” və “sharh.uz” mükafatlar təqdim edilib. 2016-cı ilin Azərbaycanla bağlı nəşr olunmuş ən yaxşı kitab nominasiyasına görə Özbək tarixçi - araşdırmaçı Şuxrat Salamovun "Карабах: Война идей" kitabı və filoloq Saodat Muxammadovanın "Müasir Azərbaycan və Özbək ədəbiyyatının xüsusiyyətləri kitabları layiq görülrüb. Özbəkistanda Azərbaycanı, ölkəmizin mədəniyyətini fəal təbliğ edən və öz fəaliyyətləri ilə iki ölkə arasında dostluğun möhkəmlənməsinə xidmət edən soydaşlarımız da mükafatlandırılıblar.
Azərbaycan və Özbəkistanın xalq artisti, tanınmış opera rejissoru Firudin Səfərov, azərbaycanlı kinorejissor, operator Eldar Məmmədov ilin ən fəal azərbaycanlıları kimi təltif ediliblər.
Çıxış edən jurnalistlər və soydaşlarımız onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, Azərbaycan Səfirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürlərini bildiriblər.
Tədbirin bədii hissəində Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan və Özbəkistanın xalq mahnılarını ifa etmiş, bayram şənliyi müxtəlif musiqi nömrələri ilə davam edib.

Daşkənddə Ulu öndər Heydər Əliyevin anım günü geniş qeyd olunub.



(12.12.2016) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yerləşən ulu öndərin büstünün qarşısına gül-çiçəklər düzülmüşdür. Mərkəzin foyesində "Ulu öndər Heydər Əliyev fotoşəkillərdə" adlı fotosərgiyə baxış keçirilib.
Daha sonra Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzi Özbəkistanın "Türküstan" Respublika Sarayında Daşkəndəki internet evlərinin uşaqları üçün keçirilən xeyriyyə festivalına qoşulmuşlar.
Azərbaycan tərəfi xeyriyyə festivalında builki iştirakını ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edib və Festivalın rəsmi sponsoru olub.
Tədbirdə Daşkənd Şəhər Hakimiyyətinin nümayəndəsi Olimbay Muxamedov çıxış edərək şəhərdə fəaliyyət göstərən onlarla internat evinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları üçün təşkil olunan tədbirin əhəmiyyətindən danışaraq, gələcək nəsillər olan uşaqlara qayğının vacib olduğunu qeyd etdi, xeyriyyə festivalına qoşulan bütün təşkilatlara, o cümlədən Azərbaycan tərəfinə öz təşəkkürünü bildirdi.
Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev uşaqlara Azərbaycan-Özbəkistan dostluğu haqqında danışaraq, liderlərimiz Heydər Əliyev və İslam Kərimovun əsasını qoyduqları dostluğumuzun əbədi olacağına inandığını qeyd etdi.
Səfir hər bir xalqın gələcəyi olan uşaqları qorumaq, onlara yüksək qayğı göstərmək, yaxşı təhsil verməklə cəmiyyət üçün faydalı vətəndaş yetişdirməyin mümkün olduğunu söylədi.
Daha sonra Festivalda Daşkənddəki İnternat evlərinin fiziki qüsurlu uşaqları maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Onlar bir sıra özbək və dünya musiqilərini və rəqslərini ifa ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblı, habelə uşaq ansamblı milli rəqslərimizi ifa etdilər.
Tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və İnternet məktəblərinə Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.
Daşkənddəki "Turon" sarayında uşaqlara nahar və sovqatlar verilib.

Daşkənddə "Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi keçirilib.



(25.11.2016) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənddə "Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi keçirilib.
Tədbir Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Azərbaycandakı "Region Gənclərinin İnkişafina Töhfə" İctimai Birliyinin, habelə Özbəkistandakı "MUMTOZ" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Mədəniyyət Mərkəzinin foyesində təşkil edilən sərgidə Azərbaycan uşaqlarının qardaş Özbəkistan haqqında yaratdığı rəsm əsərləri nümayiş etdirilmişdir. Rəsmlərdə Azərbaycan uşaqları əsasən Özbəkistanın mədəniyyəti, tarixi, abidələri, ədət və ənənələrinə dair çəkdikləri rəsmlər öz əksini tapmışdır.
Qeyd edək ki, bununla əlaqədar Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Müsabiqə elan olunmuş, Müsabiqənin Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilən işlər Daşkənddə keçiriləcək sərgiyə gətirilib.
Sərgi çərçivəsində hazırlanan sərgidə Özbək uşaqlarına Azərbaycan mədəniyyətini, milli xalçalar, kəlağayılar, habelə milli musiqi alətlərimiz nümayiş etdirilib.
Sərginin açılışında çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəsm sərgisinin keçirilməsinin əsas məqsədi iki ölkənin yeniyetmə və gəncləri arasında əlaqələrin və təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu qeyd etmiş, layihəyə 2013-cü ildən start verildiyini qeyd edib. O, həm Özbəkistan uşaqlarının, həm də Azərbaycan uşaqlarının bu layihəyə fəal qoşulduqlarını və layihə çərçivəsində gözəl rəsmlər yaratdıqlarını söyləyib.
Tədbirdə çıxış edən "Region Gənclərinin İnkişafina Töhfə" İctimai Birliyinin sədri İlkin Əliyev Özbəkistan və Azərbaycan gəncləri arasında dostluq əlaqələrindən danışdı, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Azərbaycandakı, Özbəkistandakı Qlier adına ixtisaslaşmış musiqi akademik liseyinin direktor müavini Raxmatulla Nurullayev iki xalq arasındakı mədəni-ədəbi əlaqələrdən danışaraq gələcək nəsillərimiz olan yeniyetmə və gənclərə ölkələrimizi, dostluğumuzu təbliğ etmək, istedadların üzə çıxarılmasında layihənin əhəmiyyətindən danışıblar.
Daha sonra Daşkənddəki Qlier adına ixtisaslaşmış musiqi akademik liseyinin şagirdləri Azərbaycan və Özbək bəstəkarlarının əsərlərini ifa edib, Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizlə çıxış etmişlər.

Özbəkistan Dövlət Tarix Muzeyində "Azərbaycan pavilyonu"nun açılışı olmuşdur.



(11.11.2016) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycan Səfirliyinin dəstəyi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində "Azərbaycan pavilyonu"nun açılışı olub.
"Azərbaycan pavilyonu"nun açılışında bu ölkənin elm, təhsil, mədəniyyət sahəsi üzrə tanınmış şəxsləri, ictimaiyyət nümayəndələri, jurnalistlər, Daşkənddəki azərbaycanlılar, Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova Azərbaycanın Özbəkistan üçün böyük əhəmiyyət daşıdığını və iki xalq arasında dil, mədəniyyət, din, adət və ənənələr və başqa sahələrdə bağlılığın, oxşarlığın çox olduğunu qeyd etdi.
Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən pavilyonun əhəmiyyətindən danışaraq, guşədə Azərbaycanın zəngin dövlətçiliyi, tarixi, mədəniyyəti, füsunkar təbiəti, adət və ənənələri, turizm resurslarını nümayiş etdiriləcəyini qeyd etdi. O, Sərgidə qardaş özbəklərin Qafqazın ən gözəl ölkəsi olan Azərbaycanın bütün sahələri ilə yaxından tanış olmaq imkanı əldə edə biləcəklərini vurğuladı.
Çıxış edən digər natiqlər Özbəkistan Milli Elmlər Akademiyasının təmsilçisi Şerzod Curayev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki xalq arasında tarixi dostluq, qohumluq əlaqələri, barədə danışaraq, sərginin təşkilatçısı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürlərini bildirdilər.
Açılış mərasimində Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan mahnılarını oxumuş,
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamlı milli rəqslərimizi ifa ediblər.
Daha sonra sərginin rəsmi açılışı olmuşdur. Açılışda iştirakçılar "Azərbaycan pavilyonu" ilə tanış oldular, onlara milli mədəni irsimizə dair müxtəlif bölmələrdə nümayiş etdirilən eksponatlar haqqında məlumat verildi.
Qeyd edək ki, "Azərbaycan Qafqazın dürdanəsi" adlı pavilyonunda ölkəmizin tarixi, dövlətçiliyi, xəritələri, Azərbaycanın müxtəlif regionlarında ipəkdən və yundan hazırlanmış xalçalar, Azərbaycanın tarixi abidələrinin əsasında hazırlanmış maketlər, müxtəlif milli musiqi alətləri - tar, saz, qabal, balaban, zurna və s. nümayiş etildirilir. Pavilyonda Azərbaycanın Qarabağ diyarının milli qadın və kişi geyimləri, habelə ölkəmizin qədim tarixinə dair bir sıra muzey eksponatları sərgilənir.
Pavilyonda nümayiş etdirilən Azərbaycan kəndlisinin ənənəvi evi iştirakçıların böyük marağına səbəb olub. Azərbaycan evi milli ornamentlər əsasında hazırlanmışdır və evdə uşaq beşiyi, məişət əşyaları, jun əyirən cəhrə, çay süfrəsi, habelə Azərbaycan kəndlisinin istifadə etdiyi kənd təsərrüfatı alətləri, lavaş və çörək bişirilməsi üçün təndir iştirakçıların böyük marağına səbəb olub.
Sərgidə ikitərəfli əməkdaşlığa dair unikal kitablar, xəritələr, habelə ölkəmizin turizm resurslarına dair ayrıca bölmə yaradılmışdır. Bölmədə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində son zamanlar nəşr olunan kitablar, habelə hazırlanan ölkəmizin turizm resurslarına dair videoçarx nümayiş etdirilir.
Özbəkistan Dövlət Tarix Muzeyində yaradılan "Azərbaycan pavilyonu"nun cari il dekabrın
31-nə qədər fəaliyyət göstərəcəkdir və sonda ölkəmizin tarixinə və mədəniyyətində dair bir neçə eksponat Muzeyə bağışlanacaqdır.
"Azərbaycan pavilyonu" ilə Özbəkistanın Daşkənddəki Universitetlər, bir sıra orta məktəblərin tələb və şagirdləri, yaradıcı təşkilatların əməkdaşları, xarici ölkələrin səfirliklərinin diplomatlarının tanış olması nəzərdə tutulub.

Özbəkistanın "Mədəniyyət və Mərifət" telekanalında Azərbaycanın turizm imkanlarına dair videoçarxın nümayişinə başlanılıb.

Özbəkistanda Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2016-cı ildə Azərbaycanın turizm resurslarının Özbəkistanda təbliği, müalicəvi və istirahət turizm mərkəzlərinə dair çoxsaylı təqdimatlar keçirir.
Özbəkistan vətəndaşlarını, turistləri Azərbaycana cəlb etmək məqsədi ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan videoçarx Özbəkistan Dövlət Televiziyasının kanallarında nümayişinə start verilib.
Videoçarxda Azərbaycanın tanıtımı, Bakı şəhəri, onun görməli yerləri, tarixi "İçərişəhər", şəhərin arxitekturası, Bakı gecələri, dəniz mənzərəsi dənizkənarı Milli Park öz əksini tapmışdır. Videomaterialın musiqisində "Qarabağ şikəstəsi"dən istifadə olunub.
Material 31 oktyabr - 4 noyabr tarixlərində axşam saat 20:00-da Özbəkistanın "Mədəniyyət və Mərifət" telekanalında "Bugün" xəbərlər proqramı arasında nümayiş etdiriləcəkdir.
Qeyd edək ki, Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın turizm resursları, milli mətbəxinin təbliği yalnız keçirilən tədbirlər səviyyəsində deyil, hətta nəşr olunan kitablarda və Mərkəzin saytında da ictimaiyyətə geniş işıqlandırılır.
Ötən müddət ərzində aparılan təbliğatı işlər nəticəsində Özbəkistandan Azərbaycana gələn turistlərin sayında ad artım baş verib.
Mədəniyyət Mərkəzinin apardığı monitorinq nəticəsində Özbəklər əsasən Bakı şəhərinə səfər etməyi və Naftalan şəhərindəki müalicəvi turizm mərkəzlərində müalicə və istirahətə daha çox üstünlük verirlər.
Təbliğat işini daha da gücləndirmək məqsədi ilə bu il Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda keçirilən 22-ci Daşkənd Beynəlxalq Turizm Sərgi və Yarmarkasında Azərbaycanın turizm resurslarının təqdimatı təşkil olunub, Daşkənddə mərkəzi yollarda Azərbaycanın Naftalan müalicə mərkəzlərinə dair reklam löhvələri yerləşdirilib.

Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Ə.Nəvai adına Milli Kitabxanaya Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib.

(04.11.2016) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son illər Azərbaycana dair nəşr olunmuş kitablar Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasına hədiyyə edilib.
Sözügedən kitab kolleksiyasına 2015-2016-cı illərdə Mədəniyyət Mərkəzi tərəfindən özbəkcə nəşr olunmuş "Низомий Ганжавий "Хамса"" (tərcüməçi Olimcan Buriyev), "Низомий Ганжавий "Махзан ул - асрор"" (tərcüməçi Camal kamal), "М.Фузулий "Калб гавхари"", "Озарбайжон – Оловлар юрти", "Анaр "Мен, Сен, У ва телефон"", "Озарбайжоннинг маданий мероси.", "Türk dillerinde Bahtiyar Vahabzadenin 90 şiiri", "Особенности современной узбекской и азербайджанской поэзии", "Узбекистон оммавий ахборот воситаларида Озарбойжон мавзуси", "Ш.Саламов "Туркестан и Южный Кавказ XIX – XX вв. Дашнаки от Ферганы до Карабаха", "Карабах война идей" kitabları daxil edilmişdir.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə "Azərbaycanı tanıyaq", "Azərbaycan tarixi hər bir ölkədə" layihələri çərçivəsində hər il Özbəkistan kitabxanalarına Azərbaycana dair yüzlərlə kitab hədiyyə edilir.

Daşkənddə Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun “Sultan Alp Arslan” romanının təqdimatı olub.



(29.10.2016) Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki "Kitab aləmi" Ticarət və İnformasiya Cəmiyyətində (TİC) yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Daşkənddə özbək dilində çap edilən “Sultan Alp Arslan” romanının təqdimat mərasimi keçirilib.
Tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak edib.
Kitabı Azərbaycan dilindən özbək dilinə ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib.
U. Kuçkar mərasimi açaraq bildirilib ki, “Sultan Alp Arslan” əsəri müəllifin “Əmir Teymur”, “Şah arvadı və cadugər“ romanlarından sonra Daşkənddə özbək dilində çap olunan üçüncü romanıdır. O bu əsərlərinin tərcüməsi üzərindəki işindən danışıb, Yunus Oğuzla yaradıcı əməkdaşlığın davam edəcəyini bildirib.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Y.Oğuzun həyat və yaradıcılığı haqqında məlumat verib, qeyd olunub ki, dünyanın 22 ölkəsində yazıçının 44 kitabı çap olunub. Yunus Oğuz “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah”, “Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları ilə tanınır.
Daşkənddəki "Kitab aləmi" Ticarət və İnformasiya Cəmiyyətinin direktoru Şuhratcan Axundcanov Azərbaycan ilə Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən ədəbi əlaqələr sahəsində əməkdaşlığın bugünkü səviyyəsindən söhbət açıb. O qeyd edib ki, Mərkəzlərində “Azərbaycan guşəsi” yaradılacaq, bununla bağlı artıq Azərbaycan Mədəniyyət Mərkəzi ilə razılıq əldə edilib. İkitərəfli əlaqələrinin qurulması, Azərbaycan şair və yazıçılarının kitablarının "Kitab aləmi" TİC-də təqdimatlarının, imza günlərinin, müxtəlif görüşlərin keçirilməsi, onların kitablarının satışının təşkili fəaliyyətimizin əsas istiqamətidir.
Alim-tərcüməçi Babaxan Şərif, şair və tərcüməçi Mirpolat Mirzə, jurnalist Rüstəm Cabbarov, professor Səadət Muxammedova, “Özbəkistan-Azərbaycan” Dostluq Çəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, professor İbrahim Yuldaşev və başqaları Yunus Oğuzu təkcə Azərbaycanın deyil, türk dünyasının tanınmış yazıçısı, nadir tarixi romanlar müəllifi kimi xarakterizə ediblər.
Tədbirdə Y.Oğuz Özbəkistanda çap edilən əsərləri üzərindəki işindən danışıb, kitabların nəşrində əməyi olanlara təşəkkürünü bildirib, gələcək planları haqqında söhbət açıb.
AMM-nin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa edib.
Sonda “Sultan Alp Arslan” romanının imza mərasimi olub.

Daşkənddəki “Windham Tashkent” otelində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı bayram tədbiri keçirilib.



(22.10.2016) Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən səfirlər və digər diplomatlar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü haqqında məlumat verib. Səfir bildirib ki, Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik əldə edib. Əsrin əvvəllərində - 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Əsrin sonunda isə xalqımız yenidən öz müstəqilliyini bərpa edib. Azərbaycan Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Həmin il dekabrın 29-da ümumxalq səsverməsi keçirilib və xalqımız dövlət müstəqilliyinin lehinə səs verib.“Azərbaycanın və Özbəkistanın dövlət müstəqilliyi xalqlarımızın tarixi uğurudur”, - deyən səfir bildirib ki, bunu qorumaq hər birimizin müqəddəs borcudur.
Türkiyənin Özbəkistandakı səfiri Namik Güner Erpul çıxışında dünya şöhrətli siyasi xadim Heydər Əliyevin bu müdrik kəlamını xatırladıb: “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir”. O, Azərbaycanın son dövrlərdə böyük inkişaf yolu keçdiyini və Qafqazın lider dövlətinə çevrildiyini bildirib.Sonra səfir qonaqlara hədiyyələr təqdim edib.Tədbirdə Azərbaycanın iqtisadiyyatına, mədəniyyətinə, turizm potensialına, Bakının və regionların görməli yerlərinə, milli kulinariyaya dair videoçarx nümayiş olunub.Qonaqlara Azərbaycan milli yeməkləri və şirniyyatlar təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.

Daşkənddə fəaliyyət göstərən ingilisdilli Amerika Beynəlxalq Məktəbdə Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib.



(22.10.2016) Daşkənddə fəaliyyət göstərən ingilisdilli Amerika Beynəlxalq Məktəbində Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib.
Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər, mədəniyyət mərkəzləri iştirak edib, onlar üçün ayrılmış otaqlarda hər ölkə öz tarixi, mədəniyyəti, adət-ənənələrini təbliğ edən stend və sərgilər yaradıb.
Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Azərbaycan üçün ayrılmış otaqda dövlət bayrağımız, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafı, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilib.
Sərgidə Qarabağın milli qadın geyimləri, qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz tamaşaçılarda maraq doğurub. Festivalda Azərbaycanının mədəniyyəti, tarixi ilə əlaqədar videoçarx nümayiş etdirilib. Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif xalqları təmsil edən rəqs və musiqi qruplarının çıxışları da olub.

Daşkənddə Özbək dilinə dubliyaj olunmuş "Bəxt üzüyü" kinokomediyasının təqdimat mərasimi keçirilib.



(18.10.2016) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın "Bəxt üzüyü" kinokomediyası Özbək dilinə dubliyaj olunub.
Dünən kinokomediyanın Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət, kino sahəsində tanınmış nümayəndələri, "Özbəkkino" Milli Agentliyi, Özbəkistan Dövlət Televiziyasının nümayəndələri, yerli azərbaycanlılar, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzimizinin direktoru Samir Abbasov "Bəxt üzüyü" kinokomediyasının Özbək dilinə dubliyajı Azərbaycanın müstəqilliyinin əldə etməsinin 25 illiyinə həsr edildiyini qeyd etdi. O, bir sıra Azərbaycan filmlərinin Özbəkistanda məşhur olduğunu, "Arşın mal alan", "Əhməd haradadır", "Qaynana" filmlərinin Özbəkistan Dövlət Televiziyası tərəfindən hələ Sovet dövründə özbək dilinə dubliyaj olunduğunu bildirdi. Samir Abbasov drammaturq Vaqif Səmədoğlunun eyni adlı əsəri ilə ekranlaşdırılan "Bəxt üzüyü" kinokomediyası haqqında danışaraq, filmin həm komik, həm də fəlsəfi aspektdən düşündürücü olduğunu söylədi. Filmin digər Azərbaycan filmləri kimi qısa müddətdə Özbəkistanda seviləcəyinə inandığını söylədi.
"Bəxt üzüyü" kinokomediyasının Özbək dilinə dubliyajını həyata keçirən tanınmış rejissor-operator Eldar Məmmədov dubliyajda Özbəkistanın bir sıra xalq və əməkdar artistlərin iştirak etdiyini qeyd etdi və Azərbaycan filmlərinin Özbək dilinə dubliyaj edilərək Özbəkistan kanallarında nümayişinin onun ən böyük arzusu olduğunu bildirdi. Eldar Məmmədov onlara bu imkanın yaradılmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirdi.
Filmin ssenarisini Özbək dilinə tərcümə edən, tanınmış Özbək jurnalist Rüstəm Cabbarov, Özbəkistanın əməkdar artisti İsomat Erqaşov kinokomediyanın əsas sujetinin əsərin qəhrəmanı olan Saranın bəxt üzüyünün itməsi olduğunu, lakin drammaturq Vaqif Səmədoğlu yalnız, Saranın deyil, bütövlükdə cəmiyyətdə bir çox ailələlərin bəxtinin itməsini əsərin əsas sujetini təşkil etdiyini söylədilər.
Daha sonra Özbək dilinə dubliyaj olunmuş "Bəxt üzüyü" kinokomediyası nümayiş etdirildi. Film Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzimizin sifarşi ilə Daşkənddəki
"Ramsel film" studiyasında dubliyaj olunub. "Bəxt üzüyü" kinokomediyası çoxsaylı tamaşaçıların marağına və alqışlarına səbəb oldu.
Qeyd edək ki, film nümayiş etdirilmək məqsədi ilə Özbəkistanın Dövlət Televiziyasına və çoxsaylı televiziya kanallarına göndərilməsi nəzərdə tutulub.

Özbəkistanda "Mənim sevimli Özbək mətbəxim" adlı beynəlxalq festivalda Azərbaycan da təmsil olunub.



(15.10.2016) Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Mənim sevimli Özbək mətbəxim" adlı festival keçirilib.
Qeyd edək ki, festivalda Rusiya, İndoneiya, Çin, Azərbaycan, Qazaxıstan, ABŞ və s. ölkələr iştirak edib, öz guşələrini təqdim ediblər.
Tədbirdə iştirakçı ölkələr öz mətbəxləri, şirniyyatları ilə yanaşı bir özbək yeməyi hazırlamalı və bu yemək Münsiflər Heyəti tərəfindən sonda qiymətləndirilməli idi.
Əvvəlcə tədbirin rəsmi açılışı olmuş, bir sıra ənənəvi Özbək mahnıları ifa olunub.
Rəsmi açılışda çıxış edən Özbəkistan xarici işlər nazirinin müavini Abduraxim Xocayev tədbirin Özbəkistanın müstəqilliyinin əldə etməsinin 25 illiyinə həsr edildiyini və əsas məqsədin ölkənin milli mətbəxinin təbliğ edilməsi olduğunu qeyd etdi. O, tədbirdə iştirakçı ölkələrin öz mətbəxlərini nümayiş etdirmək üçün əlavə imkan qazandıqlarını söylədi.
Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi festivalda Azərbaycan guşəsini yaradıb və guşə iştirakçıların marağına səbəb olub. Guşədə milli mətbəximizi özündə əks etdirən özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb.
İştirakçılar Azərbaycan milli mətbəximizə aid dolma, çığırtma, kükü, habelə şəkəbura, paxlava və s. şirniyyatlara qonaq ediliblər.
Milli stendimizdə Özbək milli mətbəxinə aid "Gülxanım" yeməyi hazırlanıb. Azərbaycan təmsilçiləri tərəfindən hazırlanan Özbək yeməyi iştirakçıların böyük marağına səbəb olub.
Festivalın sonunda mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Rusiya, Azərbaycan, İndoneziya səfirliklərinin nəticələri yüksək qiymətləndirilib və birinci mükafata layiq görülüb.
Mükafat Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyevə təqdim edilib.
Festivalda Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Daşkənddə Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Sirlər xəzinəsi" kitabının təqdimatı keçirilib.



(10.10.2016) Özbəkistanın Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi, söz ustadı Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Sirlər xəzinəsi" kitabının təqdimatı keçirilib.
Özbək dilində "Maxzan ul-asror" adlanan kitab Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə "Kamalak" nəşriyyatında çap olunub.
Kitabı orjinaldan Özbək dilinə Özbəkistanın xalq şairi Camal Kamal çevirib. Kitabın redaktoru filologiya elmləri doktoru Erqaş Oçilovdur.
Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində keçirilən təqdimat mərasimində Özbəkistanın ədəbiyyat sahəsində tanınmış simaları, elm, təhsil müəssisələrinin nümayəndələri, sözügedən Universitetin müəllim və tələbələri, Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin prorektoru, professor Abulxay Sabirov Azərbaycan xalqının yetirdiyi ən böyük düha olan Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda böyük maraq və sevgi olduğunu, Özbək xalqının iftixarı Əlişir Nəvainin Nizamini öz ustadı saydığını və Nizamidən ilhamlanaraq "Xəmsə" əsərini yaratdığını bildirib. O, Nizamini dünyanın heç bir şairi ilə müqayisə etməyin qeyri-mümkün olduğunu çıxışında qeyd etdi. Özbəkistan dövlətinin Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirildiyini, Daşkənddəki Dövlət Pedaqoji Universitetinə şairin adının verilməsi, sözügedən Universitetin qarşısında Nizaminin büstünün qoyulması və şairin yaradıcılığının araşdırılmasına dair elmi işlərin həyata keçirilməsini yüksək qiymətləndirdi.
Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kiatbın Nizami Gəncəvinin 875 illik yubileyi ərəfəsində şairin yaradıcılığına bir töhvə olduğunu və Özbək oxucuları tərəfindən maraqla qarşılanacağna inandığını qeyd etdi. O, Camal Kamalın tərcüməsinin bir kitab kimi yüksək qiymətləndirdiyini, bu əsərin bir kitab abidəsi olduğunu söylədi.
Samir Abbasov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nizami Gəncəvi barəsində fikirlərindən sitat gətirərək qeyd etdi ki, "Nizami elə böyük bir şəxsiyyət, elə böyük dahidir ki, onun doğum gününü on ildən, beş ildən bir deyil, hər il qeyd etmək zəruridir.
Daha sonra əsərin tərcüməçisi Özbəkistanın xalq şairi Camal Kamal çıxış etdi. Azərbaycana böyük sevgisinin olduğunu qeyd edən şair Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ilə yaxından dostluq etdiyini və ölkəmizə səfərini, azərbaycanlı dostları ilə görüşlərini gözəl xatirələrlə andığını qeyd etdi.
Camal Kamal Azərbaycan ədəbiyyatını Şərqin ən zəngin, ən möhtəşəm ədəbiyyatı adlandırdı, məhz dünya ədəbiyyatının nümayəndələri həmişə Nizamidən, Füzulidən və b. simalardan ilham aldıqlarını öz çıxışında qeyd etdi. O, Nizami Gəncəvinin əsərlərindən bir sıra şeirlər də söylədi.
Ona bu arzusunu gerçəkləşdirməkdə, Nizaminin əsərlərinin çapında göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirdi.
Təqdimat mərasimində digər çıxış edən filologiya elmləri doktorları Erqaş Oçilov, Gülbahar Aşurova, tərcüman-alim Usman Kuçkar Özbək-Azərbaycan ədəbi əlaqələri, qədim və müasir dövrlər, Sovet və müstəqillik dövründə Azərbaycan və Özbək ədəbiyyatına nəzər saldılar, Özbəkistanda Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, musiqisinə olan marağı heç bir ölkə ilə müqayisə etməyin qeyri-mümkün olduğunu qeyd etdilər. Onlar Nizami Gəncəvinin "Maxzan ul-asror" adl kitabının Özbəkistan kitabxanalarına, ali məktəblərinə, tədris müəssisələrinə hədiyyə olunması yüksək qiymətləndirdilər.
Qeyd edək ki, Nizami Gəncəvinin bütün əsərlərinin - "Xəmsə"sinin özbək dilinə tərcüməsinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə xalq şairi Camal Kamal arasında 2015-ci ilin dekabrında razılıq əldə edilmiş və razılığa görə 2018-ci ilə qədər bu işlər tamamlanmalıdır.

Özbək müğənni Xursənd Şerov Azərbaycanda Müslüm Maqomayevin anım günündə iştirak məqsədi ilə velosiped turuna başlamışdır.



(09.10.2016) Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycanın xalq artisti Müslüm Maqomayevə həsr olunmuş tədbir keçirilib.
Qeyd edək ki, tədbirdə Özbəkistanın sənətçiləri, yerli azərbaycanlılar, Müslümsevərlər, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədbir çərçivəsində Özbək müğənni, Müslüm Maqomayevin pərəstişkarı Xursənd Şerovun korifey sənətçi, Azərbaycan xalqının iftixarı, Azərbaycanı bütün dünyada tanıdan Müslüm Maqomayev haqqında musiqilərinin ifa olunacağını və tədbirdən sonra Xursənd Şerovun velosipedlə Azərbaycana yola salınma mərasiminin keçiriləcəyini qeyd edib. O, Xursənd Şerovun Azərbaycan turundan öncə velosipedlə Qazaxıstan, Rusiya, habelə Çinə səyahət etdiyini və bu turlarını dahi Müslüm Maqomayevin xatirəsinə həsr etdiyini bildirdi.
Xursənd Şerov Azərbaycan mədəniyyətini, musiqisini təbliğində fəallığına görə o, Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri Fərmanı və xüsusi mükafatına layiq gpörüldü.
Daha sonra tədbirdə çıxış edən Özbək müğənni Xursənd Şerov ən böyük arzusunun Müslüm Maqomayevin ana vətəni Azərbaycana səfər etmək, cari il 25 oktyabr tarixində Bakıda Müslüm Maqomayevin anım günündə iştirak etmək, korifey sənətçinin məzarını ziyarət edərək onun mahnılarını ifa etmək olduğunu söylədi.
O, Azərbaycan Səfirliyinə və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinə Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş Azərbaycana velosiped turunun təşkilinə dair göstərilən dəstəyə görə minnətdarlığını bildirdi.
Tədbirdə Xursənd Şerovun dünya turuna çıxması, Özbəkistan-Azərbaycan dostluğunu, Azərbaycan musiqisinin təbliği ilə əlaqədar fəaliyyətinə dair video material nümayiş etdirildi.
Müğənni Xursənd Şerov tədbirdə dahi Müslüm Maqomayevin bir sıra mahnılarını "Azərbaycan", "Sənsiz", "Əziz Anam" mahnılarını ifa etdi, ifa tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılandı.
Tədbirin sonunda Özbək müğənni Xursənd Şerov Azərbaycan Mədəniyyət Mərkəzindən Azərbaycana velosipedlə yola salındı.
Qeyd edək ki, o, Səmərqənd, Buxara, Xivə kimi tarixi şəhərləri keçərək, Türkmənistana, oradan isə Xəzər dənizi vasitəsi ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə getməyi planlaşdırır. Azərbaycana tur zamanı Xursənd Şerov qədim tarixə malik olan Azərbaycan şəhərlərini də ziyarət edəcəkdir.

Daşkənddəki "Diydor teatr studiyası" tərəfindən Üzeyir hacıbəyovun "Arşın mal alan" operattası nümayiş etdirilmişdir.



(09.10.2016) Özbəkistanın və Orta Asiyanın ən böyük kitab satışı və informasiya Mərkəzi olan "Kitab aləmi" Cəmiyyətində Azərbaycanın dahi bəstəkarı Üzeyir hacıbəyovun "Arşın mal alan" operattası nümayiş etdirilib.
Operatta Özbəkteatr yaradıcı Mərkəzi və Daşkənddəki "Diydor rejissorluq və aktyorluq fəaliyyəti teatr studiyası" tərəfindən səhnələşdirilib. Tədbirə Azərbaycan Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təşkilati dəstək göstərib.
Tədbirin açılışında çıxış edən "Kitab aləmi" kitab satışı və informasiya Mərkəzinin direktoru Şuxratcon Axundcanov Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edib, məhz bu səbəbdən həyata keçirdikləri layihəyə ilk dəfə olaraq Azərbaycan əsəri ilə başladıqlarını qeyd etdi. O, tədbirdə Özbək dilində səhnəyə qoyulan "Arşın mal alan" operattasından müxtəlif səhnələrin nümayiş olunacağını bildirdi və gələcəkdə də Azərbaycan və Özbək mədəniyyətinin təbliğinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələr həyata keçirəcəklərini söylədi.
Daha sonra gənc və istedadlı sənətçilərin iştirakı ilə "Arşın mal alan" operattasından müxtəlif səhnələr nümayiş etdirilib.
Operattada duet və mahnılar, xor nömrələri ifa olunub, Əskərin və Gülçöhrənin ariyaları, “Gülçöhrə və Asya”, “Soltan bəy”, “Əskər və Süleyman” duetləri ifa olunubdur. Bir çox çıxışlar tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, “Arşın mal alan” tamaşası Özbəkistanda çox populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər paytaxt Daşkənddəki Opera Teatrında və Mukimi adına Dövlət Musiqili Dram Teatrında bir neçə dəfə tamaşaya qoyulub.
Azərbaycanın “Arşın mal alan” filmi Özbəkistan Dövlət Televiziyası tərəfindən Özbək dilinə dubliyaj olunaraq televiziya kanallarında tez-tez nümayiş olunur.
Tədbirdən sonra Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistanın "Kitab aləmi" Cəmiyyətin direktoru Şuxratcon Axundcanov arasında görüş keçirilmişdir. Görüşdə tərəflər arasında birgə əməkdaşlığa dair Memorandumun imzalanması, tədbirlərin keçirilməsi, hər iki ölkənin nəşriyyatları, kitab satışı mərkəzləri arasında əlaqələrin yaradılması, "Kitab aləmi" Mərkəzində azərbaycanı müəlifləri kitarının təqdimaını,olar görş, imza günləriin keçirilməsi razılaşdırılmışdır.

Daşkənd Dövlət İqtisadiyyat Universitetində "Xidmət sektoru və turizm: problemlər və perspektivlər" adlı konfransda Azərbaycan təmsil olunub.



Cari il 6 oktyabr tarixində Daşkənd Dövlət İqtisadiyyat Universitetində Özbəkistanda keçirilən 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkası çərçivəsində "Xidmət sektoru və turizm: problemlər və perspektivlər" adlı konfrans keçirilib.
Qeyd edək ki, Daşkənd Dövlət İqtisadiyyat Universitetində turizmin müxtəlif sahələrinə dair fakültələr fəaliyyət göstərir.
Konfrans "Özbəkturizm" Milli Agentliyi, Özbəkistan Təhsil Nazirliyinin birgə dəstəyi ilə təşkil edilib.
Tədbirin açılışında giriş sözü ilə çıxış edən Özbəkistan Təhsil Naziri Rüstəm Kasımov, "Özbəkturizm" Milli Agentliyinin rəhbəri Fərrux Rizayev Özbəkistanda turizm sahəsində təhsil, ölkədə son illər əldə edilmiş nailiyyətlər, problemlər, regionlarda həyata keçirilən tədbirlər barədə danışaraq, bu sahədə mövcud problemləri və perspektivləri ekspertlərin müzakirəsinə təqdim ediblər.
Tədbirdə Azərbaycan, Fransa, Hindistan Səfirliklərinin, habelə Cənubi Koreya, Tailandın turizm sahəsi üzrə təmsilçiləri məruzələrlə çıxış etmiş, ölkələrinin turizm sahəsində əldə etdiyi nailiyyətlər, Özbəkistanla turizm sahəsində əlaqələr barədə çıxış ediblər.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov turizm sahəsində Azərbaycan təcrübəsi, Azərbaycan-Özbəkistan əməkdaşlığı mövzusunda məruzə ilə çıxış edib.
O, məruzəsində Azərbaycan dövlətinin turizmin inkişafına böyük önəm verdiyini, 2011-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə "turizm ili" elan edildiyini qeyd edib. Azərbaycanın böyük infrastruktur layihələrinin həyata keçirdiyini, ölkənin şəhərlərinin görkəminin tamamilə dəyişdiyini və son illər Azərbaycana böyük turist axının olduğu məruzədə xüsusi vurğulanıb.
Məruzə ilə yanaşı Azərbaycanın turizm potensialına dair videoçarx nümayiş etdirilib.
Diplomat Bakı şəhəri, Xəzər dənizinin sahillərindəki istirahət zonaları, Naftalan, Naxçıvan Duzdağ sanatoriyaları, müalicə-kurort mərkəzləri, habelə Azərbaycanda yeni açılan Şahdağ-Qusar, Tufandağ-Qəbələ qış turizm mərkəzləri barədə geniş məlumat verərək, Özbək turistləri üçün Azərbaycana səyahət etməyin qaydaları və yeni imkanlardan danışıb.
Tədbirdə məlumat verilib iki, iki ölkə arasında vizasız gediş-gəliş, birbaşa həftədə iki dəfə uçaq reyslərinin olması, dil, mədəniyyət, adət-ənənələrin yaxınlığı Özbəkistanla Azərbaycan arasında turizm sahəsinin inkişafına öz müsbət təsirini göstərir.
Samir Abbasov Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq, 2015-ci ildə Özbəkistandan Azərbaycana səfər edənlərin sayının 15 min 185 nəfər olduğunu bildirmiş, potensialın böyük olduğuna diqqəti cəlb etmişdir.
Konfransda Özbəkistan Xarici İşlər Nazirliyinin idarə rəisi Yusif Kabulcanov "Windham" otellər şəbəkəsinin baş meneceri Onar Adil Özbəkistanda turizm sahəsində problem və perspektivlərə dair məruzələr ediblər.
Qeyd edək ki, Konfransın materialları xüsusi topluda çap edilib və istifadə üçün Daşkənd Dövlət İqtisadiyyat Universitetinin turizm sahəsi üzrə fakültələrinə təqdim edilib.
Azərbaycan Səfirliyinin nümayəndəsi, "Windham" otellər şəbəkəsinin baş meneceri və Tailandın turizm üzrə eksperti Özbək tərəfi ilə sıx əməkdaşlığa və ətraflı məruzəyə görə Konfransın Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata layiq görülüblər.

22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasında Azərbaycan təmsil olunub.



Cari il 5-6 oktyabr tarixində Daşkəndin Mərkəzi Sərgi Sarayında 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının (ТМТЯ-2016) rəsmi açılışı olmuşdur.
Sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir.
Ölkəmizi Beynəlxalq sərgidə Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edir.
Beynəlxalq sərginin açılış mərasimində çıxış edən "Özbəkturizm" Milli Şirkətinin sədri Fərrux Rizayev Özbəkistanın turizm potensialı, ölkədə inkişaf edən turizm sənayesi danışmış, ölkənin regionlarında yeni-yeni turizm istirahət mərkəzlərinin istifadəyə verildiyini qeyd edib. O, 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının rəsmi partnyoru olan Tailand dövlətinə öz təşəkkürünü bildirdi.
Sərginin rəmzi açılış lenti kəsilib, bədii hissədə Özbəkistanın tanınmış sənətçiləri çıxış ediblər.
Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ölkəmizi Beynəlxalq Turizm yarmarkasında təmsil ediblər.
Azərbaycanın Mədəniyyət Mərkəzinin təşkil etdiyi stenddə ölkəmizin turizm resursları, turizm mərkəzləri, marşurutları, hotellərə dair nəşrlər, milli mədəniyyətimizə, mədəni irsimizə dair materiallar, suvenirlər nümayiş etdirilib, qonaqlar milli şirniyatlarımıza qonaq ediliblər.
Sərgi-Yarmarkada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyi tərəfindən göndərilən çoxsaylı nəşrlər, buklet və broşurlar paylanılıb, "Чудесный Наталан" videoçarx nümayiş edilib, ölkəmizin turizmi, mədəniyyəti, milli mətbəxinə dair nəşrlər sərgilənib.
Bu ilki yarmarkada Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi turistlər üçün Azərbaycanın Bakı şəhərinə 1 həftəlik istirahət turu, Naftalan şəhərinə 10 günlük müalicə turlarını turistlərə təqdim edib.
Qeyd edək ki, turlar Bakı şəhərindən bir sıra otellərin, habelə Naftalandakı “Chinar Hotel SPA Naftalan" birgə layihəsi ilə həyata keçiriləcəkdir. 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasında Özbəkistan və onun regionları ilə yanaşı, Tailand, Azərbaycan, Malayziya, Türkiyə, Hindistan, Çin, Fransa, Çexiya, Ukrayna, Sinqapur və s. ölkələr öz turizm resurslarını təqdim edirlər.
Sərgidə turizm sahəsi üzrə dünyanın öndə gedən şirkətləri, otelləri öz məhsullarını iştirakçılara nümayiş etdirməklə yanaşı, hazır turpaketlər təqdim edilib.
Mədəniyyət Mərkəzin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının, milli rəqslərimizi ifa etməsi tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Özbəkistan təmsilçisi "Özbəyim yoşları" musiqi qrupu Azərbaycanın Gəncə şəhərində beynəlxalq gənclər festivalında çıxış etmişdir.



Cari il 27-30 sentyabr tarixlərində Azərbaycanın Gəncə şəhərində beynəlxalq gənclər festivalı keçirilmişdir.
Tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə, qonaq qismində isə Qətər gəncləri də iştirak etmişlər. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə "Özbəyim yoşları" musiqi qrupu Özbəkistan gənclərini tədbirdə təmsil etmişdir.
Qeyd edək ki, tədbirdə gənclər arasında görüş keçirilmiş, hər ölkənin gənc kulinarları tərəfindən hazırlanan milli təamlar nümayiş etdirilmiş, ölkələrin gəncləri, onların qazandığı nailiyyətlərə dair online təqdimat keçirilibdir.
Festivalın keçirilməsində əsas məqsəd gənclər arasında təcrübə mübadiləsi aparılması və əməkdaşlığın genişləndirilməsidir.
Festival həmçinin Azərbaycanın Gəncə şəhərinin “2016-cı il üçün Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar keçirilən tədbirlərdən biridir. Bundan başqa, yaradıcı gənclərin iştirakı ilə ölkələrin təmsilçiləri konsert proqramı ilə çıxış etmiş, gənc fotoqrafların sərgisi təşkil edilmişdir. Özbəkistan təmsilçisi "Özbəyim yoşları" musiqi qrupunun çıxışı böyük maraq və alqışlarla qarşılanmışdır. Musiqi qrupu Münsiflər heyəti tərəfindən "Ən yaxşı çıxış və ifa" mükafatına layiq görülmüş, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev tərəfindən mükafatlandırılmışdır.
Qonaqlar Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsini, Azərbaycan və dünya təbiətinin möcüzəsi, öz gözəlliyi və füsunkarlığı ilə məşhur olan Göy gölü və Göygöl Milli Parkını ziyarət etmişlər.
İki ölkə arasında mədəni əməkdaşlığı daha da dərinləşdirmək, hər iki xalqın mədəniyyətini, musiqisini qarşı tərəfdə təbliğatına dəstəyi həyata keçirən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan təmsilçisi "Özbəyim yoşları" musiqi qrupunun cari il 1 oktyabr tarixində Bakıda qədim İçərişəhərdə açıq havada konsert proqramını təşkil etmişdir. Konsert çoxsaylı Bakı sakinlərinin və turistlərin marağına səbəb olmuşdur.
Özbək gəncləri çoxsaylı musiqi və rəqs nömrələri ilə çıxış etmiş, Orta Asiyanın ən zəngin mədəniyyəti və musiqisinə malik Özbəkistan təmsilçilərinin çıxışları böyük alqışlarla qarşılamış, birgə Azərbaycan və Özbək gəncləri birgə rəqs etmişlər.
Qeyd edək ki, konsertin tamaşaçıları sırasında Özbəkistandan cari il 29-30 sentyabr tarixlərində V Bakı Qlobal Forumunda iştirak üçün gedən nümayəndə heyəti də iştirak etmişdir.

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Qurban bayramı geniş qeyd olunmuşdur.

(12.09.2016) Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən qurban bayramı geniş qeyd olunmuşdur.
Bayramla əlaqədar, Mərkəzin həyətində qurbanlar kəsilmiş, sosial təminatı zəif olan yerli azərbaycanlılara qurbanlar və bayram sovqatları paylanmışdır.
Yerli azərbaycanlılar Mədəniyyət Mərkəzinin bu xeyriyyə aksiyasını yüksək qiymətləndirib və Azərbaycan dövlətinə, ölkə başçısına soydaşlara göstərilən bu diqqətə görə öz minnətdarlıqlarını bildirmişlər.
Bundan başqa, Mədəniyyət Mərkəzi Daşkənddə azərbaycanlı yetim uşaqların təhsil aldığı 30 saylı İnternet evi və fiziki qüsurlu uşaqlar üçün 101 saylı şəhər İnternat məktəblərinə bayram sovqatı göndərmişdir.

Özbəkistanın Margilan şəhərində keçirilən "Atlas Festivalı"nda Azərbaycan kəlağayıları və ipəyi nümayiş etdirilmişdir.



(10.09.2016) YUNESKO-nun Özbəkistan təmsilçiliyi və Özbəkistan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Fərqanə Vilayət Hakimiyyətinin birgə təşkilatçılığı ilə cari ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Margilan şəhərində "Atlas Festivalı" keçirilmişdir.
Festivalda Özbəkistanın müxtəlif regionlarında ipəkçilik sahəsində fəaliyyət göstərən sənətkarlar, habelə Margilanın ipəkdən hazırlanmış parçalar, milli geyimlər nümayiş olunmuşdur.
Tədbir çərçivəsində Özbəkistanın ipəkçilik ənənəsi, bu sahədə Özbəkistanın əldə etdiyi nailiyyətlərə həsr olunmuş konfrans keçirilmiş, müxtəlif dizaynda hazırlanmış Özbək ipəkləri sərgilənmişdir.
Qeyd edək ki, tədbirdə iştirakçı kimi Özbəkistanda fəaliyyət göstərən bir sıra xarici ölkələrin nümayəndəlikləri iştirak ediblər.
Cari ilin 8 sentyabr tarixində Margilan şəhər Mərkəzi parkında Festivalın rəsmi açılışı olmuşdur. Açılış mərasimində çıxış edən Margilan şəhər hakimi Şavkat Erkabaev Özbəkistanda ipəkçilik sahəsində böyük ənənələrin olduğunu və ipək istehsalında Fərqanə vilayətinin Margilan şəhərinin ipəyinin bütün dünyada məşhur olduğunu qeyd edib. Şəhər hakimi bu cür tədbirlərin ipəkçilik sahəsinin inkişafına öz töhvəsini verdiyini və Margilanda ipək istehsalı sahəsində yüzlərlə insanın çalışdığını, ölkənin təbliği ilə yanaşı, Özbəkistana gəlir gətirdiyini qeyd etdi. O, tədbirin təşkilində dəstəyə görə YUNESKO-nun Özbəkistan təmsilçiliyinə öz təşəkkürünü bildirdi.
YUNESKO-nun Özbəkistan təmsilçisi xanım Krista Pikat Margilan ipəyinin, adrasının öz gözəlliyi və zərifliyi ilə dünyada seçildiyini, yerli əhalinin əsas məşğuliyyəti olan ipəkçiliyin diqqətəlayiq sənət olduğunu söylədi. O, Özbəkistan dövlətinin ipəkçilik sahəsinin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirdi.
Daha sonra Margilandakı Sənətkarlar Mərkəzində sərginin rəsmi açılışı olub.
Festival çərçivəsində Özbək dizaynerləri tərəfindən hazırlanan geyimlərin moda sərgisi keçirilib.
Atlas Festivalında Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan kəlağayılarını və ipəkdən hazırlanmış Azərbaycan geyimlərini nümayiş etdirib.
Bununla əlaqədar Margilan şəhər Mərkəzi Muzeyində Azərbaycan sərgisi təşkil olunub. İpəkdən hazırlanmış Azərbaycan kəlağayıları iştirakçıların böyük marağına səbəb olub.

Prezident İlham Əliyev Özbəkistanın ölkəmizdəki səfirliyində olub, Prezident İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib.





Prezident İlham Əliyev Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyində olub. Dövlətimizin başçısı Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb (www.president.az).

Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Zati-aliləri cənab Niqmatulla Yuldaşevə
Hörmətli Niqmatulla Tulkonoviç,

Özbəkistan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim İslam Abdulqəniyeviç Kərimovun vəfatı barədə xəbər məni dərindən kədərləndirdi.
İslam Abdulqəniyeviç Kərimov tarixə müstəqil Özbəkistanın ilk Prezidenti kimi daxil olub. Ölkənin təşəkkülü, inkişafı, dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi və siyasi sahələrdə nailiyyətləri və uğurları, qardaş Özbəkistanın beynəlxalq birliyə inteqrasiyası onun adı ilə bağlıdır.
Uzaqgörən, prinsipial və ardıcıl siyasət, təşkilatçılıq istedadı, ən mürəkkəb məsələlərin həllinə əsl dövlətçilik mövqeyindən yanaşması İslam Kərimova xalq məhəbbəti, dərin hörmət və nəinki Özbəkistanda, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazandırmışdır.
Azərbaycanda İslam Kərimovu xalqlarımız arasında çoxəsrlik mehriban dostluq ənənələrinin gücləndirilməsində və qarşılıqlı dəstəklənməsində, müstəqillik dövründə Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin formalaşdırılmasında və hərtərəfli inkişafında əsl dost kimi tanıyır və dərindən hörmət edirlər.
Bu kədərli anda ağır və əvəzsiz itki ilə bağlı Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, İslam Abdulqəniyeviç Kərimovun doğmalarına və yaxınlarına, bütün qardaş Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm.
İslam Abdulqəniyeviç Kərimovun parlaq xatirəsi qəlbimizdə həmişəlik qalacaq.

İlham Əliyev
Azərbaycan Respublikasının PrezidentiBakı,
2 sentyabr 2016-cı il.

Daşkənddə Qafur Qulam Parkında Özbəkistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.



Cari il 1 sentyabr tarixində Daşkənddəki Qafur Qulam Parkında Özbəkistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Özbəkistandakı milli mədəniyyət mərkəzləri iştirak edərək, öz sərgilərini nümayiş etdiriblər. Tədbirdə Özbəkistanda fəaliyyət göstərən Qazaxıstan, Qırğızıstan, Ukrayna, Türkmənistan, Koreya, Rusiya və s. milli mədəniyyət mərkəzləri öz milli sərgilərini və mətbəxlərinə aid yeməkləri, şirniyyatları qonaqlara təqdim ediblər.
Azərbaycanı tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil etmişdir.
Azərbaycan sərgisində ölkəmizin mədəniyyətinə dair suvenirlər nümayiş etdirilmiş, milli mətbəximizə dair şirniyyatlar, yeməklər qonaqlara təqdim edilib.
Tədbirin bədii hissəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı çıxış edərək milli rəqslərimizi ifa etmişlər.
Qeyd edək ki, Özbəkistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş digər tədbir isə Daşkənddəki Nəvai adına parkda təşkil olunub.
Tədbirə Özbəkistanda akreditə olunan diplomatik nümayəndəliklər dəvət olunub. Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Səfirliyin və Mədəniyyət Mərkəzinin əməkdaşları tədbirdə iştirak ediblər.

Qarabağ geyimləri Özbəkistanın Kibray şəhərində nümayiş etdirilib.



(21.08.2016) Özbəkistanın "Qonaqpərvərlik və İnformasiya xidməti" Qeyri Hökumət Təşkilatı qardaş ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Moda sərgisi" keçirib.
Moda sərgisi çərçivəsində Kibray şəhər Mərkəzi klubunun həyətində "Ənənəvi Özbək incəsənəti, əl işləri" nümayiş etdirilib, milli təamlar qonaqlara təqdim edilib.
Tədbirdə Özbəkistanda mədəniyyət sahəsində tanınmış şəxsləri, bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin mədəniyyət mərkəzləri, Kibray şəhərinin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Giriş sözü ilə çıxış edən tədbirin təşkilatçısı Özbəkistanın Respublika Təşkilatının rəhbəri Ədalət Nəsirova əsas məqsədlərinin millətlərin yüz illərlə yaratdığı geyim mədəniyyətini nümayiş etdirmək, milli adət və ənənələrin təbliği olduğunu qeyd edib.
Daha sonra isə tədbirin bədii hissəsində Özbəkistanın xalq artistləri Axmadcan Şükürov, Maxmutcan Azimov və "Sabo" Milli Rəqs Teatrı maraqlı nömrələrlə çıxış ediblər.
Keçirilən moda sərgisi çərçivəsində Özbəkistanın regionları üçün spesifik olan milli geyimlər nümayiş olunub. Əsasən Sırxandərya, Cızzax, Buxara, Fərqanə, Margilan və Daşkənd bölgələrinin geyimləri iştirakçıların alqışları ilə qarşılanıb. Nümayiş etdirilən geyimlər əsasən qədimi və milli üsluba aid geyimlər olub.
Azərbaycanı tədbirdə Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib. Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid olan "Qarabağ geyimləri" sərgidə böyük coşqu və maraqla qarşılanıb.
Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları altında nümayiş olunan Qarabağ geyimlərini Daşkənddəki "Zarqaynar libaslar evi"nin modelyerləri təqdim ediblər.
Kolleksiyada əsasən Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları sərgilənib.
İştirakçılara Qarabağ bölgəsində Azərbaycan xalqının yaratdığı milli mədəniyyət nümunələri haqqında məlumat verilib.
Tədbir çərçivəsində qonaqlar Azərbaycan milli şirniyyatlarına qonaq ediliblər. Təşkilat Komitəsi tərəfdən Azərbaycan tərəfi yüksək mükafata layiq görülüb.

Özbəkistanda Azərbaycanın tanınmış yazıçısı Anarın əsərləri özbək dilində çapdan çıxmışdır.

(17.08.2016) Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın tanınmış yazarı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon" adlı kitabı çapdan çıxmışdır.
Kitabda yazıçının seçilmiş əsərləri - "Dantenin yubileyi", "Qarderobçu xanımın hekayəsi", "Mən, sən, o və telefon", "Gürcücə familiya", "yaxşı padşax haqqında nağıl", Dədə Qorqud" əsərləri verilmişdir.
Bundan başqa, Anarın hikmətli sözləri, Anarın həyat və yaradıcılığının mühüm dövrləri, habelə tanınmış yazıçının yaradıcılığı haqqında görkəmli şəxslərin fikirləri yer almışdır.

Bu bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anarın yaradıcılığı haqqında fikrləri, habelə Azərbaycan və dünyada tanınmış şəxsiyyətlərin yazıçı haqqında söylədikləri öz əksini tapmışdır.
Kitaba "Ön söz"ün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Ön sözdə qeyd olunur ki, Azərbaycan ədəbiyyatının tanınmış yazıçısı Anarın əsərləri Özbək oxucuları arasında rəğbət qazanmış və qısa müddətdə sevilmişdir.

Yazıçının "Ağ körfəz", "Beş mərtəbəli evin altıncı mərtəbəsi", "Qırmızı limuzin" əsərləri qardaş ölkədə populyarlıq qazanmışdır.
Ön sözdə Anarın müasir Azərbaycan ədəbiyyatında xidmətləri xüsusi qeyd olunur və hekayələr, romanlar, dram əsərləri, ssenarilər yazan istedadlı yazıçının ədəbi tənqid, ədəbiyyatşünaslıq, bədii publisistika sahəsində məqalələri, habelə tərcüməçilik fəaliyyəti barədə məlumat verilir. Çoxsaylı filmlərin ssenari müəllifi olan yazıçının əsərlərinə nəzər salınır.
Kitab Daşkənddəki "Davr press" nəşriyyat evində çap olunmuşdur. "Dünya ədəbiyyatı xəzinəsindən" seriyasında çap olunan kitabın tərcüməçisi tanınmış Özbək alim, tərcüməçi Usman Kuçkardır.
Kitabın Özbəkistanın aparıcı kitabxanalarına, elmi və tədris müəssisələrinə paylanılması nəzərdə tutulmuşdur.

Özbəkistanda yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib.



(28.06.2016) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi şəhərdə azərbaycanlıların təhsil aldığı 30 saylı İnternat məktəbini himayəyə götürmüşdür.
Cari il 28 iyun tarixində Daşkənddəki 30 saylı İnternat məktəbinin uşaqları üçün Özbəkistanın Çervak gölünün ətrafında təşkil edilmiş yay düşərgəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib.
Nəzərinizə çatdırırıq ki, tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəbin müəllim heyəti, İnternat məktəbinin 120 şagirdi, habelə Daşkənddəki 101 saylı fiziki qüsurlu uşaqlar üçün İnternat məktəbinin 30 şagirdi iştirak edibər.
Giriş sözü ilə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmiz, Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycan Səfirliyi və Mədəniyyət Mərkəzinin uşaq evləri ilə bağlı layihələri, gələcək Özbəkistan-Azərbaycan münasibətlərində bugünki nəslin rolundan danışmışdır.
Mədəniyyət Mərkəzinin kitabxanaçısı Kifayət Pirməmmədova tədbirdə Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında ətraflı məlumat verib.
Daha sonra tədbirin bədii hissəsində uşaqlar arasında maraqlı viktorinalar keçirilmiş, uşaq və yeniyetmələrə Azərbaycan, Özbəkistan, dövlət simvolları, mədəniyyəti, ədəbiyyatına dair suallar verilmiş, yaxşı nəticə göstərən şagirdlərə hədiyyələr verilmişdir.
Sonra Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa etmiş, 30 saylı İnternat məktəbinin uşaqları musiqilər ifa edərək öz istedadlarını nümayiş etdiriblər.
Uşaqlara Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sovqatları, kiçik bayraqlar, ölkəmizin mədəniyyətinə dair kiçik suvenirlər hədiyyə edilmiş, onlar milli yeməklərə qonaq ediliblər.

Daşkənddəki "Lider" beynəlxalq məktəbinin yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib.



(16.06.2016) Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Lider Beynəlxalq Məktəbində təşkil etdiyi yay uşaq düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman uşaqlara böyük diqqət və qayğı göstərir, onlarla maraqlanırdı. Uşaqların tərbiyəsi, təhsili haqqında məlumat almağa çalışırdı.
Tədbir çərçivəsində uşaqlar arasında maraqlı viktorinalar keçirilmiş, uşaq və yeniyetmələr Azərbaycan, onun təbiəti, mədəniyyəti, ədəbiyyatına dair suallar verilmiş, yaxşı nəticə göstərən şagirdlər mükafatlandırılıblar.
Sonra Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa ediblər.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilinə dubliyaj olunmuş Azərbaycan cizgi gilmləri uşaqlara nümayiş etdirilmişdir.

Özbəkistanda Azərbaycan kəlağayılarının təqdimatı keçirilmişdir.



(01.06.2016) Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə Azərbaycan kəlağayılarına həsr olunmuş "Azərbaycan kəlağayı sənəti və onun təddimatı" adlı tədbir keçirilmişdir.
Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin xanımları, diplomatlar, tanınmış mədəniyyət, incəsənət xadimləri, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan xanımlarına məxsus baş geyimi olan kəlağayılar haqqında danışaraq, hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və xüsusiyyətindən xəbər verdiyini və xalqın tarixini, mədəniyyətini öyrənmək üçün bu cür nümunələrin böyük əhəmiyyət daşıdığını qeyd etdi.
Səfir Azərbaycanda böyük ipəkçilik ənənələrinin olduğunu, tarixi ipək yolunun üzərində yerləşən Azərbaycanın Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli ipəyin - kəlağayıların hazırlandığını, Gəncə və Basqal kəlağayılarının isə xarici ölkələrə də ixrac olunduğunu qeyd etdi.
Hüseyn Quliyev Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsini Azərbaycan xalqı üçün böyük uğur kimi dəyərləndirdi və bu işdə Heydər Əliyev Fondunun xidmətlərindən danışdı.

Tədbirdə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan və Özbəkistanın zəngin mədəniyyətindən danışaraq, kəlağayını Azərbaycan xalqının əsrlərdən bəri qorunub saxlanılan sənət incisi adlandırdı. Daha sonra "Azərbaycan kəlağayıları" adlı sənədli film iştirakçılara nümayiş etdirildi. Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin professoru, “Basqal İpək Mərkəzi”nin direktoru, tanınnmış mütəxəssis Rəna İbrahimbəyova Azərbaycan kəlağayı sənətinə dair məruzə ilə çıxış etdi. Mütəxəssis kəlağayıda həkk olunmuş naxışların ayrı-ayrı forma və motivləri barədə məlumat verdi, kəlağayıya məxsus elementlərin mənalarını və bu baş örtüyünün dizaynını xarakterizə etdi. Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə müxtəlif dizaynda hazırlanmış Azərbaycan kəlağayıları nümayiş etdirildi. Qonaqların iştirakı ilə kəlağayının naxışlanma prosesi canlı olaraq həyata keçirildi, fəxri qonaqlara kəlağayılar hədiyyə edildi. Qeyd edək ki, tədbirə maraq böyük olmuş və yerli KİV-lər təqdimat mərasimini geniş işıqlandırmışdır.

Daşkənddə 28 may Respublika günü ilə əlaqədar təntənəli tədbir keçirilmişdir.



(19.05.2016) 300-dək rəsmi qonağın iştirak etdiyi tədbir Daşkənddəki məşhur "Windham Tashkent" otelində təşkil edilmişdir. Bayram tədbirində Özbəkistan baş nazirinin müavini Adxam İkramov, çoxsaylı hökümət nümayəndələri, xarici ölkələrin bu ölkədəki səfirləri, diplomatları, nüfuzlu elm, mədəniyyət, ictimai xadimlər, jurnalistlər, mötəbər qonaqlar iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndilib.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın 1918-ci ildə yaradılmış Azərbaycan Demokrtatik Cümhuriyyətinin varisi olduğunu qeyd edərək, müstəqil Azərbaycanın qazandığı uğurlardan, həyata keçirdiyi nəhəng layihələrdən danışaraq, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat vermişdir. Səfir Azərbaycan-Özbəkistan arasında yüksək səviyyəli münasibətlərdən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistanın tutduğu ədalətli mövqeyinə görə, Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə bu ölkənin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Daha sonra Səfir Hüseyn Quliyev Özbəkistanda Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edən, Azərbaycan haqqında çoxsaylı məqalələrin müəlliflərinə, öz fəaliyyətləri ilə fərqlənən tərcüməçi-alimlərə fəxri fərmanlar və hədiyyələr təqdim etdi. Bayram tədbirində təbliğat məqsədi ilə qonaqlara yalnız Azərbaycan milli yeməkləri və şirniyyatları təqdim olunub, rəsmi qonaqların şərəfinə ziyafət verilib, qonaqlar milli mətbəximizi yüksək qiymətləndiriblər. Qonaqlara dünyaca məşhur Azərbaycan müğənniləri Müslüm Maqomayev, Rəşid Behbudovun ifası ilə romanslar təqdim edilib.
Tədbirin bədii hissəsində Özbəkistanın xalq artisti, dünyada məşhur "Jalla" ansamblının rəhbəri Fərrux Zakirov Azərbaycan xalq mahnılarını ifa edib. Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa edərək maraqlı çıxışlar təqdim ediblər.
Tədbirə maraq böyük olmuş, yerli KİV-lərdə tədbir geniş işıqlandırılıb.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası