2013-cü il xəbərləri Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2013

Özbəkistanda yeni Azərbaycan filmlərinin təqdimatı keçirilib.

Cari il 20 sentyabr tarixində saat 18:00-da Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yeni Azərbaycan filmlərinin təqdimat mərasimi keçirilmiş və yeni filmlərin nümayişinə start verilmişdir.
Təqdimat mərasimi Azərbaycan kinosunun 115 illik tədbirləri çərçivəsində həyata keçirilir.
Tədbirdə Özbəkistandakı Azərbaycan Səfirliyinin əməkdaşları, Özbəkistanda yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatının üzvləri, “Özbəkkino” Milli Agentliyinin nümayəndələri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti, çoxsaylı KİV nümayəndələri iştirak etmişlər.
Təqdimat mərasimini giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müstəqillik əldə etdikdən, iqtisadi sahədə yüksəliş olduqdan sonra Azərbaycanda kino sahəsi də özünün inkişaf mərhələsində olduğunu bildirmişdir. Samir Abbasov Azərbaycan kinolarının dəfələrlə qardaş Özbəkistanda nümayiş etdirildiyini, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Qayınana”, “Əhməd haradadır”, “Görüş” filmlərinin Özbəkistanda da məşhur olduğunu vurğulamışdır. O, öz çıxışında Azərbaycanda yeni filmlərin çəkilişinə dövlət tərəfindən dəstəyin artırıldığını və bunun nəticəsində yeni filmlərin sayının gələcəkdə artmasını bu sahədə yeni-yeni uğurların əldə etməsinə səbəb olacağını qeyd etmişdir.
Sonra təqdimat mərasimində çıxış edən “Özbəkkino” Milli Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Asya Batrayeva Azərbaycan kinolarının Özbəkistanda həmişə maraqla qarşılandığını və bu kinolara sevgi olduğunu bildirmişdir. O, tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş və yeni Azərbaycan filmlərinin maraqla izləniləcəyinə əmin olduğunu qeyd etmişdir. Xanım Batrayeva Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirmiş, gələcəkdə birgə layihələrin həyata keçirilməsindən və qardaş Azərbaycanla kino sahəsində əməkdaşlığın bügünki səviyyəsindən məmnun olduğunu bildirmişdir.
Yeni Azərbaycan kinolarının nümayişinə 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Niyyət” filmi ilə başlanmışdır.
“Niyyət” filmi 2010-cu ildə Qazaxıstanda keçirilən “Şaken ulduzları” festivalında iştirak edib, “İlin filmi” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülüb.“Qızıl minbər” VI Beynəlxalq müsəlman kinofestivalının təşkilat komitəsi tərəfindən “Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə” nominasiyasında xüsusi mükafatla təltif edilib.
Sonda izləyicilər kinodan böyük təsürat aldıqlarını qeyd etmişlər. Onlar yeni Azərbaycan filmlərinə böyük maraq göstərdiklərini bildirmişlər.
Qeyd edək ki, Mədəniyyət Mərkəzinin 2013-cü il üçün iş planına əsasən hər həftənin cümə günləri Mərkəzdə yeni Azərbaycan filmləri nümayiş olunacaqdır. Növbəti dəfə “40-cı qapı”, “Arxada qalmış gələcək”, “Cavadxan”, “Küçələrə su səpmişəm” və s. filmlər nümayiş olunacaqdır.



Nizami Daşkənd Dövlət Pedaqoji Universitetində “Azərbaycan və özbək xalqlarının mədəni və mənəvi birliyi” adlı tədbir keçirmişdir.

Cari il 13 sentyabr tarixində Daşkənd şəhərindəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Özbəkistanın müstəqilliyinin 22-ci ildönümü ilə əlaqədar “Azərbaycan və özbək xalqlarının mədəni və mənəvi birliyi” adlı tədbir keçirmişdir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin professor və müəllim heyəti, tələbələr iştirak etmişlər.
Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov çıxış edərək Azərbaycan və özbək xalqları arasında dostluq münasibətlərinin qədim tarixə malik olduğunu bildirmişdir. Ş.Şaripov 1947-ci ildən dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan universitetdə bu tədbirin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu qeyd etmişdir.
Səfir Hüseyn Quliyev Özbəkistanın müstəqilliyinin 22-ci ildönümü münasibətilə mərasim iştirakçılarını təbrik etmiş, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. Səfir əməkdaşlığın bu səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun xüsusi xidmətləri olduğunu qeyd etmişdir. Diplomat çıxışında əlavə etmişdir ki, ümummilli lider Heydər Əliyevi və Prezident İslam Kərimovu yaxın dostluq əlaqələri birləşdirmişdir. İndi həmin dostluq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu, xalqlarımızın mənafeyinə uyğundur.
Universitetin müəllimi, filologiya elmləri namizədi Gulbaxor Aşurova şair və yazıçılarımızın dostluğundan danışmış, böyük özbək şairi Əlişir Nəvainin dahi Azərbaycan şairi Nizami Gəncəvini özünə ustad hesab etdiyini, onun təsiri ilə “Xəmsə” yazdığını vurğulamışdır. O, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digər klassik şairlərin, o cümlədən müasir qələm sahiblərinin Özbəkistanda sevildiyini diqqətə çatdırmışdır.
Cəmiyyətin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan diasporunun fəalı Almaz Məcidova və başqaları Azərbaycan və Özbəkistanın ali məktəbləri arasında əlaqələrin yaradılması və inkişafı məsələlərindən söhbət açmışlar.
Daha sonra Özbək tələbələri tərəfindən hazırlanan ədəbi – bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilmişdir.
Geniş konsert proqramı ilə davam edən mərasimdə Azərbaycan və özbək mahnıları ifa olunmuşdur.
Tədbir çərçivəsində Səfir Hüseyn Quliyev və diplomatlar Universitetdə fəaliyyət göstərən muzeylərlə tanış olmuş və cənab H.Quliyev muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
İştirakçılar dahi Azərbaycan şairi Nizami Gəncəvinin Universitetin qarşısındakı büstü önünə çiçəklər düzmüşlər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistanın ali məktəbləri və mədəniyyət müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması sdahəsində müvafiq işlərin aparıldığını və artıq Özbəkistandakı Azərbaycan Səfirliyi tərəfindən təkliflərin aidiyyatı təşkilatlara göndərildiyini bildirmişdir.



1 sentyabr – Özbəkistanın dövlət müstəqilliyinin əldə etməsinin 22-ci ildönümünə həsr olunmuş konsert proqramı

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində cari il 1 sentyabr tarixində geniş bayram şənliyi keçirilmişdir.
Tədbirdə Özbəkistanda yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatının nümayəndələri, Qadınlar Şurasının üzvləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, habelə yerli özbəklər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində açıq havada təşkil edilmişdir.
Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş Özbək xalqını, habelə Özbəkistan vətəndaşları olan azərbaycanlıları müstəqillik bayramı münasibəti ilə təbrik etmişdir. O, Azərbaycanla gözəl münasibətlərə malik olan, eyni mədəniyyətə, dilə, dinə mənsub Özbək xalqının uğurlarına, sevincinə Azərbaycan xalqının şərik olduğunu və qardaş Özbəkistana müstəqilliyinin əbədi olmasını arzulamışdır.
Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və Azərbaycan diasporasının rəhbəri Mobil Məmmədov təbrik çıxışlarını etmişlər.
Sonra Azərbaycanın tanınmış müğənnisi, muğam ustası Elnarə Abdullayeva və Özbəkistanın “Nixol” dövlət mükafatı laureatı, populyar müğənni İsrail Saidumarov iştirakı ilə böyük konsert proqramı təqdim edilmişdir. Konsert proqramında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansablı və “Azərbaycanım” musiqi qrupunun ifaları iştirakçıların marağına səbəb olmuşdur.
Bayram konsertində böyük izdiham olmuş və tədbirdə çoxlu sayda KİV nümayəndələri iştirak etmişlər.



IX “Şərq Təranələri“ Beynəlxalq Musiqi festivalının rəsmi açılışı (FOTOLAR).

Cari il 27 avqust tarixində Özbəkistanın Səmərqənd şəhərində “Şərq Təranələri “Beynəlxalq Musiqi festivalının rəsmi açılışı olmuşdur. Açılış mərasimində Özbəkistan prezidenti İslam Kərimov, YUNESKO-nun baş katibi İrina Bokova, Yaponiya, Cənubi Koreyanın mədəniyyət nazirləri, Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və diplomatları, rəsmi qonaqlar, festivala dəvət olunmuş xarici ölkələrin musiqi kollektivləri, habelə Özbəkistanın mədəniyyət, incəsənət sahəsinin tanınmış şəxsləri iştirak etmişlər. Azərbaycan tərəfdən açılış mərasimində Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak etmişdir.
Festivalı giriş sözü ilə açan Özbəkistan prezidenti İslam Kərimov bütün iştirakçıları salamlayaraq, festivalın rolu və əhəmiyyətindən danışmışdır. Prezident öz çıxışında festivalın xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, insanların qəlbində nəcib hisslərin mahnı və musiqi vasitəsi ilə oyanışına, dünyanın nadir musiqi irsinin, ənənələrinin, unudulmuş metodlarının dirçəldilməsinə xidmət etdiyini qeyd etmişdir.
Mərasimdə çıxış edən YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Özbəkistanın mədəniyyət və incəsənətin inkişafına xüsusi diqqət yetirdiyini və bunun parlaq nəticəsi kimi prezident İslam Kərimovun təşəbbüsü ilə təşkil olunan ənənəvi “Şərq taranələri” festivalını qeyd etmişdir. O, dünyanın mədəniyyət mərkəzi və qədim abidələr diyarı olan Səmərqəndin dünya mədəni irsinə verdiyi töhvələrdən danışmış və festivalın böyük əhəmiyyətini öz çıxışında vurğulamışdır. Xanım Bokova hələ qədim dövrlərdə Əmir Teymurun bütün sahələrlə yanaşı elm və mədəniyyət, musiqi sahəsinə xüsusi diqqət yetirdiyini və bu sahənin imperiya ərazisində inkişaf etdiyini söyləmişdir. O, bu dövrlərdə Səmərqənddə şairlər, öz dövrünün ən tanınmış musiqiçiləri, müğənnilər toplaşaraq poeziya yarışları, musiqi axşamları keçirməsini çıxışında xüsusi vurğulamışdır. Xanım Bokova məşhur tarixçi Şarafiddin Əli Yazdi "Zafarnoma" kitabına müraciət etmişdir. Kitabda qeyd olunur ki, "Yaxşı səsi olan müğənnilər mahnılar oxuyur, qəzəl söyləyərdilər. Kim türk dilində istedadını göstərir, kimi monqol, çin dilində, kimi isə fars və ərəb dillərində. O, bu ənənənin davam etdirilməsindən məmnun qaldığını bildirmişdir.
Daha sonra Festivalda iştirak edən 52 dövlətin bayraqları iştirakçıların alqışları ilə tarixi “Registan” meydanına gətirilmişdir.
Festival Özbəkistanın məşhur müğənnilərinin və musiqi kollektivlərinin musiqi paradı ilə davam etmişdir. Onların çıxışı tamaşaçıların alqışları və coşqusu ilə qarşılandı. Möhtəşəm atəşfəşanlıqla çıxışlar davam etdi.
Qeyd edək ki, IX “Şərq təranələri” festivalında Azərbaycanı tanınmış müğənni, muğam ustası Elnarə Abdullayeva “Şirvan qrupu ” ilə təmsil edir.
Festival çərçivəsində “Şərq musiqi ənənələri müasir mədəniyyət sistemində” elmi konfrans da keçirilir. Konfransda Azərbaycanı Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşova, Azərbaycan Bəstəkarlar İttifaqından, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hacıyeva təmsil edirlər. Festival cari il avqust ayının 30-dək davam edəcəkdir.



Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın xalq artisti Müslüm Maqomayev anılmışdır.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın xalq artisti Müslüm Maqomayevin anadan olmasının 71-ci ildönümünə həsr olunmuş konsert proqramı olmuşdur.
Tədbir Daşkənddəki Azərbaycan diasporası, Azərbaycan gənclər təşkilatı ilə birgə keçirilmişdir.
Azərbaycan diaspora təşkilatının icraçı direktoru Firdovsi Məmmədov çıxış edərək Özbəkistanın dövlət müstəqilliyinin 22-ci ildönümü münasibəti ilə bütün iştirakçıları təbrik etmişdir. O, çıxışında Azərbaycanın xalq artisti Müslüm Maqomayev haqqında danışaraq, onun Azərbaycanı keçmiş sovetlər məkanında həmişə tanıtdığını və adının həmişə fəxrlə çəkildiyini bildirmişdir.
Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Müslüm Maqomayevin ifasının əvəzolunmaz olduğunu qeyd etmişdir. S.Abbasov görkəmli Azərbaycan opera müğənnisi, bəstəkar, xalq artisti Müslüm Maqomayevin Azərbaycan musiqi sənətinə verdiyi töhvələrdən danışmışdır.
Sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycanım” musiqi qrupunun ifasında Azərbaycan mahnıları ifa edilmişdir.
Tədbirdə Müslüm Maqomayevin xatirəsinə ithaf edilmiş və azərbaycanlı gənclərdən ibarət “Şən və hazırcavablar klubu”nun çıxışı iştirakçılarda böyük maraqla qarşılanmışdır.

Yubiley şən musiqi sədaları ilə davam etmiş, gənclər milli rəqslərimizi ifa etmişlər.



Bakıda “Azərbaycan Özbəkistan uşaqlarının, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” mövzusunda rəsm sərgisi açılmışdır.

İyulun 19-da İçərişəhər təsviri sənət yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Rəsm Qalereyasının, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və “Artinvest” MMC-nin təşkilatçılığı ilə “Azərbaycan Özbəkistan uşaqlarının, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” mövzusunda rəsm sərgisi açılmışdır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək bu layihənin ilk sərgisinin cari ilin aprelin 26-da Daşkənddə keçirildiyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, sərginin məqsədi istedadlı gəncləri üzə çıxartmaq, Azərbaycan və Özbəkistan uşaqlarının qarşı tərəf haqqında fikir və düşüncələrini bölüşməkdir.
Qeyd edilmişdir ki, nümayiş olunan əsərlərdə uşaqlar rənglərin vasitəsilə hər iki ölkənin mədəniyyətini, tarixi abidələrini və turizm məkanlarını öz təxəyyülləri vasitəsilə təsvir etmişlər.
Vurğulanmışdır ki, sərgi iki qardaş ölkənin mədəni əlaqələrinin daha da inkişaf etməsinə və yaxınlaşmasına öz dəyərli töhfəsini verəcəkdir.



Mukimi adına Özbəkistan Dövlət Musiqili Dram teatrında “Arşın mal alan” əsəri özbək dilində tamaşaya qoyulmuşdur.

Dünən Mukimi adına Özbəkistan Dövlət Musiqili Dram teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinin tamaşası özbək dilində təqdim edilmişdir. Tamaşanın baş rejissoru teatrın rejissoru Əhəd Fərmanov olmuşdur. Tamaşa yekun olaraq cari ilin sentyabrında nümayiş etdiriləcəkdir.
Tamaşa dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinin 100 illiyinə həsr olunmuşdur.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tamaşaya təşkilati dəstək göstərmişlər.
Qeyd edək ki, tamaşaya özbək tamaşaçıları tərəfindən böyük maraq olmuş və çıxışlar alqışlarla qarşılanmışdır. Rejissor tamaşada bir sıra yeniliklər etmiş və bəzi səhnələr müasirləşdirilmişdir.
Sonda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təbrik çıxışı etmiş, təşəbbüsü alqışlamış və dahi bəstəkar Üzeyir Hacıbəyovun ölməz “Arşın mal alan” əsərinin nəinki Azərbaycanda, artıq bütün dünya səhnələrini fəth etdiyini bildirmişdir. O, tamaşadakı çıxışları yüksək qiymətləndirmiş və “Arşın mal alan”ın Özbəkistanın hər bir diyarında sevildiyindən məmnun olduğunu bildirmişdir. Daha sonra S.Abbasov tamaşanın rejissoru və baş rolları ifa edənlərə hədiyyələr bağışlamışdır.



Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yeni sədri seçilmişdir.

Dünən Daşkənddəki Nizami adına Pedaqoji Universitetdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirilmişdir. İclasda Özbəkistanın Prezident Aparatının mədəniyyət məsələləri üzrə məsul şəxsi Qaffar Mirzoyev, Özbəkistandakı Dostluq Cəmiyyətləri Şurasının sədri, akademik Saidaxror Qulamov, Nizami adına Pedaqoji Universitetin rektoru Şavkat Şaripov, Özbəkistandakı Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbəri Nasiraddin Maxomadiev, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Pedaqoji Universitetin müəllim kollektivi iştirak etmişlər.
İclası giriş sözü ilə açan Özbəkistandakı Dostluq Cəmiyyətləri Şurasının sədri, akademik Saidaxror Qulamov Özbəkistanla Azərbaycan Respublikası arasında əlaqələrin daim yüksək səviyyədə olduğunu və bu əlaqələrin daim inkişaf etdirilməsinin zəruri olduğunu bildirmişdir. İclasda o, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yeni sədrinin və Cəmiyyətin idarə heyətinin üzvlərinin seçilməsinin vacib olduğunu qeyd etdi.
Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov, habelə Nizami adına Pedaqoji Universitetin professoru, tanınmış alim Almaz Məcidova Özbəkistan-Azərbaycan arasında mədəni əlaqələrin inkişafında son zamanlar Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin aktiv fəaliyyətini qeyd edərək, Mərkəzin direktoru Samir Abbasovun Dostluq Cəmiyətinin İdarə Heyətinə üzv seçilməsini təklif etmişlər. Təklif səsə qoyularaq qəbul edilmişdir. Qeyd edək ki, Cəmiyyətin İdarə Heyətinə bütövlükdə 12 nəfər üzv seçilmişdir.
Daha sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yeni sədrinin və icraçı direktorunun seçilməsi həyata keçirilmişdir. Keçirilən seçkilər nəticəsində Nizami adına Pedaqoji Universitetin rektoru, doktor Şövkət Şaripov Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Universitetin professoru Erkin Nuriddinov cəmiyyətin icraçı direktoru seçilmişdir.
İclasda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki qardaş ölkə Özbəkistan – Azərbaycan arasında mədəni və elmi əlaqələrin inkişafına dair bir sıra təkliflər səsləndirdi. O iki ölkənin ali məktəbləri və elmi müəssisələri arasında təcrübə mübadiləsinin aparılmasını, elmin aktual mövzularına dair birgə konfrans və seminarların təşkil edilməsini, habelə qarşılıqlı konsert, teatr, mədəni proqramların reallaşdırılmasını təklif etmişdir.
Çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Nizami adına Pedaqoji Universitetin rektoru Şövkət Şaripov fəaliyyət göstərəcəyi müddətdə iki ölkə arasında əlaqələrin inkişafına dair bütün tədbirlərin görüləcəyini və azərbaycanlı həmkarları ilə bu sahədə çalışmağa hazır olduğunu bildirdi. O, növbəti iclasda Cəmiyyətin gələcək fəaliyyət planının müzakirə ediləcəyini qeyd etdi.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 26 iyun – Azərbaycan Silahlı Qüvvələrin 95-ci ildönümü ilə əlaqədar bayram tədbiri keçirilmişdir.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 26 iyun – Azərbaycan Silahlı Qüvvələrin 95-ci ildönümü ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
Tədbirdə Özbəkistanda fəaliyyət göstərən bir çox ölkələrin səfirləri, hərbi ataşeləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Bayram tədbiri münasibəti ilə Mədəniyyət Mərkəzinin həyətindəki monitorda Azərbaycan ordusu tərəfindən keçirilmiş hərbi paradı nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı büstünün önünə tər çiçəklər qoymuşlar.
Tədbiri giriş sözü ilə Azərbaycanın Özbəkistanda akreditə olunmuş hərbi ataşesi, general-mayor Elbrus Orucov açaraq Azərbaycan Milli Ordusunun keçdiyi ağır və şərəfli yoldan danışaraq, Azərbaycan Silahlı Qüvvələrinin quruculuq prosesinin davam etdirildiyini və ordumuzun günü-gündən gücləndiyini bildirdi.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının çıxışı, habelə Azərbaycan mədəniyyətinə dair video çarx qonaqlara nümayiş etdirildi.
Tədbirin sonunda qonaqlara rəsmi ziyafət verildi.

Özbəkistanın məşhur “Happy Summer” Uşaq Lagerində “Azərbaycan günü” keçirilmişdir.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın məşhur “Happy Summer” Uşaq Lagerinin təşkilatçıları ilə birgə layihə həyata keçirmişdir.
Tədbir Azərbaycanın “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuşdur.
Layihəyə əsasən cari il iyun ayının 20-də lagerin bir günü Azərbaycan, onun zəngin mədəniyyətinə həsr olunmuşdur.
Qeyd edək ki, Lager Daşkənddən 140 km məsafədə Bostanlık rayonunun Bruçmulla qəsəbəsindəki istirahət mərkəzində təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq, Azərbaycan-Özbəkistan arasında mədəni əlaqələrin günü-gündən inkişaf etdiyini və iki qardaş ölkənin gələcəyi olan uşaqlarda ölkələrimiz haqqında təəsüratlarının çox olmasının faydalı olduğunu bildirmişdir. S.Abbasov təşkil olunan tədbirin əhəmiyyətindən danışdı.
Mədəniyyət Mərkəzinin Azərbaycan dili müəllimi S.Fətəliyeva lagerdə iştirak edən uşaqlara Azərbaycan, onun mədəniyyəti, tarixi abidələri haqqında məlumat verdi.
Daha sonra tədbirdə qardaş özbək uşaqlarına Azərbaycan mədəniyyəti, adət və ənənələri, tarixi abidələrinə dair film və Azərbaycan suvenirlərindən hazırlanmış sərgi nümayiş etdirildi.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivinin hazırladığı rəqs nömrələri iştirakçılara təqdim edildi və çıxışlar uşaqların maraq və alqışlarına səbəb oldu. Tədbir çərçivəsində təşkil olunan viktorinada Özbək uşaqlarının Azərbaycan haqqında bilgiləri yoxlanıldı və viktorinanın qalibləri mükafatlandırıldı.
Azərbaycan günündə uşaqlara Azərbaycan şirniyyatları, şəkərbura, paxlava, habelə Azərbaycan mətbəxinin təamları verildi.
Sonda hədiyyə olaraq, lagerin iştirakçılarına kiçik Azərbaycan bayraqları, Mədəniyyət Mərkəzinin təqvimləri, Azərbaycana dair kitab və bukletlər hədiyyə edilmişdir.



Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Əl işi və naxış tikmə” kursları fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində rəqs, rəsm, kompyuter, Azərbaycan dili kursları ilə yanaşı “Əl işləri və naxış tikmə” kursları da fəaliyyətə başlamışdır.
Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Burada müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar, bəzək əşyaları, hətta qiymətli daşqaşlardan da geniş istifadə edilmişdir.
Mədəniyyət Mərkəzində təşkil olunan kursları Özbəkistanın “Barkamal avlod” Respublika Uşaq Ədəbi Mərkəzinin müəlliməsi, Fond Forumun nəzdindəki “Bazarart” sərgi yarmarkasının təşkilatşılarından olan Dildora Şoraxmedova aparır. Kurslarda Azərbaycan motivləri və naxışlarına, habelə bəzək elementlərinə daha çox üstünlük verilir. Artıq kursları əyani vəsaitlərlə, kitab və digər nəşrlərlə təmin etmək üçün Mədəniyyətin Mərkəzinin kitabxanası bu sahədəki nəşrlərlə təmin olunmuşdur.
Qeyd edək ki, kurslarda iştirak etmək üçün qəbul aparılmış və bu məqsədlə Daşkənddə azərbaycanlıların daha çox təhsil aldığı Mirabad rayon 147 saylı orta məktəbdə elanlar verilmiş, qruplar təşkil edilmişdir. Kurslar Mədəniyyət Mərkəzində həftədə 3 gün və növbəlilik prinsipi ilə aparılır.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə kurslar ödənişsizdir, sonda yaxşı nəticə göstərən müdavimlərə Mərkəzin sertifikatı veriləcək, gələcəkdə isə onların sərgiləri təşkil ediləcəkdir.

28 may - Azərbaycan Demokratik Respublikasının 95-ci ildönümü ilə əlaqədar Daşkənddə möhtəşəm tədbir keçirilmişdir.



28 may – Azərbaycan Demokratik Respublikasının 95-ci ildönümü ilə əlaqədar Azərbaycanın Özbəkistandakı Səfirliyi tərəfindən Daşkənddəki “Radission” otelində bayram tədbiri keçirilmişdir.
Tədbirdə Özbəkistan Xarici İşlər Nazirliyinin nümayəndələri, xarici ölkələrin diplomatları, ictimaiyyətin tanınmış nümayəndələri, KİV əməkdaşları iştirak etmişlər.
Bayram tədbiri Azərbaycan və Özbəkistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfiri cənab Hüseyn Quliyev şərqin ilk Demokratik Cümhuriyyəti olan Azərbaycan Demokratik Respublikasının bir çox uğurlara imza atdığını qeyd etmişdir. Qısa müddət ərzində Azərbaycan Demokratik Respublikası dövlətçilik ənənələrini bərpa etdiyini və dövlət atributlarını təsdiq etdiyini bildirən Səfir Hüseyn Quliyev beynəlxalq ictimayyət tərəfindən Azərbaycanın istiqlalının rəsmiyyətdə tanınmasını yüksək tarixi uğur kimi qiymətləndirmişdir. O, 70 ildən sonra müstəqilliyə qovuşan Azərbaycanın Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində öz müstəqilliyini qoruyaraq daha da möhkəmləndirdiyini və dünya dövlətləri arasında geniş nüfuz qazandığını bildirmişdir.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, Azərbaycan mədəniyyəti, adət və ənənələrinə həsr edilmiş video çarx nümayiş etdirilmişdir.
Tədbir qonaqların şərəfinə ziyafətlə başa çatmışdır.

Özbəkistan KİV-lərində dərc olunmuş Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsi elan edilmişdir.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yeni bir layihəyə start vermişdir.
Özbəkistan KİV-lərində dərc olunmuş Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsi elan edilmişdir. Müsabiqə 3 nominasiya üzrə - “Azərbaycan”, “Heydər Əliyev” və “Azərbaycan mədəniyyəti” mövzularında elan edilmişdir və bu mövzuları geniş, sanballı, obyektiv işıqlandıran jurnalistlər müsabiqə qalibləri elan olunacaqlar.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan mövzusunun qardaş Özbəkistan mətbuatında daha çox işıqlandırılması və təbliğidir.
Təşkilatçılar Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Özbəkistan Jurnalistlər İttifaqıdır. Müsabiqə Özbəkistanda jurnalistlər arasında aparılacaqdır və cari ilin noyabr ayında müsabiqəyə yekun vurulacaqdır. Qeyd edək ki, müsabiqənin nəticələrini qiymətləndirmək üçün yaradılmış xüsusi işçi qrupuna Özbəkistanın tanınmış jurnalist, redaktorları daxil edilmişdir.
Qaliblər Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları ilə təltif ediləcəklər. Müsabiqədə hər nominasiya üzrə 1-ci yerə layiq görülən jurnalist – 300 $, 2-ci yerə layiq görülən jurnalist 200 $, 3-cü yerə layiq görülən jurnalist 100 $ pul mükafatı veriləcəkdir.
Azərbaycan mövzusunu qardaş Özbəkistanda ən çox işıqlandıran mətbu orqan (qəzet, jurnal, eloktron informasiya vasitəsi) da münsiflər heyəti tərəfindən seçiləcək və qalibə 300 $ pul mükafatı təqdim ediləcəkdir.
Mwsabiqədə iştirak etmək üçün qəzetdə dərc olunan məqalənin surəti, məqalə müəllifinin (jurnalistin) pasportunun surəti və onun CV-si (CV-də onun iş yeri, telefon, email və ünvanı dəqiq göstərilməlidir) Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə təqdim olunmalıdır.
Mərkəzin ünvanı: Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küçəsi 9, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, telefonlar: 293 53 56, 293 52 89, email: culcenter.az@gmail.com

Daşkənddə “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda 11-ci xeyriyyə festivalı keçirilmişdir.



Cari il 11 may tarixində Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidməti “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda 11-ci xeyriyyə festivalı keçirmişdir.
Festivalda Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan guşəsi yaradılmışdır. Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı asılmış, qədim xalçalarımızdan nümunələr, xalqımızın milli musiqi alətləri, suvenirlər, habelə milli məişət əşyaları nümayiş etdirilmişdir.
Özbəkistanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirmiş, qonaqlara öz milli yeməklərini və şirniyyatlarını təklif etmişlər.
Qonaqlara Azərbaycan milli xörəkləri - dolma, aş, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və şərbətlərimiz təklif olunmuşdur.
Qeyd edək ki, festivalda simvolik olaraq bütün yemək və şirniyyatlar satılmış və əldə olunan gəlir isə xeyriyyə məqsədi ilə Özbəkistandakı uşaq evləri və internat məktəblərinə verilməsi nəzərdə tutulmuşdur.
Festivalda Azərbaycan mətbəxinə maraq böyük olmuş və ən çox satılan yeməklər sırasında Azərbaycan milli xörəkləri üstünlük təşkil etmişdir. Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatmışdır.

Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Heydər Əliyev – müstəqil Azərbaycanın memarı” inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması və Ulu Öndərə həsr olunmuş filmin nümayişi keçirilib.



Cari il 10 may tarixində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – müstəqil Azərbaycanın memarı” inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları, diasporumuzun üzvləri, jurnalistlər, habelə Daşkənddəki bir sıra təhsil ocaqlarının müəllim və tələbə heyəti iştirak etmişlər. iştirak etmişlər.
Öncə iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı büstünün önünə əklil və tər çiçəklər qoymuşlar.
Sonra tədbirdə çıxış edən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti, onun Azərbaycançılıq ideyası və ulu öndərin dövlətçiliyimizin dirçəldilməsi sahəsindəki yorulmaz fəaliyyəti haqqında söhbət açmışdır. Qeyd olunmuşdur ki, türk dünyasının görkəmli simalarından biri olan Ulu Öndərin nurlu xatirəsi təkcə Azərbaycanda deyil, bütün türk dünyasında, o cümlədən Özbəkistanda əziz tutulur və ehtiramla yad edilir.
Daha sonra S.Abbasov müsahibə qaliblərinin adlarını açıqlamışdır: Daşkənddəki 147 nömrəli orta məktəbin şagirdi Elnara Baxtimirova birinci, 48 nömrəli məktəbin şagirdi Santalat Əhmədova ikinci, 147 nömrəli orta məktəbin şagirdi Sevinc Cəfərova isə üçüncü yeri tutmuşlar. Tədbir iştirakçılarının alqışları altında qaliblərə diplom və pul mükafatı təqdim olunmuşdur.
Tədbirdə iştirakçılara “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” filmi nümayiş etdirilmişdir.
Tədbirin sonunda Mədəniyyət Mərkəzinin zalında fəxri qonaqlar üçün ziyafət verilmişdir.



Daşkəntdə “Azərbaycan – Özbəkistan uşaqlarının gözü ilə, Özbəkistan – Azərbaycan uşaqlarının gözü ilə” rəsm sərgisi



Cari il 26 aprel tarixində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Azərbaycan – Özbəkistan uşaqlarının gözü ilə, Özbəkistan – Azərbaycan uşaqlarının gözü ilə” rəsm sərgisi keçirilmişdir.
Sərgi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.
Tədbirin təşkilatçıları Özbəkistandakı Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, Özbəkistanın “Yangi Avlod Forumu” və Azərbaycan Dövlət Rəsm Qalereyası olmuşdur.
Sərgidə Özbəkistanın bir sıra ali və orta məktəblərin müəllim, tələbə və şagird kollektivləri, habelə Özbəkistanda səfərdə olan Azərbaycanın “Neftçi” futbol klubunun veteran futbolçuları da tanış olmuşlar.
Sərginin açılışını Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfiri cənab Hüseyn Quliyev etmişdir.
Sərginin başlanğıcında iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklil və tər çiçəklər düzmüşlər.
Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgidə iki dost və qardaş ölkə Azərbaycan və Özbəkistanın balaca istedadlarının rəsmləri iştirakçılarda böyük maraq yaratmışdır. Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Özbəkistana gətirilmiş 50 rəsm, habelə Özbəkistanın “Yangi Avlod Forumu” tərəfindən Özbək uşaqları tərəindən çəkilmiş 50 rəsm, habelə Azərbaycan milli ornamentləri ilə bəzədilmiş suvenirlər sərgi iştirakçılarına nümayiş etdirilmişdir.
Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsədi - Odlar yurdu Azərbaycan haqqında qardaş özbək xalqının uşaq və yeniyetmələrinin, habelə zəngin tarixə malik olan Özbəkistan haqqında Azərbaycan uşaqlarının düşüncələrinin rənglərin dili ilə ictimaiyyətə çatdırmaq olmuşdur.
Özbəkistan uşaqları çəkdikləri şəkillərdə Azərbaycanın tarixi və abidələrinə, Azərbaycan ədəbiyyatına, Azərbaycanın füsünkar təbiətinə daha çox müraciət edilmiş bu mövzu tablolarda öz əksini tapmışdır.



Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri arasında ilk təcrübə!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, habelə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzlərinin Əsasnaməsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları cari il 1 may tarixində fəaliyyətə başlayıb. Qeyd edək ki, Azərbaycan dili kurslarının yaradılması xahişi ilə Daşkənddəki çoxsaylı azərbaycanlılar da Mədəniyyət Mərkəzinə müraciət etmişlər. Kurslar azərbaycanlı tanınmış müəllim, 40 il bu sahədə iş təcrübəsi olan Salama Fətəliyeva tərəfindən aparılır.
Kiçik yaşlı uşaqlarla yanaşı, yaşından və mövqeyindən asılı olmayaraq istənilən şəxs kurslarda iştirak edə bilər. Kurslar ödənişsizdir.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirmişdir ki, kurslarda istifadə etmək üçün iştirakçılar Mərkəz tərəfindən bütün əyani vəsaitlərlə və nəşrlərlə təmin edilir, habelə Mərkəzin kitabxanası Azərbaycan dilinin tədrisi ilə bağlı yeni nəşrlərlə zənginləşdirilmişdir.
Qeyd edək ki, kurslarda yaxşı nəticə əldə edən iştirakçılara yekunda xüsusi sertifikatlar veriləcəkdir.

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfrans.



Cari il 3 aprel tarixində Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfrans təşkil edilmişdir.
Konfransı Azərbaycanın Özbəkistandakı Səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Konfransda Azərbaycan Milli Məclisinin deputatları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
Əvvəlcə qonaqlar adından Ulu Öndərin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklil və təzə-tər çiçəklər qoyulmuşdur.
Mərasim iştirakçıları foyedə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif dillərdə çap olunmuş kitablardan ibarət sərgi ilə tanış olmuşlar.
Konfransı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev açmış, Ulu Öndərin həyatı və fəaliyyəti haqqında məlumat vermişdir. Səfir demişdir ki, Heydər Əliyev həm keçmiş SSRİ dövründə, həm də müstəqil Azərbaycanın rəhbəri olarkən Özbəkistan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Özbəkistanla əlaqələrimizin bu səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. H.Quliyev demişdir ki, Ulu Öndər 1996-cı ilin sonunda Özbəkistanda rəsmi səfərdə olarkən Daşkənddə yeni açılmış Teymurilər Tarixi Dövlət Muzeyinə də getmiş və xatirə kitabına ürək sözlərini yazmışdır. Muzeyin direktoru Nazim Xabibullayev ulu öndər Heydər Əliyevin xatirə kitabına yazdığı mətnin çərçivəyə salınmış fotosurətini səfirə təqdim etmişdir.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Heydər Əliyev və insan hüquqları” mövzusunda məruzə etmişdir. Bu mövzuda geniş söhbət açan deputat demişdir ki, insanlar arasında dostluq liderlər arasında dostluqdan başlanır. O, qeyd etmişdir ki, dövlətlərimizin liderlərinin başladığı bu dostluq əlaqələri bu gün Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və İslam Kərimov tərəfindən uğurla davam etdirilir. R.Aslanova demişdir ki, Azərbaycan bu gün nə əldə etmişdirsə, bu, Heydər Əliyev siyasətinin nəticəsidir.



Milli Məclisin deputatı Qənirə Paşayeva “Heydər Əliyev, Azərbaycanın xarici siyasəti və diaspor” mövzusunda məruzə etmişdir. Q.Paşayeva demişdir ki, Ulu Öndərin düşüncə və fikirləri təkcə Azərbaycanla əhdudlaşmırdı. Xarici ölkələrdə yaşayan soydaşlarımız və türkdilli dövlətlər daim onun diqqət mərkəzində idi. Heydər Əliyev Özbəkistanda özünü Vətənindəki kimi hiss edirdi və bunu dilə gətirirdi. Ulu Öndər hansı ölkəyə gedirdisə, orada yaşayan diasporumuzun üzvləri ilə görüşür, qayğı və problemləri ilə maraqlanırdı. Mən jurnalist kimi Heydər Əliyevi xarici səfərlərdə müşayiət edənlər arasında olmuşam və bütün bunları öz gözlərimlə görmüşəm. Ulu Öndər soydaşlarımızla görüşlərində həmişə deyərdi ki, yaşadığınız ölkənin dilini yaxşı bilməlisiniz, bununla bərabər Azərbaycan dilini də unutmamalısınız, bu sizin ana dilinizdir. Ümummilli lider belə görüşlərdə azərbaycanlıları birliyə çağırırdı.
Milli Məclisin deputatı Aydın Abbasov Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin tarixindən danışmış, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Heydər Əliyev, elm və dövlətçilik”, həmin institutun şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə “Heydər Əliyev, vətəndaş cəmiyyəti və gender siyasəti”, professor Habil Qurbanov “Heydər Əliyev və qanunvericilik”, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov “Özbəkistan və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində ölkə rəhbərlərinin rolu”, səfirliyin hərbi attaşesi Elbrus Orucov “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzularında məruzələr etmişlər.
Daşkənddə yaşayan tanınmış soydaşımız, Azərbaycanın və Özbəkistanın Xalq Artisti Firudin Səfərov demişdir ki, Heydər Əliyev bütün digər sahələr kimi ədəbiyyat və mədəniyyəti də yaxşı bilirdi, mədəniyyət xadimləri ilə dostluq edirdi. Xalqımızın tanınmış şəxsiyyətləri - SSRİ Xalq artistləri Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov və başqaları ilə dostluq edir, daim onların konsertlərinə gedirdi. Mərasim böyük konsert proqramı ilə başa çatmışdır.



Daşkənddə Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir



Azərbaycanın Özbəkistandakı səfirliyi Azərbaycan Mədəniyyət Mərkəzi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 31 mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar mərasim keçirilmişdir.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər. Mərkəzin foyesində soyqırımla bağlı Azərbaycan, rus və ingilis dillərində tərtib edilmiş stendlər, 1918-ci ilin mart hadisələrini əks etdirən fotoşəkillər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar və məlumat nəşrləri nümayiş etdirilmişdir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, erməni daşnakları 1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı, Lənkəran, Naxçıvan, Hacıqabul, Salyan, Zəngəzur və digər bölgələrimizdə yüzlərlə kənd və qəsəbələrimizi yerlə yeksan edilmiş, minlərlə dinc sakini məhz azərbaycanlı olduğuna görə işgəncələrlə qətlə yetirilmişlər. O günlərdə daşnak Stepan Şaumyanın rəhbərliyi ilə ancaq Bakıda təxminən 30 min dinc sakin-qocalar, qadınlar, uşaqlar qəddarlıqla öldürülmüşdür. Bakıdakı Təzəpir məscidi, İsmailiyyə binası (İndiki AMEA-nın rəyasət heyəti) və digər abidələrimiz yandırılmışdır.
S.Abbasov o müdhiş günlərdə Qubada 122, Dağlıq Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd məhv edildiyini və sonralar Qubada aşkar olunan toplu məzarlığın məhz o qanlı günlərin nişanəsi olduğunu bildirdi.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev diasporumuzun üzvlərini səfirliyimizin tədbirlərində fəal olmağasəsləmişdir. Qeyd olunmuşdur ki, diasporumuzun üzvlərisəfirliyin tədbirlərində dəvətsiz iştirak edə bilərlər.
Sonra “Bakısoyqırımı” sənədli filmi nümayiş etdirilmişdir.

Daşkənddə azərbaycanlıların möhtəşəm Novruz şənliyinin ünvanı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur.



Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində cari il 22 mart tarixində geniş bayram şənliyi keçirilmişdir. Tədbir Səfirlik və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Tədbirdə Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin diplomatları, ziyalılar, Azərbaycan diaspor təşkilatının nümayəndələri, Qadınlar Şurasının üzvləri, yerli əhali iştirak etmişlər.
Tədbir Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində açıq havada təşkil edilmiş və Mərkəzin həyətində süfrələr Novruz şirniyyatları ilə bəzədilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bütün iştirakçıları şərq xalqlarının gözəl bayramı – Novruz bayramı münasibəti ilə təbrik etmişdir. S.Abbasov Novruz bayramını qeyd etmək məqsədi ilə Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tədbirlər haqqında məlumat vermişdir.
Novruz şənliyində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Quliyev təbrik çıxışı etmişdir. O, Novruz bayramını Azərbaycan xalqı yüzillərlə qeyd etdiyini və bu bayramın Azərbaycan dövləti tərəfindən daim yüksək səviyyədə qeyd olunduğunu bildirmişdir.
Tədbirdə Azərbaycan diasporası rəhbəri Mobil Məmmədov da təbrik çıxışı etmişdir.

Sonra tədbirin bədii hissəsi başlanmışdır. Novruz şənliyində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycandan tanınmış müğənnilər Elnarə Abdullayeva, Aşıq Əli, Valid Abdullayev və digər sənətçilər çıxış etmişlər. Bayram şənliyində Azərbaycandan gələn müğənnilərin çıxışı böyük maraqla qarşılanmışdır.

Tədbiri izləmək üçün azərbaycanlılarla yanaşı, xeyli sayda yerli özbəklər də Azərbaycan Mədəniyyət Mərkəzinə gəlmişlər. Bayram konsertində böyük izdiham olmuş və konsert tamaşaçıların alqışları ilə davam etmişdir.
Qeyd edək ki, xalqımızın milli bayramı Novruz bayramı münasibəti ilə Mədəniyyət Mərkəzinin zalında Özbəkistanda fəaliyyət göstərən səfirlər və onların mədəniyyət işləri üzrə ataşeləri üçün “Novruz” ziyafəti təşkil olunmuşdur.



Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 8 mart – Beynəlxalq Qadınlar Bayramı qeyd olunmuşdur.



Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “8 mart – Beynəlxalq Qadınlar Bayramı” münasibəti ilə bayram tədbiri keçirilmişdir.
Tədbir Səfirlik və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı keçirilmişdir.
Tədbirdə Səfirlik, Özbəkistanda yaşayan Azərbaycanlı ziyalı qadınlar, Azərbaycan diaspor təşkilatının nümayəndələri, Qadınlar Şurasının üzvləri iştirak etmişlər.
Bayram tədbirini giriş sözü ilə Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin müşaviri Akif Əliyev açaraq bütün qadınları 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək onlara həyatlarında uğurlar arzulamışdır.
Bayram tədbirində hazırlanmış bədii hissə iştirakçılara təqdim edilmişdir. Mədəniyyət Mərkəzinin nəzdnində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs qrupu gözəl rəqs nömrələri ilə çıxış etmişlər.
Tədbirdə Azərbaycanın Əməkdar artisti Kökəb Əliyeva, “Özbəkistan bizim evimizdir” festivalının laureatı Jasmina Fayradova öz musiqiləri ilə qonaqlarda xoş təsürat yaratmışlar.
Bayram şənliyində iştirakçılara online olaraq xalq artisti Zülfiyyə Xanbabayevanın “Azərbaycan” mahnısı və Natiq Ritm Qrupunun çıxışı təqdim olundu. Tədbirdə Azərbaycan qadınına ithaf edilmiş şeirlər oxunmuş və Özbəkistanda bir sıra tanınmış xanımlar öz təbrik çıxışlarını etmişlər.

Mərkəzimizdə “Xocalıya ədalət” kampaniyasının davamı olaraq anım mərasimi və “XOCA” filminin təqdimatı keçirilmişdir.



Cari il 23 fevral tarixində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” kampaniyasının davamı olaraq anım mərasimi və “XOCA” filminin təqdimatı keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin əməkdaşları, xarici ölkə səfirliklərinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, Özbəkistan ictimaiyyətinin nümayəndələri, KİV əməkdaşları iştirak etmişlər.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Özbəkistandakı səfiri cənab Hüseyn Quliyev çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı və erməni separatçılarının Xocalıda törətdiyi qətliamı pisləyərək bu cür hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu qeyd etmişdir.
Tədbirin “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirildiyi və “Xocalıya ədalət” kampaniyasının 2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Konfransı Təşkilatının mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürüldüyü iştirakçıların diqqətinə çatdırılmışdır. Kampaniyanın əsas məqsədinin beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, sözügedən soyqırıma beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsini, həmçinin beynəlxalq səviyyədə anılmasının təmin etmək olduğu qeyd edilmişdir.
Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində sərgi və stendlərdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı faciəsinə dair hazırlanmış nəşrlər, banerlər, “XOCA” filminə dair posterlərləri nümayiş etdirilmişdir.
Daha sonra iştirakçılara “Bakıfilm” kinostudiyası tərəfindən çəkilən, rejisor Vahid Mustafayevin “Xoca” filmi nümayiş etdirilmişdir. Film iştirakçılarda Xocalı faciəsi haqqında təsürat yaratmış və onlar ilk dəfə olaraq o qanlı hadisələrə filmdə izləmişlər. Qeyd edək ki, filmi izləmək üçün xeyli sayda insan Mədəniyyət Mərkəzinə gəlmiş və təqdimatda iştirak etmişdir.



Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan diaspor fəalları ilə görüş keçirilmişdir.

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan diaspor təşkilatının nümayəndələri, Qadınlar Şurasının üzvləri ilə görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirinin xanımı Gülzarə Quliyeva, Səfirliyinin əməkdaşları, Özbəkistandakı azərbaycanlı fəal qadınlar və diaspor təşkilatının üzvləri iştirak etmişlər.
Tədbirdə Mədəniyyət Mərkəzinin fəaliyyəti, qarşıda duran işlər və gələcəkdə həyata keçiriləcək layihələr geniş müzakirə olunmuşdur.
Görüş zamanı Mərkəzin yeni direktoru iştirakçılara təqdim olunmuş və o, Mərkəzin fəaliyyəti, gələcəkdə həyata keçiriləcək işlər haqqında iştirakçıları məlumatlandırmışdır. Direktor Samir Abbasov Azərbaycan diaspor təşkilatı fəallarının suallarını cavablandırmış və onların təkliflərinin Mərkəzin 2013-cü il üçün Tədbirlər Planında nəzərə alınacağını bildirmişdir. Görüşdə diaspora fəalları Mərkəzdə əsasən Azərbaycan dilində kursların təşkil edilməsini xahiş etmişlər.
Qeyd etməliyik ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində azərbaycanlıların kompakt yaşadığı Mirabad rayonunda Heydər Əliyev küçəsində möhtəşəm Heydər Əliyev Mərkəzinin rəsmi olaraq açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Baş Naziri Şövkət Mirziyayev tərəfindən 2010-cu il sentyabrın 10-da olmuşdur.

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası