Özbəkistanda “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti keçirilib.
(13/05/2015) Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan konsertdə Azərbaycandan və Özbəkistandan fəxri qonaqlar, deputatlar, dövlət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Özbəkistana akreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatları, Azərbaycan diasporunun üzvləri, tələbələr, jurnalistlər iştirak etmişlər.
Qeyd edək ki, Özbəkistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə tədbirlər davam edir və təşkil olunan konsertə Özbəkistan ictimaiyyəti böyük maraq göstərmişdir.
Səfir Hüseyn Quliyev tədbiri giriş sözü ilə açaraq, ulu ondər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açmış, məhz ümummilli liderin 92-ci ildönümü münasibəti ilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin Bakıdan xüsusi olaraq dəvət olunduğunu qeyd etmişdir.
Tədbirin bədii hissəsində Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Vaqif Mustafazadə və digər tanınmış qərb bəstəkarların əsərləri ifa olunmuşdur.
Konsertdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Əməkdar Artist Samirə Cəlilova, Beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəlizadə və Emil Bağırov Azərbaycan və dünya bəstəkarlarının klassik əsərlərini ifa etmişlər.
Orkestrin dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov olmuşdur.
Konsert böyük maraqla qarşılanmış, dəfələrlə tamaşaçıların alqışları ilə müşaəyət olunmuşdur.
Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə Daşkənddə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı mərasim keçirilib.
(12/05/2015) Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun fəalları, Daşkənddəki ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.
Əvvəlcə qonaqlar və mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə əklillər və çiçək dəstələri qoyublar. Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan sərgi tədbir iştirakçılarında böyük maraq doğurub.
Hüseyn Quliyev müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, Ulu Öndərin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq.
Milli Məclisin deputatı Elmira Axundova jurnalistlik fəaliyyəti dövründə ulu öndər Heydər Əliyevlə Naxçıvanda və Bakıda görüşlərini xatırladıb, onun qətiyyətli siyasətçi, yüksək liderlik keyfiyyətlərinə, güclü energetika və auraya malik şəxsiyyət olduğunu diqqətə çatdırıb.
E.Axundova deyib ki, bu böyük şəxsiyyət haqqında yazdığı “Şəxsiyyət və zaman” yeddicildliyini Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasına təqdim edib. O, gənclərə məsləhət görüb ki, bu kitabları oxusunlar, çünki Heydər Əliyev şəxsiyyətindən çox şey öyrənə bilərlər.
Uzun illər Heydər Əliyevin şəxsi mühafizə qrupunun rəhbəri olmuş Aleksandr İvanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, bu fenomen şəxsiyyəti bir ata və dost kimi xarakterizə edib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov ölkələrimiz arasında əlaqələrin bu səviyyəyə çatmasında Heydər Əliyevin xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb.
Daşkənddə “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalı keçirilmişdir.
Cari il 2 may tarixində Daşkəndə keçirilən “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalında Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil etmişlər.
Özbəkistanda fəaliyyət göstərən 50-dən çox səfirlik və diplomatik nümayəndəliklərin iştirak etdiyi Festivalı Özbəkistanın Xarici İşlər Nazirliyi və onun Diplomatik Servis Xidməti tərəfindən təşkil edilmişdir.
Özbəkistanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirmiş, qonaqlara öz milli yeməklərini və şirniyyatlarını təklif etmişlər.
Qeyd edək ki, festivalda milli yeməklərin satışından əldə olunan gəlir xeyriyyə məqsədi ilə Özbəkistandakı uşaq evlərinə əvəzsiz olaraq veriləcəkdir.
Tədbirdə Azərbaycanın Özbəkistan Respublikasındakı Səfiri Hüseyn Quliyev, Azərbaycan Səfirliyi, onun Mədəniyyət Mərkəzi, habelə Daşkənddəki azərbaycanlılar fəal iştirak etmişlər.
Azərbaycan Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi builki festivalda iştirakını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr etmişlər.
Qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və s. təklif olunmuşdur. Azərbaycan yeməklərinə festival iştirakçıları ən böyük maraq göstərmiş və sifariş verdiyi milli mətbəx nümunəsi olmuşdur.
Tədbir çərçivəsində Festivalın Təşkilat Komitəsinə, Özbəkistandakı xarici ölkələrin səfirlərinə Azərbaycan yeməkləri və şirniyyatları ilə ziyafət verilmişdir.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı asılmış, xalqımızın milli musiqi alətləri, suvenirlər və həmçinin milli məişət əşyaları nümayiş etdirilmişdir.
Guşədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəxi ilə əlaqədar nəşrlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar nümayiş etdirilmişdir.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam etmişdir. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa etmişlər.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırmış, Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun Mədəniyyət Mərkəzi xüsusi fərqlənmə diplomuna layiq görülmüşdür. Festival yerli KİV-lərdə geniş işıqlandırılmışdır.
Daşkənddə “Xalqların adət-ənənələri” adlı festival keçirilib.
Daşkəndin Dəmiryol və Nəqliyyat Kollecində “Xalqların adət-ənənələri” adlı festival keçirilib. Ölkəmizi festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Mədəniyyət mərkəzi üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, tariximiz, mədəniyyətimiz və incəsənətimizdən bəhs edən nəşrlər, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar haqqında kitablar, habelə suvenirlər yer alıb.
Festival iştirakçıları öz xalqlarının adət-ənənələrini, rəqs və musiqilərini təqdim ediblər.
AMM-in nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının çıxışı maraqla qarşılanıb. Sonda daha çox fərqlənən kollektivlərə fəxri diplomlar verilib. Onların sırasında AMM də var.
Daşkənd İslam Universitetində “Azərbaycan mədəniyyəti”nin təqdimatı olub.
(29/04/2015) Orta Asiyanın nüfuzlu ali məktəblərindən olan Daşkənd İslam Universitetində yaradılan Benəlmiləl tələbə hərəkatı ilk tədbirini Azərbaycana həsr etmişdir.
Tədbirə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspora təşkilatı dəstək vermişdir.
Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan diaspora təşkilatının əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Daşkənd İslam Universitetinin rektoru Rövşən Abdullayev tələbə hərəkatının ilk tədbirini Azərbaycana həsr etməsini bu qardaş ölkəyə olan sevgi və hörmətdən irəli gəldiyini qeyd etmişdi. Rektor çıxışında Özbəkistanda Azərbaycanın zəngin mədəniyyətinə böyük maraq olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi Əlişir Nəvai dövründən başlanan Azərbaycan-Özbək dostluğunun tarixinin qədim dövrlərə təsadüf etdiyini qeyd etdi. O, Azərbaycan dövlətinin Özbəkistanla bütün sahələrdə, xüsusi ilə mədəniyyət sahəsində əlaqələrə xüsusi önəm verdiyini bildirmiş və Azərbaycanın müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin Özbəkistanla əlaqələrin yaradılmasında müstəsna rolundan danışmışdır.
Azərbaycan Diaspora təşkilatının icraçı direktoru Firdovsi Hüseynov və digər natiqlər tədbirin əhəmiyyətindən və iki xalq arasında dostluq münasibətləri barədə çıxış etmişlər.
Daha sonra Azərbaycanın son illər əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzlərinin və Daşkənd İslam Universitetinin birgə hazırladığı musiqi nömrələri, rəqslər və səhnəciklər təqdim edilmişdir. Azərbaycanlı müğənni Rəna Əzizova Azərbaycan mahnılarını, “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizi ifa etmiş, Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərindən səhnələri iştirakçılara təqdim edilmişdir.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan mədəniyyətinə dair suvenirlərin, milli musiqi alətlərinin sərgisi keçirilmiş, habelə Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, Özbəkistan-Azərbaycan əlaqələri, Ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, dağlıq Qarabağ münaqişəsinə dair kitablar Universitetin müəllim və tələbə heyətinin marağına səbəb olmuşdur.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində “Könlüm keçir Qarabağdan” adlı
Azərbaycan abidələrinin fotosərgisi keçirilmişdir.
(28/04/2015) Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Daşkənddə “Könlüm keçir Qarabağdan” adlı Azərbaycan abidələrinin fotosərgisi keçirilmişdir.
Tədbirdə Azərbaycan səfirliyinin və mədəniyyət mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, alimlər, Azərbaycan diasporasının Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tələbələr və jurnalistlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Azərbaycan Səfirliyinin birinci katibi, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq Qarabağın tarixi, abidələri haqqında məlumat vermiş, Qarabağın tanınmış şəxsiyyətləri haqqında söhbət açmışdır. O, Özbəkistanda Azərbaycan Səfirliyi və onun Mədəniyyət Mərkəzi tərəfindən Qarabağ probleminə dair təbliğati işlərin genişləndirildiyini bildirmişdir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Almaniyanın Berlin şəhərindəki “Azərbaycan Evi”nin əməkdaşı Yeganə Azadova və başqaları tədbirin əhəmiyyətindən danışmış və bu cür təbliğati tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd etmişlər.
Tədbirdə “Şuşa” sənədli filmi nümayiş etdirilmişdir. Filmdə Şuşanın füsunkar təbiəti, görüntüləri, turizm gözəllikləri, habelə tarixi öz əksini tapmışdır.
Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri, laureat Rəna Əzizova Qarabağ haqında mahnılar ifa etmişlər.
Daha sonra sərginin rəsmi açılışı olmuşdur. Mədəniyyət Mərkəzinin foyesində Qarabağ abidələri, təbiəti, dahi şəxsiyyətlərinə dair fotosərgi icyimaiyyətin marağına səbəb olmuşdur.
Qeyd edək ki, fotosərgi ilə yanaşı tədbirdə Qarabağ xalçaları, Qarabağa aid Azərbaycan kişi və qadın geyimlərinin maketləri, Şuşa məscidi, Gəncəsar məbədi, Şuşa qalası və Qarabağdakı digər abidələrin maketləri, Azərbaycan kəlağayıları nümayiş etdirilmişdir.
Tədbir çərçivəsində Qarabağa dair Azərbaycan mətbəxinin nümunələri - Qarabağ kətəsi, fəsəli, kükü, şəkərbora, paxlava və s. yemək, şirniyyatlar iştirakçılara təqdim edilmişdir.
Tədbirin sonunda iştirakçılara qarabağa dair nəşrlər – kitab, qəzet və bukletlər hədiyyə edilmişdir. Tədbir yerli KİV-lərdə və Özbəkistan Dövlət Televiziyasında geniş işıqlandırılmışdır.
Özbəkistanda "İstirahət dünyası" Beynəlxalq Turizm Sərgisinin açılışı olmuşdur.
(27/04/2015) Hər il Özbəkistanda keçirilən "İstirahət dünyası" Beynəlxalq Turizm Sərgisinin dünən Daşkənddə rəsmi açılışı olmuşdur.
Sərginin keçirilməsində əsas məqsəd yerli və xarici turizm firmalarına öz məhsullarını təqdim etmək imkanı yaratmaq və turizm resurslarını təbliğ etmək olmuşdur.
Qeyd edək ki, tədbirdə Özbəkistanın turizm firmaları ilə yanaşı, Avropa, Türkiyə və bir sıra Asiya ölkələri öz turizm resurslarını nümayiş etdirirlər. Açılış mərasimində Özbəkistanın dövlət nümayəndələri, xarici ölkələrin səfirləri və çoxsaylı ictimaiyyət iştirak etmişdir.
Sərginin giriş sözü ilə açan Özbəkturizm Milli Şirkətinin sədr müavini Ənvər Temirxodjaev Özbəkistanın son illər turizm sahəsində əldə etdiyi uğurlardan danışmış və bu sahədə mühüm işlərin görüldüyünü qeyd etmişdir.
Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev açılış mərasimində çıxış edərək, Azərbaycan builki sərgidə yüksək səviyyədə iştirakından danışmış və ölkəmizdə son illər turizm sahəsində həyata keçirilən nəhəng layihələr barədə məruzə etmişdir.
Çıxış edən digər natiqlər turizm sənayesinin iqtisadiyyatda tutduğu yer, bu sahənin işsizliyin aradan qaldırılmasında rolu barədə danışmışlar. Onlar sərginin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Daha sonra sərginin rəsmi açılışı olmuşdur.
Bu ilki "İstirahət dünyası" Özbəkistan Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Özbəkistandakı Səfirliyi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və “Naftalan Çinar otel”i təmsil etmişlər.
Sərgidə Azərbaycan mədəniyyəti, mətbəxi, milli geyimləri və zəngin turizm resursları təbliğ edilmişdir. Çoxsaylı sərgi iştirakçılarının marağını cəlb edən Azərbaycan stendində ölkəmizin turizminə dair nəşrlər paylanılmışdır. Qeyd edək ki, sərgidə Azərbaycanın istirahət məkanları haqqında nəşrlərlə yanaşı videoçarx nümayiş etdirilmiş, habelə Özbək turistləri üçün Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi tərəfindən Naftalana cari ilin avqust ayında təşkil ediləcək müalicə-istirahət turunun təqdimatı olmuşdur.
Festival çərçivəsində müxtəlif folklor və musiqi qrupları çıxış etmiş, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqsləri ifa etmişlər.
Sərgi yerli KİV-lərdə geniş işıqlandırılmışdır. Qeyd edək ki, sərgi iki gün (27-28 aprel) fəaliyyət göstərəcəkdir.
Daşkənddəki Beynəlxalq Westminister Universitetində dünya xalqlarının mədəniyyət festivalında Azərbaycan təmsil olunmuşdur.
(18.04.2015) Hər il Özbəkistanın Beynəlxalq Westminister Universitetində ənənəvi olaraq keçirilən dünya xalqlarının mədəniyyəti festivalında Azərbaycan mədəniyyəti, incəsənəti, tarixinə dair sərgi təşkil olunmuşdur.
Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil etmişdir.
Festivalın açılış mrasimində Özbəkistanın Beynəlxalq Westminister Universitetinin rektoru Komilcan Karimov qərb təhsil standartlarının tətbiq edildiyi və Orta Asiyada xarici tələbələrin ən çox təhsil aldığı Westminister Universitetində keçirilən xalqların mədəniyyəti və incəsənəti gününün əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, tədbir böyük təbliğati aksiyadır.
Festivalda Universitetlə sıx əməkdaşlıq edən bir sıra səfirlik və mədəniyyət mərkəzləri mükafatlandırıldılar. Açılış mərasiminə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, habelə Özbəkistandakı Hindistan Mədəniyyət Mərkəzinə fəxri diplomlar verilmişdir.
Azərbaycan üçün ayrılmış otaqda dövlət bayrağımız, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin tarixinə, mədəniyyətinə, turizminə dair kitablar, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrlər sərgilənmişdir. Təşkil olunan videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri nümayiş olunmuşdur.
Festivalda milli suvenirlərimiz, məişət əşyalarımız, həmçinin Azərbaycan musiqi alətləri, Mədəniyyət Mərkəzinin nəzdindəki naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri iştirakçıların marağına səbəb olmuşdur.
Azərbaycanla bağlı bölməyə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunmuş və məlumatlandırılmışlar.
Qeyd edək ki, Festivalda ABŞ, Böyük Britaniya, İtaliya, Çin, İran, Misir, Hindistan, Pakistan, Orta Asiya dövlətlərinin Özbəkistandakı mədəniyyət mərkəzləri və səfirlikləri iştirak etmişlər.
Daşkənddə özbək və rus dillərində çap olunan “Möcuzəli Naftalan Azərbaycan” kitabçasının təqdimatı olub.
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində özbək və rus dillərində çap olunan “Möcuzəli Naftalan. Azərbaycan” kitabçasının təqdimatı olub.
Tədbirdə Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin professor-müəllim heyəti, turizm firmalarının nümayəndələri, mətbuat nümayəndələri, tələbələr iştirak ediblər.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı dirtektoru Erkin Nuriddinov bildirib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan kitabçada Naftalan və onun möcuzəli nefti haqqında söhbət açılır.
O bildirib ki, nəşrdə şəfavricı xüsusiyyəti ilə bütün dünyada məşhur olan Naftalandakı sanatoriyalar haqqında da məlumat verilir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında qeyd edib ki, Naftalan sanatoriyası 1926-cı ildən fəaliyyət göstərir. S.Abbasov vurğulayıb ki, nəşrin hazırlanmasında əsas məqsəd Azərbaycanın turizm potensialının təbliği və Naftalana maraq göstərən, habelə burada müalicə almaq istəyən özbək turistlərinə informasiya dəstəyi göstərməkdir. S.Abbasov Azərbaycanda turizmin inkişafına dövlət qayğısından danışıb və bu sahədə ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar barədə məlumat verib. O bildirib ki, Mədəniyyət Mərkəzi bu ilin avqust ayında özbək turistləri üçün Naftalana on günlük müalicə turu da təşkil edəcəkdir.
Çıxış edənlər Özbəkistandakı Azərbaycan diaspora təşkilatının icraçı direktoru Firdovsi Hüseynov, Universitetdəki Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzinin rəhbəri Gülbahar Aşurova Özbəkistanda Naftalan neftinə, orada müalicə almağa böyük maraq olduğunu vurğulayıblar və bu layihənin uğurlu olacağına əmin olduqlarını bildiriblər.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Salama Fətəliyeva Naftalan və onun səfaverici nefti haqqında məruzə edərək layihəni iştirakçılara təqdim edib. Layihəyə dair iştirakçıların suallarını cavablandırıb. Qeyd olunub ki, layihəyə Azərbaycanın “My Travel” turizm firması da təşkilati dəstək göstərəcək.
Təqdimat mərasimi çərçivəsində Naftalan haqqında sənədli film də nümayiş olunmuşdur. Tədbirin sonunda “Möcuzəli Naftalan. Azərbaycan” kitabçası iştirakçılara paylanmış və Azərbaycanın turizm potensialına dair sərgi iştirakçılara təqdim olunmuşdur.
Prezident İlham Əliyev İslam Kərimovu yenidən Özbəkistan prezidenti seçilməsi münasibətilə təbrik edib.
Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam Abduqəniyeviç,
Yenidən Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qələbəniz uzun müddət ərzində Sizin həyata keçirdiyiniz dərindən düşünülmüş, ardıcıl siyasətin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsini inandırıcı şəkildə təsdiq edir. Bu gün Özbəkistan müstəqilliyin və demokratiyanın möhkəmləndirilməsi, dinamik sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Özbəkistan dünya birliyində layiqli yer tutur, beynəlxalq aləmdə onun nüfuzu artır.
Xalqlarımız arasında çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi Azərbaycanda yüksək qiymətləndirirlər. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq qardaş xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dönmədən inkişaf edəcək.
Əziz İslam Abduqəniyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Özbəkistanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 mart 2015-ci il.
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 97 il ötür.
(31/03/2015) 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Daşkənddə Azərbaycanın Naftalan: müalicə-istirahət mərkəzi haqqında özbək və rus dillərində kitab hazırlanmışdır.
(30/03/2015) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda Azərbaycanın Naftalan:müalicə-istirahət mərkəzi haqqında “Муъжизавий Нафталан: Озарбойжон” adlı məlumat nəşri hazırlanmışdır. Məlumat nəşri iki dildə - özbək və rus dillərindədir.
Nəşrin hazırlanmasında əsas məqsəd Azərbaycanın turizm resurslarının təbliği və Naftalana maraq göstərən, habelə burada müalicə almaq istəyən Özbək turistlərini informasiya dəstəyi göstərməkdir.
Kitabda ilkin olaraq Azərbaycanın qərbində yerləşən Naftalan şəhəri haqqında məlumat verilir, öz möcüzəsi və şəfası ilə bütün dünyada məşhur olan Naftalan neftinin tarixi, müalicəvi xarakteristikası, burada yaradılmış və müasir standartlara cavab verən şərait, otel, sanatoriyaların xidmətləri geniş işıqlandırlır.
1926-cı ildən fəaliyyətə başlayan Naftalan sanatoriyaları Sovet dövründə və bugün, müstəqillik dövründə dünyanın müxtəlif yerlərindən gələn xəstələrə şəfa verdiyi və 70-ə yaxın xəstəliyin müalicəsi üçün Naftalan neftinin faydalı olduğu nəşrdə qeyd olunur.
İlk dəfə olaraq məlumat nəşrində maraqlananlar Naftalan şəhərində fəaliyyət göstərən otellər, buradakı xidmətlər, qiymətlər barədə məlumat əldə edə bilərlər.
Qeyd edək ki, Özbəkistanda Naftalan müalicəvi sanatoriyalarına böyük maraq vardır. Məhz bu layihənin davamı olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə cari ilin yay aylarında özbəklər üçün özhesablarına Naftalana on günlük müalicə turu təşkil ediləcəkdir. Layihəyə Azərbaycandan “My Travel” turizm firması da təşkilati dəstək göstərəcəkdir.
Bu məqsədlə nəşrin sonunda sifarişçilər üçün bu şəhərdə müalicə turunu təşkil edən əlaqələndirici təşkilatların məlumatları da daxil edilmişdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Naftalana müalicə turu və “Муъжизавий Нафталан:Озарбойжон” adlı kitabın cari ilin 10 aprel tarixində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində geniş ictimaiyyətin iştirakı ilə təqdimatı keçiriləcəkdir.
Daşkənddə Novruz bayramı təntənəli şəkildə qeyd olunub.
(18/03/2015) Azərbaycanın Özbəkistandakı səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə Novruz bayramı şənliyi keçirilmişdir.
Bayram tədbiri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmişdir.
Tədbirdə Özbəkistanın dövlət nümayəndələri, bu ölkəyə akreditə olunmuş səfirliklər, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, Azərbaycan diasporasının rəhbər və üzvləri, azərbaycanlı tələbələr, jurnalistlər, yerli özbəklər iştirak etmişlər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Novruz bayramı haqqında söhbət açmış, bayramın tarixi haqqında məlumat vermişdir.
Diplomat bildirmişdir ki, 2010-cu ildə Azərbaycanın təşəbbüsü, ilə BMT Baş Məclisi yekdilliklə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul etmişdir. Səfir çıxışında qeyd edib ki, Novruz yenilik, bolluq, sülhə, əmin-amanlığa çağırış bayramıdır.
Çıxış edənlər bildirmişlər ki, Novruz bayramı Azərbaycanla yanaşı, Özbəkistanda da geniş qeyd olunur, bu məqsədlə silsilə tədbirlər keçirilir.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edən bir sıra qurumların rəhbərləri mükafatlandırılmış, onlara fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Özbəkistanın “Uzbeqim yoşları” musiqi qrupunun solistləri Movcuda Alimova, Omadbek Axmadjonov və Umida Tadjimatova Azərbaycan və özbək mahnılarını ifa etmişlər. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir sıra milli rəqslərimizi ifa etmiş və çıxışlar iştirakçıların alqışları ilə qarşılanmışdır.
Müğənni Xilola Sadikova böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və Daşkənd Xareoqrafiya Məktəbənin tələbələrinin hazırladıqları proqram iştirakçılara təqdim etmişdir.
Bayram şənliyi ilə əlaqədar tədbir iştirakçılarına Novruz şirniyyatları paylanmış, rəsmi qonaqlara Azərbaycan milli yeməkləri və şirniyyatları təqdim olunmuşdur.
Mərasimdə ənənəyə uyğun olaraq Novruz tonqalları qalanmış, milli geyimli qızlar tonqal ətrafında rəqslərimizi ifa etmişlər.
(07/03/2015) Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bütün qadınları 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə təbrik edirik. Onlara daimi xoşbəxtlik, səadət və möhkəm can sağlığı arzulayırlq.
Arzu edirik ki, dünyada bütün qadınlar sülh, əminamanlıq və firavanlıq şəraitində yaşasınlar.
Özbəkistanda Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirib.
(26/03/2015) Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirib.
Tədbirdə Özbəkistandakı xarici ölkələrin səfirləri, bu ölkəyə akkreditə olunan çoxsaylı diplomatlar, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mərasim iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuş, onlara kitablar və məlumatlar paylanmışdır.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu qətliam barədə ətraflı məlumat vermişdir. Səfir bildirmişdir ki, Xocalı faciəsi erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli soyqırım və etnik təmizləmə siyasətidir, bu soyqırım təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı törədilən vəhşilikdir. O, bu günə qədər dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatlarının Xocalı soyqırımını rəsmi olaraq tanıdıqlarını qeyd etmişdir.
Daha sonra çıxış edən Türkiyənin Özbəkistandakı səfiri Namik Önər ermənilərin tarix boyu azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklərdən danışıb. Səfir, Xocalı faciəsini dövrün ən qanlı soyqırımlarından biri olduğunu qeyd etdi. O, Türkiyənin hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini bildirdi.
Daşkənddəki Beynəlmiləl Respublika Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev ermənilərin Xocalıda törətdikləri cinayətləri pisləyərək bildirmişdir ki, ermənilər ötən əsrin əvvəllərində Özbəkistanın Kokand vilayətində də bolşeviklərin dəstəyi ilə yerli özbəklərə qarşı çoxsaylı qətliamlar törətmişdir. O, Özbəkistanın qardaş Azərbaycan xalqının hər zaman yanında olduğunu və dərdinə şərik olduqlarını bildirmişdir. Daha sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Xocalı faciəsini özündə əks etdirən sənədli film və “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın “Məhv edilmiş arzular” (Broken dreams) klipi nümayiş etdirildi.
Qeyd edək ki, Xocalı soyqırımına Özbək mətbuatı geniş yer vermiş və faciənin 23-cü ildönümü ilə əlaqədar çoxsaylı məqalələr dərc edilmişdir.
“Arşın mal alan” musiqili komediyası Özbəkcə yeni quruluşda Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında nümayiş olundu.
Daşkənddəki Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşası olub.
Tamaşa Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət
elm və incəsənət xadimləri, Özbəkistanda Azərbaycan diasporunun üzvləri, mətbuat içşiləri iştirak etmişlər.
Tamaşaya teatrın rejissoru, əməkdar incəsənət xadimi Əhəd Farmonov quruluş verib. Dirijor Askil Turayevdir. Əsas rolları Rövşən İbrahimov, Umud Şadmanov, Nərgiz Şohobayeva ifa ediblər.
Yüz illər keçməsinə baxmayaraq “Arşın mal alan” Özbəkistanda sevilir və olduqca populyardır. Özbək teatr səhnəsində o dəfələrlə özbək və rus dillərində tamaşaya qoyulmuşdur.
Özbəkistan Dövlət Televiziyası “Arşın mal alan” filmini özbəkcə dubliyaj etmiş və sözügedən film hər il Özbəkistanda nümayiş olunur.
Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşasına böyük maraq olmuş, Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında tamaşa anşlaqla keçmiş və alqışlarla qarşılanmışdır.
“Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa Özbəkistan Milli Dram Teatrının səhnəsində.
(26/01/2015) Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa təqdim olmuşdur.
Qeyd edək ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanova olmuşdur.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları da iştirak etmişlər.
Tədbirin açılışında çıxış edən Özbəkistandakı Azərbaycan Səfirliyinin birinci katibi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan teatrlarının bu təşəbbüsünü yüksək qiymətləndirdiyini, Azərbaycan mədəniyyətinə Özbəkistanda böyük maraq olduğunu qeyd etmişdir. S.Abbasov U.Hacibəyovun “Arşın mal alan” tamaşasının qardaş ölkədə dəfələrlə səhnəyə qoyulmasına baxmayaraq bugün də aktual olduğunu söylədi. O, iki ölkə arasında mədəni əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnun olduğunu və gələcəkdə də bu cür layihələrə dəstək veriləcəyini bildirdi.
Daha sonra “Arşın mal alan” tamaşasından musiqi nömrələrini beynəlxalq müsabiqələr laureatı Özbəkistanın “Qolden Trophu” Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa etmişlər. Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunmuşdur. İfa tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanmışdır.
Tədbirin sonunda çıxış edən konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanova tamaşaçılara, habelə Azərbaycan Səfirliyinə və Mədəniyyət Mərkəzinə göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir.
20 yanvar faciəsi Özbəkistanda anıldı.
(18.01.2015) Hər bir xalqin tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu.
Daşkənddə 18 yanvar tarixində Azərbaycanın Özbəkistandakı səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib.
Tədbirdə diplomatlar, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporasının nümayəndələri, jurnalistlər iştirak etmişlər. Mərasim iştirakçıları əvvəl 20 Yanvar faciəsi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çap edilən kitabların sərgisinə, həmçinin foto stendə və Mədəniyyət Mərkəzinin rəsm dərnəyində məşğul olan uşaqların əl işlərinə baxıblar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı – seçkilik siyasətindən danışıb. Ölkənin baş diplomatı bildirib ki, Bakıda dinc sakinlər – qocalar, qadınlar və uşaqlar güllələndikdən sonra – yanvarın 20-də səhər tezdən şəhərdə fövqəladə vəziyyət elan olunması ilə əlaqədar SSRİ-nin rəhbəri Mixail Qorbaçovun fərmanı oxunub.
H.Quliyev bildirib ki, 20 Yanvar faciəsindən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, keçmiş SSRİ rəhbərlərini ittiham edib və faciənin məsuliyyətini bir başa Mixail Qorbaçovun üzərinə qoyub. Səfir qeyd edib ki, Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib. Sonra “Qanli Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib, şagirdlər 20 Yanvar faciəsinə şerlər söyləyiblər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamdan illər keçməsinə baxmayaraq Azərbaycan xalqı unutmur. 1990-cı ilin 20 yanvarında Azərbaycanın ərazisi olan Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciə ilə nəticələndi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətillər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.