XƏBƏRLƏR 2017
Daşkənddə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə mərasim keçirib.
Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə mərasim keçirib.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfirlikdə və Mədəniyyət Mərkəzində çalışan xanımlar, Daşkənddəki Azərbaycan diasporasının fəal qadınları, bir sıra mötəbər qonaqlar iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfirinin xanımı Gülzar Quliyeva bayram münasibətilə qadınları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
G.Quliyeva bu bayramın tarixi haqqında da söhbət açıb. Deyilib ki, 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, Ölkəmiz BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
O, Azərbaycanda qadınlara göstərilən diqqət və qayğı haqqında məlumat verib, zərif cinsin nümayəndələrinin dövlət və hökumət strukturlarında geniş təmsil olunduğunu bildirib. G.Quliyeva Özbəkistanda yaşayan qadınların ictimai işlərdə fəal olduqlarını da diqqətə çatdırıb.
Sonra mərasim bayram süfrəsi ətrafında davam etdirilib. İlham Abdullayev sazda qədim el havalarımızı, müğənni Rəna Əzizova xalq mahnıları və təsniflərimizi ifa edib.
07.03.2017