XƏBƏRLƏR 2017
Daşkənddə Xocalı faciəsinin anım tədbiri və “Daşnaklar Fərqanədən Qarabağadək”
sənədli filminin təqdimatı keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsinin 25-ci illiyi ilə bağlı anım mərasim keçirib.
Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyində keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəl mərkəzin foyesində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən stendə baxıb, kitab sərgisi ilə tanış olub.
Gənclər stendin qarşısında “Xocalıya ədalət” kompaniyası ilə bağlı dünya dövlətlərinə çağırış ediblər.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı soyqırımının yaranma səbəbləri haqqında ətraflı məlumat verib.
Səfir 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan Xocalı şəhərinə ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçərək dinc əhaliyə qarşı ağlasığmaz işgəncələr həyata keçirmiş, yaşlılar, uşaqlar, qadınlara aman verilməmiş, onlar xüsusi qəddarlıqla məhv edilmişlər. O, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında danışıb, Xocalı soyqırımının tanınması istiqamətində görülən işlər haqqında məlumat verib.
Tanınmış özbək şairi Tura Mirzə bildirib ki, 1990-cı illərdə burada “Qarabağ Komitəsi” yaradılıb və Dağlıq Qarabağ həqiqətlərinin yayılması istiqamətində onlar xeyli işlər görmüşlər.
Soydaşımız, tanınmış alim Almaz Məcidova, professor Gülbahar Aşurova, müğənni Xursənd Şerov və başqaları Xocalı soyqırımı, erməni təcavüzü barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir.
Sonra Daşnaklar Fərqanədən Qarabağadək sənədli film iştirakçılara təqdim olunmuşdur.
Sənədli filmdə ötən əsrin 18-20-ci illərində Türküstanda yaradılan muxtariyyət və bu muxtariyyətin ləğv edilməsi məqsədi ilə daşnaklar tərəfindən törədilən qanlı qırğınlar barədə məlumat verilir.
Sənədli filmin ssenari müəllifi özbək tarixçi-araşdırmaçı Şuxrat Salamov, rejissor Eldar Mamedovdur. Filmin hazırlanmasına Azərbaycanın Özbəkistandakı Səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi dəstək göstərib.
30 dəqiqəlik sənədli filmdə Özbəkistanın tanınmış tarixçilərinin Türküstan hadisələrinə dair çıxışları, Türküstanda törədilən soyqırımla yanaşı, 1918-ci ilin mart ayında Bakıda, Qubada və Azərbaycanın digər regionlarında daşnakların həyata keçirdiyi qətliamlar, habelə bu hadisələrlə ötən əsrin axırlarında Qarabağda başlanan işğalçılıq və etnik təmizləmə siyasəti arasında əlaqələndirmə aparılır, geniş məlumatlar, faktlar filmdə öz əksini tapır.
Sənədli filmdə 20-ci əsrin sonlarında ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırım, münaqişə tarixində ən qanlı, qeyri-insani terror hadisəsi olan Xocalı faciəsi və bütövlükdə müharibənin dəhşətləri kadrlarda nümayiş olunur.
İlk dəfə olaraq Özbəkistan Respublikasının birinci prezidenti İslam Kərimovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Özbəkistanın yekdil mövqeyi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin münaqişənin həllinə dair prinsipial mövqeyi barədə fikirləri sənədli ekran əsərində öz əksini tapır.
Qeyd edək ki, sənədli film iştirakçılarda böyük rezonans doğurdu, özbək alimləri, mütəxəssisləri tərəfindən film yüksək qiymətləndirildi.
Özbəkistanda Xocalı faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir.
23.02.2017