XƏBƏRLƏR 2018
Daşkənddə Özbək dilində azərbaycanlı şairə-publisist Sona Vəliyevanın
“Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabının təqdimatı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Özbək dilində “İstiqlal – nuri” nəşriyyatında çapdan çıxmış azərbaycanlı şairə-publisist Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabın Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, tədbir çərçivəsində şairə Sona Vəliyevanın kitabları, şeir diskləri, dünyanın müxtəlif ölkələrində çap edilən əsərlərinin sərgisi, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin son 5 ildə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Özbəkistanda Özbək dilində çap etdiyi 49 adda kitabın sərgisi də təşkil olunub.
Tədbirdə çıxış edən Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Zuxra Berdiyeva Özbəkistan-Azərbaycan ədəbi əlaqələrindən danışaraq, Nizami Gəncəvi və Əlişer Nəvai dövründən başlanan əlaqələrin bugün də uğurla davam etdiyini qeyd edib. O, müasir dövr Azərbaycan ədəbiyyatını öz ana dillərində oxumaq üçün Özbək oxucularına yaradılan imkana görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. Natiq son 5 ildə çoxsaylı Azərbaycan klassiklərinin, müasir dövr şairlərinin əsərləri Daşkənddə Özbək dilində işıq üzü görmüş, XX əsr Azərbaycan poeziyasına dair nəşrlər onlarda böyük maraq yaratdığını vurğulayıb. Zuxra Berdiyeva azərbaycanlı şairə Sona Vəliyevanın Daşkənddə Özbək dilində yenicə çapdan çıxmış “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitab haqqında danışaraq nəşrdə Vətən, Azərbaycan, Qarabağ - yurd həsrəti, sevgi, təbiətə məhəbbət mövzularında şeirlərin Özbək oxucuları üçün maraqlı olduğunu söyləyib.
Layihənin rəhbəri və kitabın ön sözünün müəllifi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbək xalqları arasında ədəbi əlaqələrdən danışaraq, Mədəniyyət Mərkəzinin layihəsi ilə son illər çox sayda Azərbaycan ədəbiyyatının nümayəndələrinin əsərlərinin Özbək dilinə tərcümə olunduğunu qeyd edib.
Mədəniyyət Mərkəzinin layihəsi ilə şairə Sona Vəliyevanın yaradıcılığı, habelə onun yeni çapdan çıxan şeirlər kitabı haqqında danışan natiq müəllifin öz əsərlərində daim Azərbaycançılıq məfkurəsini təbliğ etdiyini qeyd edib. Samir Abbasov müasir dövr Azərbaycan ədəbiyyatının nümayəndələri sirasında öz dəsti-xətti, qələmi ilə seçilən şairə - publisist Sona Vəliyevanın şeirlərinin Özbək oxucuları üçün maraqlı olacağına və onlara öz ana dillərində Azərbaycan poeziyası ilə yaxından tanış olmaq imkanının verildiyini bildirib.
Məruzəçilər tanınmış ədəbiyyatşünas alim-tərcüməçilər Babaxan Şərif və Tahir Qahhar Sona Vəliyeva yaradıcılığı haqqında danışaraq, kitabdakı əsərlərin zamanla səsləşdiyini və aktuallığını xüsusi vurğuladılar. Onlar qeyd etdilər ki, Azərbaycan ədəbi mühiti həmişə öz zənginliyi ilə seçilmiş və Özbəkistan ədəbiyyatı daim qardaş Azərbaycan ədəbiyyatı ilə əlaqəli, bir birindən faydalanaraq inkişaf etmişdir. Müstəqillik dövrü Azərbaycan poeziyasının nümayəndələrinin əsərləri Özbək oxucuları üçün də xüsusi maraq kəsb etdiyini bildirən alimlər azərbaycanlı şairənin kitabını yüksək qiymətləndirdilər.
Azərbaycanlı ədəbiyyatşünaslar Əkbər Qoşalı, Fərid Hüseyn tədbirdə çıxış edərək Azərbaycan-Özbək ədəbi əlaqələri, müəllif Sona Vəliyeva yaradıcılığı haqqında fikirlərini bölüşdülər, şairənin əsərlərinin Türkiyə, İran, Rusiya, Qazaxıstan və başqa ölkələrdə çap olunduğunu, ictimaiyyət tərəfindən maraqla qarşılandığını qeyd etdilər.
Özbəkistan Yazıçılar Birliyinin nümayəndəsi - Tərcümə bölməsinin müdiri, alim Atxam Alimbekov, Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova Azərbaycan Mədəniyyət Mərkəzinin aktiv fəaliyyəti nəticəsində Özbəkistanda Azərbaycan ədəbiyyatına dair boşluğun tamamilə aradan qaldırıldığını və Şərqin zəngin ədəbi mühitinə malik Azərbaycanın əksər klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini qeyd etdilər. Azərbaycan ədəbiyyatına dair Özbəkistanda artıq tərcüməçi nəslinin yetişdiyini vurğulayan natiqlər, müasir dövr Azərbaycan ədəbiyyatı, şairə Sona Vəliyevanın əsərinin Özbək oxucuları üçün maraqlı olacağını vurğuladılar.
Sonda çıxış edən kitabı Azərbaycan dilindən Özbək dilinə çevirən – şairə-tərcüməçi Şəxla Qasımova Azərbaycan ədəbiyyatına böyük marağının və sevgisinin olduğunu qeyd etdi.
O, Sona Vəliyevanın kitablarını vərəqləyərkən Azərbaycanın tarixi, onun bugünü, Qarabağda qanlı hadisələr, Xocalı soyqırımı, azərbaycanlı köçkünlərin həyatının insanın gözündə canlandığını və şair ürəyinin çırpıntılarının duyulduğunu söylədi.
Şəhla Qasımova müəllifin ilk kitabının Özbəkistanda maraqlı qarşılanacağına əmin olduğunu və bu layihəyə dəstək üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
13.06.2018