XƏBƏRLƏR 2018
Özbək ədəbiyyatına dair Azərbaycan və Özbək dillərində çapdan çıxan
“Özbək şeir çələngi” adlı kitabın Daşkənddə təqdimatı keçiriləcək.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mütəmadi olaraq Azərbaycan ədəbiyyatına dair əsərlərin Özbək dilində, Özbək ədəbiyyatına aid əsərlərin isə Azərbaycan dilində nəşrinə dəstək olur və bu istiqamətdə son 5 ildə 49 adda kitab Daşkənddə işıq üzü görmüşdür.
Azərbaycan Mədəniyyət Mərkəzimizin dəstəyi ilə “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı kitab Daşkənddə “Extremum – press” nəşriyyatında yenicə çapdan çıxmışdır.
Nəşr ilk layihələrdəndir ki, Özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin tanınmış əsərləri Azərbaycan və Özbək dillərində bir kitabda oxuculara təqdim edilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə nəşrin əsas məqsədinin Azərbaycan oxucusuna, ədəbiyyatşünaslarına Özbək ədəbiyyatını yaxından tanış etmək, XX-XXI əsrdə öz yaradıcılıqları ilə fərqlənən və ölməz əsərlər yaradan qardaş Özbək xalqının poeziyasını təbliğ etməkdir.
Samir Abbasov Azərbaycanda türk dünyasının zəngin ədəbi mühiti olan Özbəkistana, onun yaradıcı şəxslərinin həyatına böyük maraq olduğunu qeyd edərək, gələcəkdə rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin bu cür layihələrə dəstəyinin davam etdiriləcəyini bildirib. Natiq vurğulayıb ki, artıq Azərbaycanda Özbək ədəbiyyatı geniş tədqiq edilir, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində yaradılmış “Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələr şöbəsi”ndə bu istiqamətdə tədqiqatlar aparılır.
Qeyd edək ki, “Узбек шеърияти гулчамбари” adlı kitabın Daşkənddə çapdan çıxması qardaş ölkədə ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanıb.
Sözügedən kitaba marağı və nəşrin əhəmiyyətini nəzərə alaraq, cari il 13 iyun tarixində saat 16:00-da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Nəşrin tərtibçiləri Azərbaycanlı şair Şahməmməd Dağlaroğlu, özbək şairə, tərcüməçi Şəhla Qasımovadır. Kitaba azərbaycanlı akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.
“Узбек шеърияти гулчамбари” adlı kitabın məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
02.06.2018