XƏBƏRLƏR 2018
Daşkənddə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib.
Özbəkistandakı Azərbaycan Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığ ilə Daşkənddə Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib.
Tədbirdə Özbəkistanın Baş naziri Abdulla Aripov, bu ölkədə akkreditə olunan səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. Bu tarixi gün böyük hadisə kimi xalqımıın yaddaşına həkk olub. Səfir AXC-nin fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında geniş məlumat verib. Diplomat bildirib ki, Şərqdə yaradılan ilk demaktatik respublika olan AXC sübut etdi ki, xalqımız müstəqil respublika olmağa hzırdır.
Diplomat AXC-nin mövcud olduğu 23 ay ərzində dövlət quruculuğu və demokratik dəyərlərin tətbiqi, ordu quruculuğu sahəsində görülən işlər haqqında məlumat verib. Deyilib ki, qısa zaman kəsiyində Azərbaycanın Dövlət sərhədləri müəyyənləşdirilib, dövlətin gerbi, bayrağı və himni təsdiq olunub, ölkədə yaşayan bütün millətlərə bərabər hüquqlar verilib, Azərbaycan dili Dövlət dili elan olunub.
Diplomat bildirib ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edib, demokratik və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar qazanıb.
Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlardan söhbət açan səfir qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində ölkəmiz Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq təşkilatların üzvlüyünə qəbul olunub, həmçinin iki il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Bildirilib ki, Azərbaycan əsrlərboyu müxtəlif mədəniyyət və dinlərin kəsişdiyi məkanda yerləşib. Bunun nəticəsidir ki, ölkəmizdə tolerantlıq və multikultural dəyərlər həmişə ön planda olub.
Səfir Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib. O deyib: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və dini abidələri dağıdılıb. Bu, ATƏT-in faktaraşdırıcı missiyasının hesabatında da əksini tapıb. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi bərpa olunub.
BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, lakin işğalçı Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə də məhəl qoymur və bununla da beynəlxalq ictimaiyyətə meydan oxuyur. Burada demək lazımdır ki, bu təşkilatların qətnamələri bəzən bir neçə saat ərzində icra olunur, Azərbaycan torpaqlarının boşaldılmasına gəldikdə isə, 26 ildən artıqdır ki, bu məsələ kağız üzərində qalıb.
Səfir Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin inkişafından da söhbət açıb, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərin artırıldığını qeyd edib.
Sonra qonaqlara ziyafət verilib.
23.05.2018