XƏBƏRLƏR 2018
Özbəkistanın Respublika sarayı – Türküstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibəti ilə möhtəşəm Dostluq konserti keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistanın Səfirliyinin dəstəyi ilə Daşkənddəki Respublika sarayı – Türküstanda möhtəşəm dostluq konserti keçirilib.
Dostluq konsertində dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət, xadimləri, xarici ölkələrin Özbəkistandakı səfirləri və diplomatları, ictiamiyyət nümayəndələri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.
Öncə iştirakçılar “İstiqlalın 100 illiyi mübarək – Azərbaycan!” adlı foto və kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənələrini özündə əks etdirən müxtəlif guşələr, kompozisiyalar qurulmuş, Azərbaycan Xalq Cümhuriyyətinə dair fotoşəkillər, nəşrlər nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev çıxış edərək, 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun Azərbaycan xalqının həyatında oynadığı mühüm rol, Azərbaycanda parlamentin, dövlətçilik aparatının yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, Azərbaycan qadınına böyük hüquqların verilməsi və s. barədə məlumat verib. Səfir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin ölkədə Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunduğunu və ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi müstəqil Azərbaycanın 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olduğunu qeyd etdi.
Qeyd edək ki, Dostluq konsertində Özbəkistanın dünya şöhrətli orkestrı – Gənclərdən ibarət Simfonik orkestr, dirijor - Özbəkistanın tanınmış artisti Maqsid Ubayev və Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadə çıxış ediblər.
Proqrama Azərbaycanın və dünya musiqisinin inciləri sayılan Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa olunub. “Koroğlu” üverturası ilə başlanan konsertdə “Alban rapsodiyası”, “Min bir gecə”, “Çaxargah rapsodiyası”, “Qərənfil”, “Şuşa” və başqa əsərlər ifa olunub.
Qeyd edək ki, əsərlər ifa edildikcə səhnədəki böyük ekranlarda yüz il öncə yaradılmış Azərbaycan Xalq Respublikası, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, milli mədəniyyətimiz, Azərbaycanın turizm imkanları, habelə Qarabağda dağıdılmış abidələrimiz, Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərinə dair videomateriallar nümayiş etdirilib.
Tədbirdə Özbəkistanın xalq artisti – Nəsibə Abdullayeva Azərbaycan xalq mahnısı olan “Küçələrə su səpmişəm”, əməkdar artist Erkin Ramazanov isə “Sarı gəlin” mahnılarını ifa ediblər. Konsert proqramına maraq böyük olub və çıxışlar tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.
17.05.2018