XƏBƏRLƏR 2018
Daşkənddə Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının təqdimatı keçirilib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyində yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən “Atabəy Eldəniz” romanının təqdimatı keçirilib.
Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orjinaldan Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Yunus Oğuzun yaradıcılığı haqqında ətraflı məlumat verib, deyilib ki, bu əsər müəllifin yeddinci tarixi romanıdır. O deyib ki, müəllif bu romanda Azərbaycan tarixində mühüm yer tutan daha bir görkəmli dövlət xadiminin obrazını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətindən bəhs edir.
Sonra Samir Abbasov Yunus Oğöuza Mədəniyyət Mərkəzinin fəxri diplomunu təqdim edib.
Alim və tərcüməçi Babaxan Şərif bildirib ki, bundan əvvəəl Yunus Oğuzun özbək dilində “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan” ronamları işıq üzü görüb və populyarlıq qazanıb. “Atabəy Eldəniz” romanı isə müəllifin özbək dilində çap olunan dördüncü kitabıdır. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.
Özbək tarixçisi, AMEA-nın Tarix İnstitutunun fəxri doktoru Şuxrat Barlas Yunus Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb. O bildirib ki, Yunus Oğuz Özbəkistanda elə ilk kitabı-“Əmir Teymur” romanı ilə məşhurlaşıb. O özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.
Professorlar Nemat Pavlonov, Səadət Muxammedova, dossentlər İsrail Şamsimuxammedov, Gülnaz Səttarova və başqaları Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar. Bildirilib ki, kitabda Azərbaycan Atabəyləri dövlətinin yaranması və fəaliyyəti öz əksini tapıb.
12.05.2018