XƏBƏRLƏR 2018
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin büstünün açılışı olub.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndərin adını daşıyan muzeydə Heydər Əliyevin büstünün açılışı olub.
Qeyd edək ki, büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın xalq rəssamı, tanınmış incəsənət xadimi Marina Borodinova tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyində daimi olaraq nümayiş etdiriləcəkdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov büstün açılışını etdilər.
Samir Abbasov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq ulu öndərin fikirlərindən sitat gətirib: Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq və yaradırıq. Natiq bildirdi ki, Heydər Əliyevin adını daşıyan Muzeydə onun büstünün qoyulması, gələcəkdə muzeyin eksponatlarla zənginləşdirilməsi, ulu öndərin irsinin təbliğinə töhfə olacaqdır. Samir Abbasov qeyd etdi ki, bugün ulu öndərin əsəri olan Azərbaycanın azad və müstəqil dövlətdir və o, Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsində rolundan danışaraq, ulu öndərin xatirəsinin daim xalqımız üçün əziz olacağını söylədi.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin direktoru, professor Erkin Nuriddinov qeyd etdi ki, Heydər Əliyev həm Sovetlər dövründə, həm də Azərbaycanın müstəqillik əldə etdikdən sonra həmişə Özbəkistanla münasibətlərə xüsusi önəm vermiş, onun Özbəkistana səfərləri, Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru mükafatına layiq görülməsi, Özbəkistanın birinci prezidenti İslam Kərimovla dostluq əlaqələrindən söhbət açaraq, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, siyasəti nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini bildirdi.
Digər çıxışçılar qeyd etdilər ki, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Gülbahar Aşurova, azərbaycanlı alim Almaz Məcidova və başqaları öz çıxışlarında müstəqilliyin qorunub saxlanmasının onun əldə olunmasından qat-qat çətin olduğunu qeyd etdilər.
Natiqlər ölkədə müstəqil dövlət təsisatlarının yaradılması, ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatların aparılması, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi kimi çətin və şərəfli işin öhdəsindən uğurla gələn Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi iz qoyduğunu söylədilər.
Qeyd edək ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş kitab və foto sərgi iştirakçılara təqdim edilib. Sərgidə ulu öndərin həyat fəaliyyətinə dair kitablar, habelə fotoşəkillər nümayiş etdirilib.
10.05.2018