XƏBƏRLƏR 2018
Daşkənddə keçirilən Beynəlxalq Mətbəx Festivalında Azərbaycan təmsil olunub.
Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidməti Daşkənddəki “Uzekspomərkəz” sərgilər şəhərciyinin həyətində “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda Beynəlxalq mətbəx - xeyriyyə festivalı keçirib.
Festivalda müxtəlif ölkələrin səfirləri, diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Diplomatik servis xidmətinin rəhbəri Abduraşid Kayumov festivalın əhəmiyyəti, xalqların bir-birini daha yaxşı tanımasında belə tədbirlərin rolundan danışıb.
Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar haqqında kitablar və albomlar yer alıb. Xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər buraya gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Qarabağın milli qadın və kişi geyimləri, Qarabağ xalçaları, suvenirlərimiz iştirakçıların marağına səbəb olub.
Mətbəx Festivalında Azərbaycan stendində qonaqlara milli xörəklərimiz, o cümlədən dolma, plov, dovğa, kükü həmçinin şəkərbura, paxlava və şərbətlərimiz təklif olunub. Bir sıra yeməklərin hazırlanması üzrə master-klaslar təqdim edilib.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” ansamblının kollektivi milli rəqslərimizi nümayiş etdirib.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb. Festivalda aktiv iştirakına Azərbaycan tərəfinə xüsusi mükafat təqdim edilib.
05.05.2018