XƏBƏRLƏR 2018
Daşkənddə Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən
bayram mərasimində Azərbaycan tərəfi də yaxından iştirak edib.
Daşkənddə Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən bayram mərasimində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.
“Türküstan” konsert sarayının yay salonunda keçirilən tədbirdə Daşkənddəki bir sıra mədəniyyət mərkəzləri onlar üçün ayrılan pavilyonlarda mədəniyyətlərini və milli mətbəxlərini nümayiş etdiriblər.
Qeyd edək ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılan guşədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” seriyasından çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin suvenirlərimiz nümayiş olunub.
Türkiyənin Özbəkistandakı səfiri Ahmet Başar Şen uşaqları və valideynlərini təbrik edərək bayram haqqında məlumat verib. Bildirib ki, bu bayram Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı ilə bağlıdır və 1920-ci il aprelin 23-dən başlayaraq hər il təntənəli şəkildə qeyd olunur. Səfir layihəyə yaxından dəstək verdikləri üçün Özbəkistan dövlətinə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Özbəkistandakı bir sıra xarici ölkələrin səfirliklərinə öz təşəkkürünü bildirib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Tədbirdə Daşkənddəki Türk məktəbinin şagirdləri, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
22.04.2018