XƏBƏRLƏR 2018
Özbəkistanda 31 mart azərbaycanlıların soyqırım gününə həsr olunmuş kitab sərgisi təşkil olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımlara yox deyək” adlı kitab sərgisi təşkil olunub.
Tədbirdə Azərbaycan Səfirliyinin, Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, xarici ölkələrin diplomatları, ictimaiyyət nümayəndələri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Sərgidə Qafqazda iki əsrdir azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasəti, ermənilərin Azərbaycan torpaqlarının işğalı, Azərbaycan xalqına qarşı törətdikləri qanlı hadisələrə dair nəşlər nümayiş etdirilib. Sərgidə xüsusi ilə son zamanlar Özbəkistanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Türküstanda və Qafqazlarda törədilən qətliamlara dair nəşr olunmuş Şuxrat Salamovun və azərbaycanlı alim Əli Həsənovun kitabları oxuculara təqdim olunub.
Qeyd olunub ki, ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 1918-ci ilin mart ayında daha geniş miqyas alıb və amansız olub. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədilib.
Gənclərə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım, eləcə də Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri apardığı işğalçılıq siyasəti barədə ətraflı məlumat verilib və vurğulanıb ki, keçmişini unudan gələcəyini qura bilməz. Bu cür soyqırımların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət onu törədənlərin cəzalandırılması istiqamətində səylərini gücləndirməli, soyqırım qurbanların xatirəsi daim yad edilməlidir.
Daha sonra soyqırıma həsr olunmuş sənədli film nümayiş etdirilib, məlumatlandırmalar davam etdirilib.
31.03.2018