XƏBƏRLƏR 2018
Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda xalqlarımızın milli bayramı –
Novruz bayramına həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib.
Özbəkistan Sənət və Mədəniyyət İnstitutu, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakı ilə Daşkənddə sözügedən İnstitutun həyətində açıq havada keçirilən möhtəşəm Novruz bayramı böyük maraq qazanmışdır.
Tədbirdə İnstitutun və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində tanınmış şəxsləri, İnstitutun müəllim və tələbə heyəti iştirak ediblər.
Təşkil olunan tədbii giriş sözü ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev açaraq Özbək, Azərbaycan və başqa Şərq xalqları tərəfindən qeyd olunduğunu, müstəqillik əldə etdikdən sonra Özbəkistan və Azərbaycanda daha təntənəli, dövlət səviyyəsində təşkil olunduğunu qeyd edib. O, bayramın Azərbaycan tərəfi ilə birgə qeyd olunmasının əhəmiyyətini vurğulayaraq, Novruz bayramının hər iki xalqın milli dəyərlərini, zəngin keçmişini nümayiş etdirdiyini qeyd edib.
Tədbirdə iştirak edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Novruz bayramının özündə xalqlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirdiyini və bu bayramın xalqlarımız arasında birləşdirici rol oynadığını qeyd etdi.
Çıxışda Samir Abbasov Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və ölkəmizdə Novruz adət-ənənələri, bayramın gözəl ənənələrinin icrası haqqında məlumat verib.
Bayram tədbirində hazırlanmış süfrələrdə Özbək xalqının Novruz şirniyyatları və təamları nümayiş etdirilib. Təqdim olunan süfrələrə baxış keçirilib. Hazırlanmış Azərbaycan süfrəsi qonaqların xüsusi marağına səbəb olub.
Sonra tədbir bədii proqramla davam edib. Konsert proqramında Özbək musiqiləri və əsərləri ilə yanaşı İnstitutun tələbələri tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərindən kompozisiyalar, habelə Azərbaycan ədəbiyyatının tanınmış söz ustadı Məhəmmədd Füzulinin qəzəlləri, milli rəqslər ifa olunub.
27.03.2018