XƏBƏRLƏR 2018
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində professor
Ramiz Əskərlə görüş keçirilib, alimə Mədəniyyət Mərkəzinin Fəxri diplomu təqdim edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, professor, Ramiz Əskərlə görüş keçirilib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Dil və Ədəbiyyat Universitetinin, Nizami Gəncəvi adına Dövlət Pedoqoji Unuversitetinin türkoloq alimləri, ədəbiyyatçılar, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ramiz Əskərin türkoloq alim kimi yaradıcılığı haqqında məlumat verib, özbək ədəbiyyatı ilə bağlı tədqiqat aparan bir alim kimi təqdim edib. O vurğulayıb ki, Ramiz Əskər indiyədək özbək ədəbiyyatı ilə bağlı 13 kitab, 98 məqalə yazıb.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov giriş sözü ilə çıxış edərək alim Ramiz Əskərin fəaliyyəti haqqında danışmış, onun çoxsaylı təcrümələrini qeyd edərək, bu əsərlərin digər türkdilli xalqların ədəbiyyatlarının xalqımıza çatdırılmasında xüsusi əhəmiyyətini qeyd edib. Natiq Ramiz Əskərin “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərləri”, “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divanı”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və digər kitablarının Azərbaycan dilinə məhz alim Ramiz Əskər tərəfindən tərcümə olunduğunu və bu nəşrlərin ölkəmizdə populyarlıq qazandığını vurğulayıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Dövlət Pedoqoji Unuversitetinin professoru Erkin Nuriddinov qeyd edib ki, Ramiz Əskər kimi alimlər ədəbiyyatımızı tədqiq etməklə yanaşı xalqlarımızı daha da yaxınıaşdırır, beləliklə də dostluq və qardaşlıq ənənələrimizi davam edir.
Çıxış edən digər alimlər türk xalqlarının ortaq ədəbiyyatı, qədimdən əbəbiyyatlarımızın, şair və yazıçılarımızın dostluğu haqqında söhbət açaraq, belə görüşlərin səmərəli olduğunu vurğulayıblar. Onlar Azərbaycan oxucularına Özbək ədəbiyyatına aid əsərlərin çatdırılmasında bu cür alimlərin, tərcüməçilərin müstəsna xidmətlərini qeyd ediblər.
Tədbirdə Ramiz Əskər bu sahədəki fəaliyyəti haqqında danışıb, Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib, özbək ədəbiyyatına dair yazdığı kitabların bir neçəsini Nizami Gəncəvi adına Dövlət Pedoqoji Unuversitetinə təqdim edib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında ədəbi əlaqələrin inkişafında müstəsna xidmətlərinə, türkdilli xalqlarının ortaq tarixi və ədəbiyatını fəal təbliğ etdiyinə görə alimə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomunu təqdim edib.
Tədbirin sonunda Azərbaycan-Özbəkistan dostluğuna dair Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan film nümayiş etdirilib.
10.02.2018