XƏBƏRLƏR 2018
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm konsert keçirilmişdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” çərçivəsində təşkil olunan konsertdə Azərbaycan Səfirliyinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Azərbaycandan tanınmış alimlər, Daşkənddə aparıcı universitetlərin müəllim və tələbələri, Özbəkistanın elm, mədəniyyət sahəsində mütəxəssislər, yerli azərbaycanlılar iştirak ediblər.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. barədə çıxış edib. O, 2018-ci ilin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini diqqətə çatdıraraq, xalqımızın istiqlal ideyaları, dövlətçilik ənənələri sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya çatdırılmasının vacib məsələlər olduğunu qeyd edərək, bu mövzuda Özbəkistanda keçirilən tədbirlər və layihələr haqqında məlumat verib.
Azərbaycanın “Kaspi” qəzetinin və təhsil şirkətinin rəhbəri, filologiya elmləri doktoru Sona Vəliyeva qarşısına müstəqil, azad və demokratik bir Cümhuriyyət qurmaq kimi şərəfli vəzifə qoyan Azərbaycanın mərd oğulları müstəqil dövlət yaratmaqla xalqımızın istiqlal tarixində mühüm bir səhifə açdıqlarını qeyd edib. Natiq Cümhuriyyət dövründə Azərbaycanın yaradıcı insanlarının fəaliyyəti, elmimiz, ədəbiyyatımızın inkişafı haqqında danışaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın milli özünüdərk, müstəqil dövlət qurmaq imkanlarına malik olduğunu sübut etdiyini və bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan danışıb.
Özbək tarixçi Şuxrat Salamov XX əsrin əvəllərində çətin və mürəkkəb bir dövr olmasına baxmayaraq Türküstan və Azərbaycan xalqlarının öz istiqlaliyyəti uğrunda mücadilə etdiyini qeyd edərək, 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı nəsillərin yaddaşında Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yadda qaldığını söylədi. Natiq bu istiqamətdə təbliğati tədbirlərin, mədəniyyət, ədəbiyyata aid layihələrin həyata keçirilməsinin vacib olduğunu söylədi.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Xalq Çalğı alətləri “SOQDİANA” Orkestrinin Azərbaycan bəstəkarlarının şedevr əsərlərindən ibarət konsert təqdim olundu.
Konsert proqramının bədii rəhbəri Özbəkistanın əməkdar artisti, professor Firuzə Abduraximova, drijor beynəlxalq müsabiqələr laureatı Qəhrəman Bazarov olub.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Koroğlu uverturası ilə başlayan konsertdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”, “Ay laçın” “Çahargah rapsodiyası”, “Anadır arzulara Qarabağ”, “Dostluq nəğməsi” və s. əsərlər səsləndirilmişdir.
Konsert proqramında Beynəlxalq müsabiqələr laureatı, Özbəkistanın tanınmış sənət ustaları Masuma Boltabaeva, Rüstəm Əlimərdanöv, Səncər Qədirov, Sərdar Pirimov, Dilşod Fazilov, Lobar Cumadilova və başqaları milli musiqimizi ifa ediblər.
Konsert tamaşaçılar tərəfdən maraqla qarşılanıb və tədbir yerli KİV-lərdə geniş işıqlandırılıb.
20.11.2018