XƏBƏRLƏR 2018
Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə
Hörmətli Şavkat Miromonoviç,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu gün qardaş Özbəkistan müstəqillik yolu ilə inamla irəliləyərək, dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı sahəsində mühüm nailiyyətlər qazanır. Özbəkistanın beynəlxalq aləmdə nüfuzu daim artır.
Ölkələrimiz arasındakı əlaqələr ortaq milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi məmnunluq doğurur.
İnanıram ki, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi və daha da dərinləşməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Hörmətli Şavkat Miromonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2018-ci il.
29.08.2018