XƏBƏRLƏR 2018
Daşkənddəki Diplomatiya Məktəbində təşkil edilən tədbirdə ölkəmiz də təmsil olunub.
Daşkənddəki Diplomatiya Məktəbində keçirilən “Bir gündə dünya səyahəti” adlı tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də (AMM) iştirak edib.
Tədbirə Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri qatılıb. İştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxini təbliğ ediblər.
Azərbaycan üçün ayrılan otaqda ölkəmizin bayrağı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlarla əlaqədar kitablar nümayiş olunub. Nəşrlər arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair AMM-nin özbək dilində Daşkənddə çap etdirdiyi çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən çap olunan kitablar da yer alıb.
Qarabağın kişi və qadın geyimləri, milli musiqi alətləri, Azərbaycanın mənzərələrini əks etdirən tablolar, suvenirlər, milli mətbəximizin nümunələri salona gələnlərin diqqətini cəlb edib.
Növbə ilə otağı ziyarət edənlərə Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova ölkəmizin tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Özbəkistan dostluğu haqqında məlumat verib, ölkəmizlə bağlı videofilm nümayiş etdirilib.
06.12.2018