Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Özbək ədəbiyyatının azərbaycanlı klassiki, şair, dramaturq, tərcüməçi Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

"Kaspi” qəzeti, "Kaspi” Təhsil Şirkəti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Maqsud Şeyxzadə: Özbək dramaturgiyasının banisi, Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açaraq, tədbirin özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi, soydaşımız Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunduğunu diqqətə çatdırıb və onun haqqında məlumat verib. Bildirib ki, M.Şeyxzadə 1908-ci ildə Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulub, ilk sinif müəllimi Muxtar Əfəndizadə olub.

Millət vəkilinin sözlərinə görə, bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi” kimi tanıdılan qürbət məhkumu M.Şeyxzadə atasından aldığı türklük eşqi və müstəqillik duyğuları ilə şeirlər yazıb: "Gələcəkdə bu eşq ona bəxtiyarlıqdan daha çox sürgün, məhrumiyyət və işgəncələr verib. Atasının Ağdaşda açdığı məktəbdə oxuyarkən görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov bu şəhəri ziyarət edib. Məktəbin əlaçı şagirdi olan Maqsud şeir oxumaq üçün kürsüyə çıxıb. Oxuduğu şeirlər Nərimanovun çox xoşuna gəlib və o, sonralar həmin şeirlərin üçünü 21 dekabr 1921-ci ildə "Kommunist” qəzetində dərc etdirib. Maqsud Şeyxzadə Bakı Pedaqoji Məktəbində Hüseyn Cavid və Abdulla Şaiqdən dərs alıb, onlardan vətən, millət, ədəbiyyat eşqi və türklüyün gerçək üzünü öyrənib. O, bir müddət Dərbənddə həm müəllimlik edib, həm də şeirlər yazıb. Qəzetlərdə "Azad dağlar qızına”, "Şeyx Şamil”, "Bu axşam” və "Sahildə” adlı şeirləri dərc olunub. Maqsud o dövrün tanınmış ədəbiyyat adamları Vladimir Mayakovski, Nazim Hikmət kimi şairlərlə tanış olub. Dağıstanın Sovet İttifaqına daxil olub-olmaması mövzusunda aparılan müzakirələrin ən fəal iştirakçılarından biri də Maqsud Şeyxzadə olduğundan, 1927-ci ildə Maqsuda milliyyətçi damğası vurularaq həbsə atılıb, sürgün edilib, ona Krım və Qafqaza getmək qadağan olunub. Məhz bu səbəbdən də atası Maqsudu Özbəkistanın paytaxtı Daşkəndə göndərib”.

Millət vəkili Ə.Amaşov bildirib ki, M.Şeyxzadə Daşkənddə də ətrafına özü kimi düşünən insanları toplayıb və mübarizəsini davam etdirib: "Bir müddət "Qızıl Özbəkistan”, "Şərq həqiqəti” və "Leninçi” qəzetlərində çalışan Maqsud Şeyxzadə 1938-ci ildə yenidən müəllimlik etməyə başlayıb, Nizami adına Daşkənd Pedaqoji İnstitutunda dərs deyib. O, ən gözəl əsərlərini də Daşkənddə yazıb. "Üçüncü kitab”, "Cümhuriyyət”, "Cəlaləddin Mengüberdi” kimi əsərləri özbək türkcəsində nəşr olunub. Maqsud Şeyxzadə 1952-ci ildə yenidən millətçilikdə günahlandırılaraq həbs edilib və Daşkənd məhkəməsi ona 25 il həbs cəzası kəsib, Sibirə göndərilib. 1954-cü ildə həbsdən, sürgündən azad olunan Maqsud Daşkəndə qayıdıb, çoxsaylı çətinliklərlə üzləşməsinə rəğmən, yenidən ədəbiyyat sahəsində görünməyə başlayıb. Onun "Daşkəndnamə” əsəri dərc edildikdən sonra böyük əks-səda doğurub. Maqsud Şeyxzadə 1967-ci ilə, yəni ölümünə qədər içindəki vətən həsrətini, vətən eşqini yazaraq təsəlli etməyə çalışıb”.

Sonra ssenari müəllifi və rejissoru Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədov olan "İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdirilib. Filmdə akademiklər Nizami Cəfərov, İsa Həbibbəyli ilə yanaşı, Özbəkistan ictimaiyyət nümayəndələrinin M.Şeyxzadə haqqında dəyərli fikirləri yer alıb, şairin həyat və yaradıcılığına nəzər salınıb.

"Kaspi” Təhsil Şirkəti və "Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, əgər bu fəaliyyət olmasaydı, M.Şeyxzadə haqqında təqdim olunan sanballı sənədli film də olmazdı. O, sözügedən Mərkəzin Özbəkistanda böyük işlər gördüyünü, iki ölkə arasında mədəni, ictimai əlaqələrin daha da güclənməsinə mühüm töhfə verdiyini deyib. S.Vəliyeva əlavə edib ki, adıçəkilən qurum tərəfindən Özbəkistanda tərcümə mərkəzi yaradılıb, Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərlərinin özbək dilinə, eyni zamanda Özbəkistan ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə edilməsi, tanıdılması istiqamətində uğurlu addımlar atılıb. Fəlsəfə doktoru deyib ki, Mərkəzin bu fəaliyyəti vaxtilə M.Şeyxzadənin iki ölkə arasında yaratdığı, qurduğu əlaqələrin, işlərin davamıdır: "Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Hüseyn Cavidin seçilmiş əsərləri özbək dilinə tərcümə edilib və bu ilin noyabr ayında Maqsud Şeyxzadənin çalışdığı Nizami Gəncəvi adına Pedaqoji Universitetdə təqdimatı keçirilib. Həmin təqdimatda mən də iştirakçı idim. O tədbirdə özbək ictimaiyyətinin Azərbaycan ədəbiyyatına xoş münasibətini gördüm. Təbii ki, isti münasibətin əsasını zamanında qoyanlar olub və onlardan biri də Maqsud Şeyxzadədir. Hazırda bu ənənəni, missiyanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov uğurla davam etdirir”.

M.Şeyxzadənin ədəbi irsindən söhbət açan S.Vəliyeva vurğulayıb ki, onun həyat və yaradıcılığı, əsərləri tədqiq olunmağa, bütün dillərə tərcümə olunmağa layiqdir və artıq bu istiqamətdə də müəyyən işlərin görülməsi təqdirəlayiq haldır: "Maqsud Şeyxzadə kimi şairlər bölünmürlər. Onlar sadəcə mənsub olduğu xalqa deyil, bütünlükdə türk dünyasına məxsusdurlar. Onun kitabları həm özbəkcə, həm də Azərbaycanca nəşr edilib, "Mirzə Uluqbəy” adlı əsəri ekranlaşdırılıb. Maqsud Şeyxzadə yaradıcılığının zirvəsi onun dramaturgiyası hesab olunur. Dahi dramaturq özbək xalqının tarixi şəxsiyyətləri haqda "Cəlaləddin Mənguberdi”, "Mirzə Uluqbəy” kimi əsərlər yaradıb. Bununla da o, özbək dramaturgiyasının əsasını qoyub, "Daşkəndnamə” kimi mənzum faciələrlə zəngin ölməz əsərlər yaradıb. Maqsud Şeyxzadə həm də dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsini tədqiq edənlərdən biri olub. Təsadüfi deyil ki, onun "Seçilmiş əsərləri”nin bir kitabı Nəvaiyə həsr edilib. Bir qədər əvvəl vurğuladığım kimi, Maqsud Şeyxzadə Özbəkistanda böyük tərcümə məktəbinin də əsasını qoyub. O, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Puşkin, Lermontov, Şekspir, Höte, Bayron, Rustaveli və bir sıra başqa dünya klassiklərinin əsərlərini özbək dilinə tərcümə edib. Ümumiyyətlə, Maqsud Şeyxzadə çox böyük keyfiyyətlərə malik olub. O, Özbəkistandan aldığı müsbət enerji sayəsində mühüm əsərlər ortaya qoyub. Bu gün biz özbək ziyalılarına Maqsud Şeyxzadəyə Özbəkistanda rahat ev şəraiti yaratdıqlarına görə təşəkkür edirik. Məhz bunun nəticəsində Maqsud Şeyxzadə səmərəli iş ortaya qoya bilib”.

S.Vəliyeva bildirib ki, M.Şeyxzadə qarşılaşdığı bütün çətinliklərə sinə gəlməyə və yaradıcılığını uğurla davam etdirməyə müvəffəq olub. Onun sözlərinə görə, M.Şeyxzadə qəribçilik çəkmədən Özbəkistanda bütün çətinlikləri keçə bilib: "Çünki özbək xalqı ona sahib çıxıb. Hərdən düşünürəm ki, Maqsud Şeyxzadədə o qədər mübarizlik, həyatın çətinliklərinə tab gətirmək əzmi haradandır? Maarifçi ailəsində dünyaya göz açmağı, atasının öz şəxsi hesabına açdığı məktəbdə təhsil almağı, Nəriman Nərimanovun həmin məktəbə gəlməyi və onun dediyi şeiri "çap etdirərəm” kimi dəyərləndirərək, Maqsuda ürək-dirək verməyi bu sualımı cavablandırır. Böyük insanların həyatında elə tarixi təsadüflər var ki, onları məşhurlaşdırır. Fikirləşirəm ki, nə yaxşı, atası ona məhz Özbəkistanı seçməyi məsləhət görüb. Görünür, Maqsud Şeyxzadə Özbəkistandan doğma bir enerji alıb ki, bu qədər məhsuldar yaradıcılığı olub. Avropa, rus ədəbiyyatını özbək dilinə çevirmək böyük bir səriştə tələb edirdi. Ədəbi tənqid sahəsində fəaliyyət göstərmək, pedaqoq kimi məşhurlaşmaq Maqsud Şeyxzadənin tale yazısı və ziyalılıq bioqrafiyasını zənginləşdirən amillərdir. O, klassik və müasir özbək ədəbiyyatını, eləcə də Azərbaycan, rus və dünya ədəbiyyatını tədqiq edərək elmi kontekstdə təhlil edib. Dünya poeziyasının fəlsəfi nöqtələrinə toxunub, onları maraqlı və dərin məzmunda şərh edib. Maqsud Şeyxzadə tərcümə sahəsində çox böyük işlər görüb. Bütün bunlar doğrudan da böyük səriştə tələb edirdi. Demək olar ki, Maqsud Seyidzadə ömrünün hər anını ədəbiyyatla yaşayıb, həyatını bağladığı Özbəkistan elm-ədəbiyyat aləmindən bir göz qırpımı da olsa kənarda qalmayıb. Onun qələmə aldığı vətən sevgili, vətən məhəbbətli poemaları təkcə məzmunca yox, həm də məna və məntiqcə, ruhu ilə unudulmaz əsərlərdir”.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, rəhbərlik etdiyi qurum fəaliyyətini Azərbaycan mədəniyyətinin təbliğinə həsr edib. O, qeyd edib ki, bu gün M.Şeyxzadənin 110 yaşı doğma Vətəni Azərbaycanda qeyd edildiyi üçün onun ruhu şaddır. Direktorun fikrincə, belə tədbirlər xalqlarımız arasında ədəbi əlaqələrin inkişafına töhfə verir. Özbəkistanın tarixində azərbaycanlıların böyük rol oynadığını dilə gətirən qurum rəhbəri bildirib ki, hazırda özbək xalqı onların fəaliyyətlərini yüksək qiymətləndirir: "Şeyxzadənin bir çox əsərləri özbək ədəbiyyatşünaslığında tədqiq edilir, öyrənilir. Azərbaycanda doğulan, lakin repressiya qurbanı olaraq Özbəkistana gələn Şeyxzadə çox böyük işlər ortaya qoyub. O, Tərcümə Mərkəzi yaradaraq bu istiqamətdə xidmətləri ilə tarixə düşüb. Vətən həsrəti ilə yaşayan Şeyxzadə öz şeirlərində bunu əks etdirib. Azərbaycana bu tədbirin həyata keçirilməsinə görə təşəkkür edirəm. Son iki ildə "Kaspi” qəzeti, "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə iki kitab çap etmişik. Maqsud Şeyxzadə yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələr olduqca zəngindir. Ədib özbək xalqının qəhrəmanı Cəlaləddin Mənguberdi, hökmdar Mirzə Uluqbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyub”.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov vurğulayıb ki, M.Şeyxzadə əslində sovet dönəmində romantik üslub səviyyəsində klassik ənənəni davam etdirən görkəmli sənətkarlardan biri olub: "Maqsud Şeyxzadə özbək ədəbiyyatında tanınmış tərcüməçi, pedaqoq və dramaturqdur. Ən əsası isə, tanınmış azərbaycanlıdır”.

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev qeyd edib ki, M.Şeyxzadə çox böyük romantik düşüncəyə malik bir insan olub: "Onun bütün əsərləri romantik düşüncənin məhsuludur. Maqsud Şeyxzadə həm Azərbaycanın, həm də Özbəkistanın iftixarıdır: "Özbək xalqı Maqsud Şeyxzadəni özbək xalqının Şekspiri adlandırır. Maqsud Şeyxzadə elə bir həyat, elə bir ömür yaşayıb ki, bu tale iki qardaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olub”.

Özbəkistan Yazıçılar İttifaqının üzvü, şair, tərcüməçi Babaxan Şərifov öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan dahi dramaturq M.Şeyxzadə yaradıcılığına nəzər salıb, onun dünya şöhrətli özbək şairi Ə.Nəvai irsinin əsas tədqiqatçısı olduğunu qeyd edib. Sonda hər iki ölkədən bir qrup şəxsə xalqlarımızın ədəbiyyatına verdikləri töhfələrə görə diplomlar, xatirə hədiyyələri təqdim olunub.

20.12.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası