XƏBƏRLƏR 2018
Özbəkistanda İlin ən fəal xadimləri və jurnalistlərinin mükafatlandırma mərasimi keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Səfirliyin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli azərbaycanlılar, Özbəkistanın tanınmış elm, mədəniyyət xadimləri, mətbuat nümayəndələri iştirak ediblər.
Öncə Mədəniyyət Mərkəzinin foyesində “Qürurumuz Cümhuriyyətimiz” adlı foto sərgi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibəti ilə soydaşlarımızı təbrik edib, dünya azərbaycanlıların həmrəylik günü haqqında məlumat verən diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən sitat gətirərək qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar heç vaxt öz dilini, mədəniyyətini, ənənələrini unutmamalı və daim tarixi Vətənlərinə bağlı olmalıdır.
Daha sonra o, Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikini oxuyub.
Mərkəzin direktoru ötən 2018-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu olduğunu, iki xalq arasında mədəni-ədəbi əməkdaşlığa dair çoxsaylı beynəlxalq konfransların, dostluq konsertlərinin təşkil edildiyini qeyd edərək, tərəflər arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin icra edildiyini, Azərbaycanın İsmayıllı şəhəri və Özbəkistanın Riştan şəhərləri arasında qardaşlaşma haqqında memorandumun imzalandığını qeyd etdi.
Tədbirdə təbrik sözü ilə çıxış edən Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxış edərək Azərbaycan xalqını bayram münasibəti ilə təbrik etdi. O, Özbəkistanda yaşayan azərbaycanlıların həmişə Özbəkistanın rifahı üçün çalışdığını qeyd edərək, onların iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə dəstək olduqlarını söylədi.
Natiq geridə qalan 2018-ci ildə iki xalq arasında mədəni-ədəbi əməkdaşlığa dair çoxsaylı beynəlxalq konfransların, dostluq konsertlərinin təşkil edildiyini, Səmərqənd və Daşkənd şəhərlərində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı günlərinin keçirildiyini qeyd etdi. Turizm sahəsində də inkişafın olduğunu qeyd edən Erkin Nuriddinov Azərbaycan Hava Yolları şirkəti AZAL-ın Özbəkistana yeni reyslərin açmasını qarşılıqlı turist səfərlərinin artmasına səbəb olduğunu qeyd etdi.
Tədbir çərçivəsində Azərbaycanın Özbəkistandakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdikləri “Özbəkistanda Azərbaycan haqqında ilin ən yaxşı məqalə, televiziya verilişi, tərcümə əsərləri”, “Dostluq münasibətləri, mədəni-ədəbi əlaqələri fəal təbliğ edən xadimlər mükafatlandırıldı.
Ən yaxşı televiziya mükafatı nominasiyasına Özbəkistanın “Dunyo boylab” teleşirkətinin tanınmış jurnalisti Elmira Tuxvatillinanın “Turizm haqqında hər şey: Azərbaycan Respublikası” verilişi, digər mükafatlara isə jurnalist Gülsarə Saqatxanovanın “Qafqaz dürdanəsi – Azərbaycana səyahət” verilişi layiq görüldü.
Ölkəmizə dair ilin ən yaxşı məqalələri xüsusi diplomlar və pul mükafatlarına layiq görüldü.
İlin ən yaxşı tərcümə əsəri mükafatına Özbək alim və tərcüməçi Tahir Qahharın Azərbaycan dramaturqu Hüseyn Cavidin özbək dilinə tərcümə etdiyi “Peyğəmbər” əsəri layiq görüldü.
2018-ci ildə iki ölkə arasında dostluq münasibətləri, mədəni-ədəbi əlaqələri fəal təbliğ edən elm, mədəniyyət xadimləri də elan olundu. Özbək akademik, tanınmış elm xadimi Naim Karimov və azərbaycanlı ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Sona Vəliyeva Azərbaycan Mədəniyyət Mərkəzinin diplomlarına layiq görüldülər.
Dostluq əlaqələrinə dair ilin ən yaxşı layihəsi, filmi, ən çox ölkəmiz haqqında məqalə dərc edən, dostluq əlaqələrini daha da geniş işıqlandıran Özbəkistanın kultura.uz və kun.uz, Azərbaycanın kaspi.az və olaylar.az saytları da xüsusi mükafata layiq görülüb.
Qalib jurnalistlər çıxış edərək Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini, dostluq əlaqələrimizin inkişafını yüksək qiymətləndiriblər və xalqlarımıza səmimi xoş arzularını bildiriblər.
Mükafatlandırmadan sonra qalib jurnalist Elmira Tuxvatillinanın “Turizm haqqında hər şey: Azərbaycan Respublikası” adlı verilişi nümayiş etdirilib.
Qeyd edək ki, verilişdə Azərbaycanın mədəniyyəti, turizmi və ölkəmizin son illər əldə etdiyi nailiyyətlər geniş işıqlandırılıb.
Tədbirin bədii hissəsində Özbək müğənniləri Azərbaycan və Özbək musiqilərini, habelə Azərbaycan rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.
29.12.2018