XƏBƏRLƏR 2018
Azərbaycan təşkilatları təhsil və mədəniyyət sahəsində əməkdaşlığa dair Özbəkistanda Memorandum imzaladılar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə bu ölkədə yenicə fəaliyyətə başlayan GRBS Professional Təhsil Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzlanıb.
Memorandum Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və GRBS Professional Təhsil Mərkəzinin rəhbəri Bəhram Qurbanov tərəfindən imzalanıb.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən imzalanma mərasimində mədəniyyət, təhsil sahəsində çalışan mütəxəssislər, jurnalistlər iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, rəhbərlik etdiyi təşkilat Özbəkistanda ilk Azərbaycan Təhsil şirkəti - GRBS Mərkəzi haqqında məlumat verib, Mərkəzin gələcək fəaliyyəti yolunda müvafiq dəstək göstəriləcəyini qeyd edib. S.Abbasov milli mədəniyyətimizin təbliği, təhsil və elm sahəsində layihələrdə əməkdaşlıq ediləcəyini və bu istiqamətdə birgə layihələrin həyata keçiriləcəyini qeyd edib.
GRBS Professional Təhsil Mərkəzinin rəhbəri Bəhram Qurbanov öz çıxışında vurğulayıb ki, Azərbaycan tarixində ilk hadisədir ki, ölkədən xaricdə ilk Milli Təhsil İmtahan Mərkəzi olan GRBS Təhsil Mərkəzinin gələcəkdə Özbəkistanda fəaliyyəti və planları barədə məlumat verib.
B.Qurbanov Daşkənd şəhərinin mərkəzində yeni bina və müasir avadanlıq, texnologiyalarla təmin olunmuş Mərkəzdə müasir dövrün aktual sahələrinə, ixtisaslara dair hazırlıq kurslarının fəaliyyət göstərəcəyini qeyd edib. O, beynəlxalq standartlara cavab verən İngilis, Fransız dilləri, Mühasibatlıq, TOEFL, İELTS, habelə kompyuter sahəsinə dair hazırlıq kurslarının fəaliyyət göstərəcəyi Mərkəzdə əsasən tez-tez Azərbaycan və Özbəkistan dostluğu, əməkdaşlığı, habelə Türk xalqlarının tarixi və mədəniyyətinə dair müsabiqələrin və layihələrin reallaşdırılacağını qeyd edib.
O, Azərbaycançılıq məfkurəsinin, mədəni irsimizin, tariximizin təbliği işində xarici ölkələrdə fəaliyyət göstərən diplomatik müəssisələr arasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük işlər, layihələr həyata keçirdiyini və yaxşı təcrübələrə malik olduğunu bildirdi və imzalanmış Memoranduma əsasən gələcəkdə təbliğat işində əməkdaşlıq ediləcəyini vurğuladı.
Qeyd edək ki, GRBS Professional Təhsil Mərkəzinin cari il 3 oktyabr tarixində Daşkənd şəhərində açılış mərasiminin keçirilməsi planlaşdırılır. Xarici ölkələrdə fəaliyyət göstərəcək Azərbaycan təhsil-imtahan mərkəzi ixtisasartırma, habelə kompyuter proqramları üzrə biliklər verəcək, sonda iştirakçılar arasında imtahan yolu ilə onların bilik səviyyələri müəyyən ediləcək və onlara bu barədə beynəlxalq aləmdə tanınan sertifikatlar təqdim olunacaqdır.
21.09.2018