XƏBƏRLƏR 2018
Daşkəndə Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş hazırlanıb.
Daşkənddəki “Mədəniyyət və mərifət” televiziya kanalında “Dünya ədəbiyyatı” seriyasından yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz haqqında veriliş efirə verilib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan verilişdə yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir.
Verilişdə alim və tərcüməçi Babaxan Şərif bildirib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, Atabəy Eldəniz” romanları işıq üzü görüb və populyarlıq qazanıb. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Yunus Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb. O bildirib ki, Yunus Oğuz Özbəkistanda çap edilən elə ilk kitabı-“Əmir Teymur” romanı ilə məşhurlaşıb. O özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.
Ədəbiyytşünas Adxambek Alimbekov, filologiya elmləri namizədi Gülnaz Səttarova, jurnalist və tərcüməçi Rüstəm Cabbarov, Kokand şəhərindəki Mukimiy adına Dövlət Pedaqoji İnstitutunun dekanı Ziboxon Kabilova yazıçının yaradıcılığı haqqında söhbət açıb, onun əsərlərinin məzliyyətləri haqqında danışıblar. Çıxış edənlər Yunus Oğuzun əsərlərinin Özbəkistandan başqa, Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Fransa, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə çap edildiyini bildirib, onun əsərlərinin populyarlığından söz açıblar.
Proqramda Yunus Oğuz yaradıcılığı haqqında danışıb, Əmir Teymur və digər tarixi şəxsiyyətlərlə bağlı yazdığı romanlar haqqındaa söhbət açıb.
26.10.2018