XƏBƏRLƏR 2018
“Azərbaycan tarixi, mədəniyyəti hər bir ölkədə” layihəsi çərçivəsində Özbəkistanın aparıcı universitetlərinin kitabxanalarına ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə olunub.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Mirzə Uluqbek adına Özbəkistan Milli Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanalarına ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib.
Kolleksiyada özbək dilində Daşkənddə nəşr olunmuş “Haydar Aliyev”, “İlhom Aliyev o‘zgarishlar jarayonidagi Prezident tasviri”, professor Əli Həsənovun “Geosiyasət”, “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti”, “Xocalı soyqırımı”, Özbək tarixçi Şuxrat Salamovun “Türkistan və Cənubi Qafqaz: Daşnaklar Fərqanədən Qarabağadək”, “Qarabağ: müharibə ideyaları”, özbək yazıçı Abdulvali Saybnazarovun “Xocalıda ölən insaniyyət”, Nizami Gəncəvinin “Xəmsə”, “Sirlər xəzinəsi”, Leyli və Məcnun”, “İqbalnamə”, M.Füzulinin “Qəlb gövhəri”, Daşkənddə Özbək dilində çapdan çıxmış Azərbaycan ədəbiyyatının antologiyaları, bir sıra tanınmış yazıçı və şairlərin əsərləri (Bəxtiyar Vahabzadə, Anar, Yunus Oğuz, Sona Vəliyeva, Pərvin), habelə milli mədəni irsimizə dair “Azərbaycanın mədəni irsi”, “Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda” və s. nəşrlər yer alıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd Özbək dilində Azərbaycana dair məlumat boşluğunun aradan qaldırılması, iki ölkə arasında dostluq əlaqələrin dərinləşdirilməsi, habelə ölkəmizin təbliği, Özbək oxucularına, araşdırmaçılarına Azərbaycan haqqında obyektiv məlumatların çatdırılmasıdır.
Bildirmək istəyirik ki, Daşkənddə özbək dilində çap olunan kitabların elektron versiyası da Azərbaycan və Özbəkistanın aparıcı kitabxanalarına göndərilir və sözügedən kitabxanaların elektron kitabxanasına daxil edilir.
Hazırda bu istiqamətdə işlər davam etdirilir, “Azərbaycanı tanıyaq”, “Azərbaycan tarixi hər bir ölkədə” və başqa layihələr çərçivəsində son beş ildə minlərlə kitab, jurnal, elektron nəşr Özbəkistanın aparıcı kitabxanalarına, elm və təhsil müəssisələrinə hədiyyə edilib.
17.08.2016