XƏBƏRLƏR 2019
Özbəkistanın “Qalampir.uz” internet nəşri ilə Azərbaycanın “Kaspi.az” portalı arasında Memorandum imzalanıb.
Özbəkistanın “Qalampir.uz” portalı Bakıda bu qurumla Azərbaycan “Kaspi.az” saytı arasında peşəkar əməkdaşlıq məsələləri ilə bağlı Qarşılıqlı Anlaşma Memorandumu imzalanması haqqında özbək dilində material verib.
Memorandumun imzalanması təşəbbüsü ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi çıxış edib.
Yazıda bildirilir ki, sənədi “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva və “Qalampir.uz” internet nəşrinin rəhbəri Qamariddin Şayxov imzalayıblar.
Memorandumda ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər öz əksini tapıb.
Tərəflər öz internet-resurslarında kütləvi sayılan xəbərləri bir-birinə ötürə, həmçinin onları öz informasiya vasitələrində istifadə edə bilər. Hər bir tərəf qarşı tərəfin müxbirləri üçün lazımi şərait yaratmalı, mövcud imkanlar daxilində hadisələrin, ölkələrində baş verən maraqlı hadisələrin, vəzifəli şəxslərin səfərlərinin işıqlandırılmasında köməklik göstərməli, təqdim olunmuş multimedia məzmunundan və mənbəyinə istinad etməklə bütün əlçatan vasitələrdən sərbəst istifadə etməyə icazə verməlidir. Tərəflər məlumat, informasiya və sənəd arxivlərinin, həmçinin də öz fəaliyyətləri ilə bağlı materialların mübadiləsini təmin etməli, qarşılıqlı şəkildə iş fəaliyyəti ilə bağlı agentlik rəhbərləri və əməkdaşlarının səfər və treninqlərini təşkil edərək, əməkdaşlığı həyata keçirməyi öz üzərlərinə öhdəlik olaraq götürmüşlər.
Qeyd edək ki, hər iki xəbər portalı qarşı tərəfin nailiyyətləri və maraqlı hadisələrə dair bugünə qədər çoxsaylı informasiyalar yayımlayıb.
İmzalanma mərasimində çıxış edərək “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Qalampir.uz” internet nəşrinin rəhbəri Qamariddin Şayxov əməkdaşlıq əlaqələrinin yaradılması, gələcək əməkdaşlıq məsələləri barədə danışaraq, öz fikirlərini bölüşüblər.
28.03.2019