XƏBƏRLƏR 2019
“Nəsimi ili” ilə əlaqədar Özbəkistanın “Ədəbiyyat” qəzeti xüsusi buraxılışını dahi Azərbaycan şairinə həsr edəcəkdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkənin “Ədəbiyyat” qəzetinin baş redaktoru Baxtiyor Karim arasında görüş keçirilib.
Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Samir Abbasov Özbəkistanın “Ədəbiyyat” qəzeti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu məqsədlə təşkilatlar arasında əməkdaşlığa dair Memorandumun imzalanması təklifi ilə çıxış edib.
Özbəkistanda Azərbaycan ədəbiyyatına daim böyük maraq olduğunu bildirən diplomat, Azərbaycan və Özbək ədəbiyyatının nümayəndələrinin daim bir-birindən bəhrələndiyini qeyd edib. O, “Ədəbiyyat” qəzetinin gələcək nömrələrində Azərbaycan şairlərinin şeirlərini, habelə ədəbiyyat nümayəndələrinə dair daha çox materialların, məqalələrin dərc olunmasının arzuladığını vurğulayıb.
Samir Abbasov 2019-cu ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar il ərzində Özbəkistanın “Ədəbiyyat” qəzetinin xüsusi buraxılışının dərc olunmasını və bu buraxılışın bütövlükdə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmasını təklif edib. O, bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin bütün təşkilati işləri öz üzərinə götürə biləcəyini söyləyib.
Özbəkistanın “Ədəbiyyat” qəzetinin baş redaktoru Baxtiyor Karim rəhbərlik etdiyi qəzet haqqında məlumat verərək ədəbiyyat sahəsində Özbəkistanda ən böyük mətbu orqan olan qəzetin öz ətrafına on minlərlə oxucu aiditoriyası topladığını qeyd edib. O, “Ədəbiyyat” dövlət qəzetinin növbəti saylarında Azərbaycan ədəbiyyatına yer ayıracağını bildirib və gələcəkdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq etmək arzusunu dilə gətirib.
Samir Abbasov Azərbaycanda buraxılan “Ədəbiyyat qəzeti” haqqında məlumat verib, ölkədə ədəbi mühitin yetişməsində, formalaşmasında, habelə gənc istedadların yaradıcılığının dəstəklənməsində qəzetin əhəmiyyətini qeyd edib və gələcəkdə hər iki ölkənin qəzetləri arasında əlaqələrin yaradılması, əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Baş redaktor, tanınmış jurnalist Baxtiyor Karim Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, məhz Mərkəzin fəaliyyəti nəticəsində Özbəkistanda böyük tərcüməçilər məktəbinin formalaşdığını, Azərbaycan ədəbiyyatına marağın daha da artdığını, Mərkəzin layihəsi ilə çoxsaylı kitabların işıq üzü gördüyünü bildirib.
O, Samir Abbasovun “Nəsimi ili” ilə əlaqədar təkliflərini, birgə layihələrə dair irəli sürdüyü fikirləri müsbət qarşılayaraq əməkdaşlığa hazır olduğunu ifadə edib.
Tərəflər yaxın günlərdə əməkdaşlığa dair Memorandumun hazırlanması barədə razılıq əldə ediblər.
29.05.2019