XƏBƏRLƏR 2019
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ayrıca stendlə təmsil olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.
Bakı İdman Sarayında təşkil olunan və üç gün boyunca davam edəcək ənənəvi sərgi-yarmarka böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. Sərgidə 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini təqdim edir.
Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək qonaqları salamlayıb, hər dəfə olduğu kimi, bu ildə sərgi-yarmarkaya marağın böyük olduğunu bildirib. Sərginin dahi şair, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunduğunu deyən nazir Azərbaycan xalqının mənəvi dünyasında kitab həmişə özünəməxsus dəyərli yer tutduğunu diqqətə çaldırdı: “Avesta”dan, “Kitabi-Dədə Qorqud” dastanlarından başlayaraq xalqımız öz ədəbiyyatına və mədəniyyətinə böyük diqqətlə yanaşıb. Biz böyük ədiblərimizin adı ilə həmişə fəxr etmişik. Onların yazdığı dəyərli bədii nümunələri əsrlərlə nəsildən-nəslə ötürərək bu günümüzə gətirib çatdırmışıq. Bu ədəbi nümunələr incəsənətin bütün sahələrinə sirayət edib. Bu əsərlər əsasında musiqilər yazılıb, tamaşalar səhnəyə qoyulub, rəsm əsərləri yaradılıb, filmlər çəkilib. Məqsədimiz ondan ibarətdir ki, xalqımızın kitaba sevgi ənənəsini qoruyaq, daha da inkişaf etdirək, gənclərimizə ötürək.
Əbülfəs Qarayev son illərdə ölkəmizdə poliqrafiya sənətinin inkişafından söz açmış, Azərbaycan hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız ən yüksək mükafatlara layiq görülür:
Qeyd edək ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Özbəkistanda da maraq böyük olmuş, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi sərgidə ayrıca stendlə təmsil olunur. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə son 6 ildə Özbəkistanda Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına dair Özbək dilinə tərcümə olunan və Daşkənddə çap olunan 60-dan çox sözügedən sərgi-yarmarkada sərgilənir. Onların arasında dahi Azərbaycan şairləri Nizami Gəncəvinin özbək dilinə çevrilmiş “Xəmsə”si, şairin əsərləri, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Bəxtiyar Vahabzadə, XX əsr Azərbaycan ədəbiyyatı antologiyası, Azərbaycan-Özbək, Özbək – Azərbaycan danışıq kitabçası, yeni nəşr olunmuş lüğət və s. kitablar yer alır.
Özbəkistan Milli Kitabxanası, Daşkənddəki Turan kitavbxanası da sərgidə ayrıca stenddə qardaş ölkədə nəşr olunan kitabları nümayiş etdirir.
Açılış mərasimindən sonra qonaqlar sərgi-yarmarka ilə yaxından tanış oldular.
Xatırladaq ki, sərgi çərçivəsində tanınmış şair və yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək.
27.09.2019