XƏBƏRLƏR 2019
Özbəkistanın Namanqan şəhərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçiriləcəkdir.
Özbəkistanın şərqində Qırğızıstanın Cəlalabad, Oş vilayətləri ilə sərhəddə yerləşən Namanqan vilayəti qardaş ölkənin sənaye cəhətdən inkişaf etmiş iqtisadi rayonlarındandır. Mərkəzi Namanqan şəhəri, 11 rayonu olan Vilayətin ümumilikdə əhalisi 2 milyon 379 min təşkil edir.
Fərqanə vadisinin bir hissəsində yerləşən vilayətin əsas iqtisadiyyatı pambıqçılıq, üzümçülük, ipəkçilik təşkil edir.
Namanqan vilayətinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini Vilayətin rəhbəri-hakim Xayrullo Bozarov qəbul edib.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətini ilə görüş zamanı Vilayət rəhbəri Xayrullo Bozarov Namanqan vilayəti haqqında məlumat vermiş, Özbəkistanın aparıcı bölgəsi olaraq Namanqanda aparılan işlər haqqında danışıb.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən hakim qeyd edib ki, Özbəkistanla Azərbaycanın regionları arasında da əməkdaşlığın daha da inkişaf etdirilməsi prioritet məsələlərdəndir.
Qənirə Paşayeva çıxışında Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verib, bu cür səfərlərin həm Özbəkistanda, həm də Azərbaycanda müntəzəm olaraq keçirilməsinin vacibliyindən danışıb. Milli Məclisin deputatı Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsini, Namanqanla Azərbaycanın Tovuz şəhərinin qardaşlaşması təklifi ilə çıxış edib.
Qənirə Paşayeva xüsusi vurğulayıb ki, oktyabr ayında Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə iştirak etmək üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfərinin gözlənildiyini və bu səfərdən sonra ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində yeni imkanlar açılacağını qeyd edib.
Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danıışıb, bütün beynəlxalq tədbirlərdə Özbəkistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb və bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq, həyata keçirilən böyük layihələr, tədbirlər haqqında danışaraq, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanın regionlarında tanıdılması, Namanqanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsi, Namanqan kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar təkliflərlə çıxış edib.
Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın şair və yazıçılarınin, tarixçilərinin əsərləri, ümumilikdə 60-a yaxın kitab özbək və azərbaycan dillərinə tərcümə edilərək çap olunub.
Görüşdə iştirak edən Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, filologiya üzrə fəlsəfə doktoru, Hədəf liseyinin direktoru Şamil Əliyev yaradıcı təşkilatlar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar. Namanqan vilayətinin və Azərbaycanın bir məktəbi ilə “Qardaşlaşmış məktəb” layihəsini həyata keçirmək təklifini irəli sürüblər.
Görüşdə Azərbaycandan şagirdlərinin Özbəkistanın Namanqan vilayətinə, bu vilayətdən isə şagirdlərin Azərbayacana ekskursiyaların, mübadilə proqramlarının təşkili müzakirə olunub, tərəflər bir-birinin tarixini, mədəniyyətini, nailiyyətlərini öyrənmək, qarşı tərəfə təqdim etmək istiqamətində maraqlı fikir mübadiləsi ediblər.
Sonra tərəflər qarşılıqlı olaraq bir-birilərinə hədiyyələr təqdim edib, qarşılıqlı olaraq əlaqələrin inkişaf etdirilməsi, müzakirə olunan məsələlərə dair hər iki ölkənin rəhbərliyinə təkliflər verilməsi barədə razılığa gəliblər.
28.09.2019