XƏBƏRLƏR 2019
“Müstəqillik - tariximizin şah əsəri” Daşkənddə Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunmuş sərgi açılıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Müstəqillik - tariximizin şah əsəri” Daşkənddə 18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunmuş sərgi açılıb.
Təşkil olunan kitab sərgisində Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı, onun ideyalarının təbliği istiqamətində layihələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərinə həsr olunmuş nəşrlər, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi ilə Daşkənddə Özbək dilində çap olunmuş kitablar nümayiş etdirilir.
Sərgilərlə ilkin olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərin uşaq və yeniyetmələri tanış olub, onlara ölkəmiz, Azərbaycanın istiqlaliyyəti, müstəqilliyimizin çətin sınaqları, Azərbaycan xalqının çox çətinliklə qazandığı müstəqilliyin yenidən itirilməsi təhlükəsi, Ulu öndər Heydər Əliyevin müstəqilliyi xilas etməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın nəhəng layihələr həyata keçirməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyinin layiqli üzvü olması və s. barədə məlumatlar verilib.
Mərkəzin foyesində təşkil olunan əl işləri sərgisində isə kurs və dərnəklərin uşaqlarının Azərbaycanın dövlət rəmzləri, atributları, milli mədəniyyətimizə dair hazırladıqları maketlər, fiqurlar, suvenirlər nümayiş etdirilir.
Azərbaycanın nailiyyətləri, ölkənin qazandığı uğurlar nümayiş etdirilən foto sərgidə ziyarətçilərə təqdim olunur.
Qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyi günü ilə əlaqədar Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərdə bu mövzuda dərslər keçirilmiş, Mərkəzin “Azərbaycan dövlətçiliyi və tarixi muzeyi”, “Heydər Əliyev Muzeyi”nə uşaq və yeniyetmələrin ekskursiyası təşkil olunub.
18.10.2019