XƏBƏRLƏR 2019
Özbəkistanın İslam Sivilizasiya Mərkəzi ilə Azərbaycana dair birgə layihələr həyata keçiriləcək, Mərkəzin kitabxana və muzeylərində Azərbaycan bölməsi yaradılacaq.
Özbəkistanın İslam Sivilizasiya Mərkəzi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri arasında görüş keçirilib. Görüş zamanı birgə əməkdaşlıq əlaqələrin yaradılması, birgə tədbirlərin layihələrinin icrası, Daşkənd şəhərində tikilməkdə olan İslam Sivilizasiya Mərkəzinin muzey və kitabxanalarında Azərbaycana dair unikal eksponat və güşələrin yaradılması və başqa aktual məsələlər müzakirə olunub.
İslam Sivilizasiya Mərkəzinin Direktoru Şoazim Minovarov ilk öncə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər haqqında danışmışdır. O, Özbəkistan prezidentinin təşəbbüsü ilə yaradılan İslam Sivilizasiya Mərkəzi haqqında məlumat vermiş, hazırda Daşkəndin qədim hissəsində10 hektar ərazidə inşa olunan və orta Asiyada analoqu olmayan Mərkəzin yaradılmasının əsas məqsədinin zəngin dəyərlərə və ənənələrə malik olan Özbəkistanın İslamı dünyaya gözəl ənənələrini çatdırmaq, onun sülh, humanizm, inkişaf dini olduğunu göstərmək olduğunu söyləyib. Mərkəzdə region alimlərinin yaratdığı böyük irs və onların dünya sivilizasiyası, mədəniyyəti, habelə İslam mədəniyyətinə verdiyi töhvələri araşdıran, tədqiq ediləcəyini bildirən maq, Şoazim Minovarov islam dəyərlərinin təbliğində böyük işlər həyata keçirən Azərbaycanın təcrübəsinin öyrənilməsinin maraqlı olduğunu bildirib. Ş. Minovarov Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə əməkdaşlıqda maraqlı olduğunu və yaradılacaq İslam Sivilizasiya Mərkəzinin muzeyində islam irsinə dair eksponatlarnan zənginləndirilməsi, kitabxanada Azərbaycan fondunu yaradılması, habelə Azərbaycanın müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrin yaradılması məsələlərində Mədəniyyət Mərkəzinin dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
Öz çıxışında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir Abbasov Azərbaycanın İslam Ölkələri arasındaki əməkdaşlığa daim böyük töhfə verdiyini və bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirdiyini bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə keçirilən mədəniyyətlərarası dialoq Forumu, ölkəmizin islam həmrəyliyinə verdiyi töhvələrdən danışaraq, Azərbaycanda tolerantlıq və dinlərarası xoş münasibətlər sisteminin yaradıldığını, 2017-ci ildə Azərbaycanın ev sahibliyi ilə təşkil olunan İslam Həmrəylik Oyunları haqqında məlumat verib.
Natiq Azərbaycanda əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığını və müxtəlif millətlərin birgə yaşadığı məkan olduğunu qeyd etmiş, ölkədə əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulması məqsədi ilə Azərbaycan dövləti tərəfindən uğurlu siyasət aparıldığını söyləyib.
Samir Abbasov gələcək əməkdaşlıq məsələlərinə toxunaraq İslam Sivilizasiyalar Mərkəzi və Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair memorandumun imzalanmasını təklif edib. Hər iki ölkənin İslam abidələrinə dair Daşkəndə böyük tədbirin təşkili, Azərbaycan və Özbəkistanın islam abidələrinin foto sərgisinin keçirilməsini, İslam Sivilizasiya Mərkəzinində yaradılacaq kitabxanada Azərbaycan fondunun təşkilini öz üzərlərinə götürdüyünü qeyd edib. O, hər iki ölkədə qarşı tərəfə dair unikal əlyazmaların saxlanıldığını, xüsusilə islam irsinə dair əhəmiyyətli nəşrlərin sürətlərinin gələcəkdə qarşılıqlı prinsiplərlə mübadiləsi layihəsi üzərində işləməkdə maraqlı olduğunu bildirib.
O, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmaqda olan Azərbaycan-Özbəkistan Dostluq Muzeyində ayrıca olaraq hər iki ölkənin milli dəyərləri olan İslam abidələrinin maketlərinin güşəsinin təşkil edildiyini və gələcəkdə bu sahədə birgə konkret layihələrin icrasını təklif edib.
O, rəhbərlik etdiyi Mərkəz tərəfindən hər il Özbəkistanın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini, xalqlarımızın tarixi dostluğunu, ortaq dəyərlərinin təbliğ edildiyini vurğulayıb.
Görüşdə İSM-nin direktoru Şoazim Minovarov Azərbaycan tərəfinin maraqlı təkliflərlə işləməyə hazır olduqlarını, bütün təşəbbüslərin əhəmiyyətini nəzərə alaraq, birgə tədbirlər planının tərtibini təklif edib.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoruna tikilməkdə olan İslam Sivilizasiya Mərkəzinin binası, onun gələcək strukturu, planları barədə məlumat verilib. Qeyd olunmuşdur ki, İslam İncəsənəti Muzeyinin fondunda 40 min eksponatın nümayiş etdirilməsi, kitabxanada isə 100 000 nadir, tarixi kitabların, əlyazmaların, habelə islam irsinə dair müasir nəşrlərin ictimayyətə təqdim edilməsi nəzərdə tutulur.
Bundan başqa, Mərkəzdə islam irsinin elmi təqdiqat bölümü, nəşriyyət, konfrans-zal, qədim kitabların və əlyazmaların bərpa bürosunun yaradılması planlaşdırılır.
25.10.2019