XƏBƏRLƏR 2019
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində M.Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzinin açılışı olub.
Özbəkistanın nüfuzlu ali məktəblərindən olan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılmışdır.
Universitetdə keçirilən “Özbək dilinin tərəqqisi, türkologiya və beynəlxalq həmkarlıq məsələləri” adlı Beynəlxalq konfrans çərçivəsində Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzinin açılışı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılan Azərbaycan ocağında xüsusi tərtibat və dizayn işləri həyata keçirilmiş, Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədi ilə ölkəmizə dair nəşrlər, əyani vasitələr hədiyyə edilmişdir.
Qeyd edək ki, Azərbaycan ocağında xalqlar arasında dostluq, mədəni-ədəbi əlaqələrə dair guşələr, habelə dövlət atributlarımız və milli mədəniyyətimizə dair xüsusi stendlər yaradılıb, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin portretləri, habelə dahi Füzulinin həyat və yaradıcılığı, əsərləri, əsərlərindən miniaturlar yerləşdirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycan dilinə, ədəbiyyatına qayğı, diqqətin artırılması və bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edərək yaradılan Mərkəzin əsas fəaliyyətinin Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi və təbliği olacağını bildirib. Diplomat Mərkəzdə azərbaycanlı alimlərin, şairlərin, yazıçıların mütəxəssislərin iştirakı ilə görüşlərin, mühazirələrin, yubileylərin, açıq dərslər, sərgi və seminarların təşkil olunacağını söyləyərək, Mərkəzin nəzdində yaradılan kitabxananın daim Azərbaycana dair yeni nəşrlərlə təmin ediləcəyini qeyd edib.
Rektor Şuxrat Siracəddinov Məhəmməd Füzulinin yaradıcılığına Özbəkistanda böyük sevgi olduğunu, elm, təhsil və ədəbi əlaqələr sahəsində Mərkəzin xalqlarımız arasında dostluq, əməkdaşlıq sahəsində bir körpü rolunu oynayacağını vurğulayıb. O, yaradılan Azərbaycan ocağı vasitəsi ilə Universitetin müəllim və tələbələri Azərbaycanla, onun qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış ola biləcəklərini və Mərkəzin tədqiqatçılar, tərcüməçilər üçün yeni imkanlar açdığını söyləyib. Şuxrat Siracəddinov yaradılan gözəl Mərkəzə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib.
Açılış mərasimində iştirak edən alimlər yeni Azərbaycan Mərkəzinin iki ölkə arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan dilinin tədrisi, habelə Azərbaycan ədəbiyyatı və tarixinin öyrənilməsi üçün yaxşı imkan hesab edərək Mərkəzin işinə uğurlar arzulayıblar.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yeni yaradılmış Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzinə milli mədəniyyətimizi özündə əks etdirən Azərbaycan xalçası və milli suvenir bağışlayıb.
31.10.2019