XƏBƏRLƏR 2019
Özbəkistanın Urgənc şəhərindəki Gənclər Mərkəzində Azərbaycan-Özbəkistan dostluğuna aid “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib.
Özbəkistanın Xorezm vilayətində keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Vilayətin mərkəzi şəhəri Urgəncdə Gənclər mərkəzində bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə iki xalq arasında tarixi dostluğa dair hazırlanmış “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə Xarəzm vilayətinin hakimiyyət nümayəndələri, nüfuzlu şəxsləri, elm, mədəniyyət xadimləri, gənclər, jurnalistlər iştirak ediblər.
İlk öncə qonaqlar Gənclər Mərkəzində görüş keçirərək müəllim və tələbələrlə səmimi söhbət edib, Mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
Sonra Mərkəzin böyük akt zalında iştirakçıları Xorezm Vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayev salamlayaraq Azərbaycan-Özbəkistan dostluğu, Vilayətdə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri haqqında geniş məlumat verib. O, qardaş ölkənin mədəniyyəti və ədəbiyyatı bayramı çərçivəsində vilayətdə çoxsaylı tədbirlərin keçirildiyini qeyd edib, ölkə başçılarımız arasında səmimi münasibətlərin ikitərəfli əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açdığını vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrindən danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Xarəzm vilayətində artıq bir neçə gündür davam edən tədbirlər barədə məlumat verib, xalqlarımız arasında dostluğun, habelə milli mədəniyyətimizin qardaş ölkədə tanıdılması və təbliği istiqamətində aparılan işlərdən və həyata keçirilən layihələrdən danışıb.
Polad Zeynalov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış və iki xalq arasında ən qədim dövrlərdən müasir dövrədək mövcud dostluqdan və xalqlarımızın ortaq dəyərlərinə həsr olunmuş sənədli film haqqında məlumat verib.
Sonra iştirakçılara “Dostluq riştələri” adlı sənədli film təqdim olunub. Türk dil qrupuna aid olan Azərbaycan və Özbək xalqlarının mədəni irsi, tarixən yaxınlığı ilə seçilən xalqlarımızın yaratdığı əsərlər, tanınmış elm, ədəbiyyat xadimləri haqqında məlumatlar filmdə öz əksini tapmışdır.
Özbək dilində hazırlanmış bu ekran əsərində tariximizin, mədəniyyətimizin ən şanlı səhifələri, qədim, orta əsrlər və hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, müstəqillik illərində isə dostluq əlaqələrinin möhkəmlənməsi, strateji partnyorluq səviyyəsinə çatdırılması, bu işdə dövlət rəhbərlərinin xidmətləri, qarşılıqlı səfərlər, Daşkənddə Heydər Əliyev küçəsində Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, açılış mərasimində Şavkat Mirziyoyevin və İlham Əlyevin iki xalq arasında dostluq əlaqələrinə dair dəyərli fikirləri, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin heykəllərinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair keçirilən tədbirlər, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.
Sənədli filmdə tarixə nəzər salınır, XX əsrin 70-ci illərində Azərbaycanda Özbək, Özbəkistanda Azərbaycan mədəniyyət dekadalarının, günlərinin, Azərbaycan və Özbəkistanın tanınmış simalarının, mədəniyyət, ədəbiyyat xadimlərinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyət günlərinin açılışında iştirakına dair nadir kadrlar öz əksini tapıb.
Sənədli filmdə Özbəkistanda yaşamış tanınmış azərbaycanlılar, onların Özbəkistanın ictimai-mədəni həyatında rolu və verdiyi töhvələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.
Filmin ssenari müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rejissoru Eldar Məmmədovdur.
Film təqdim edildikdən sonra Mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər. Azərbaycan milli rəqslərimiz iştirakçıların alqışları ilə qarşılanıb.
09.11.2019