Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

html5 slider by WOWSlider.com v8.8

Əziz Azərbaycanlılar, əziz soydaşlarımız!


Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2020-ci il münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizlərə sağlıq, firavanlıq və gözəl günlər arzulayırıq.

Bildiyimiz kimi 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ümummilli liderimiz qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq demişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır.

Məhz, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.

Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006 və 2011-ci illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II və III qurultayları keçirilmişdir.

Azərbaycan xalqı və dövləti üçün 2019-cü il də siyasi-iqtisadi və sosial-mədəni həyatda böyük uğurlar əldə edilmişdir.

Prezidnet İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə də ölkəmiz böyük və uğurlu yol qət etmişdir. Ölkəmiz dünyada ikinci ən böyük təşkilat olan “Qoşulmama hərəkatı kimi mötəbər quruma müvəqqəti sədr seçilib. Azərbaycan çoxsaylı böyük və nüfuzlu tədbirlərə evsahibliyi edib. Dövlətimizin siyasəti nəticəsində milli mədəniyyətimizin tanıdılması istiqamətində uğurlu addımlar atılıb.

Bugün ölkəmizin dünyada qazandığı uğurlar, cəmiyyət həyatının bütün sahələrində dövlətimizin əldə etdiyi nailiyyətlər həm qürurverici, həm də gələcək uğurlarımızın zəmanətçisidir.

Müstəqil Azərbaycan regionun nüfuzlu dövlətinə çevrilmiş, ölkəmiz dünya səviyyəli tədbirlərə ev sahibliyi etməklə böyük hörmət qazanmış, yeni – yeni nəhəng layihələr reallaşdırılmışdır.

Ötən 2019-cu il Azərbaycan-Özbəkistan münasibətləri, əlaqələrin inkişafı istiqamətində uğurlu olmuş, qardaş Özbəkistan Naxçıvan sazişinə qoşulmuş, Bakıda keçirilən Türk Şurasına üzv olaraq daxil olmuşdur. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər etmi, ikitərəfli əməkdaşlığın inkişafına dair dövlət başçılarımız arasında faydalı görüş keçirilmişdir.

Özbəkistan prezidenti, hörmətli Şavkat Mirziyoyev Azərbaycana, dövlətimizin ərazi bütövlüyünə xüsusi dəstək ifadə etmişdir. O, Azərbaycanın ərazi bütövlüyü məsələsinin çox mühüm olduğunu qeyd edərək, münaqişəyə dair Birləşmiş Millətlər Təşkilatının bütün qərarlarının yerinə yetirilməli olduğunu xüsusi vurğulamışdır. O, Azərbaycanı bu məsələdə həmişə dəstəklədiklərini və gələcəkdə də mütləq dəstəkləyəcəklərini qeyd edib.

Ötən 2019-cu ildə tərəflər arasında çoxsaylı rəsmi səfərlər reallaşdırılmış, hər iki tərəfdən nazirlər, komitə rəhbərləri, millət vəkilləri, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılıqlı səfərləri reallaşdırılmışdır.

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə iki ölkə arasında humanitar sahədə çoxsaylı layihələr reallaşdırılıb.

Özbəkistanın Daşkənd, Səmərqənd, Xarəzm, Sırdərya, Fərqanə vilayətlərində “Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi günləri” tədbirləri keçirilmiş, milli mədəniyyətimiz qardaş ölkədə geniş təbliğ olunmuşdur.

Ötən müddət ərzində Özbəkistanın aparıcı kitabxanalarına, tədqiqat müəssisələrinə Azərbaycana dair nəşrlər, kitab kolleksiyaları hədiyyə olunmuş, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, elm və tədqiqatlar Mərkəzinin açılışı olub.

Tarixdə ilk dəfə olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə” əsəri bütövlükdə Özbək dilinə tərcümə edilmiş, nəfis şəkildə nəşr edilmiş, onun Daşkənddə və Bakıda çapı həyata keçirilib.

İlk dəfə olaraq hər iki ölkənin milli elmlər akademiyalarının dilçilik institutları ilkə birgə “Azərbaycan-Özbəkcə, Özbək-Azərbaycanca lüğəti” tərtib edilmiş, nəşr edilmiş və təqdimat mərasimləri keçirilmişdir.

Ötən il 7 adda Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyətinə dair kitab Özbək dilinə tərcümə olunmuş və Daşkənddə nəşr edilmişdir.

İl ərzində Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan Dostluq Muzeyində “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı xüsusi guşə yaradılıb.

Muzeydə Özbəkistanda tanınmış pedaqoq, maarifçi, naşir Seyid Rza Əlizadənin, Özbək ədəbiyyatının tanınmış şairi, dramaturqu Maqsud Şeyxzadə, tanınmış rəssamlar Yusif Hesynov, heykəltaraş Eynulla Əliyevin, şair İxtiyar Rzanın, Azərbaycanın Özbəkistandakı birinci səfiri Aydın Əzimbəyovun büstləri hazırlanmış və yerləşdirilmiş, onların büstlərinin arxasında isə həyat və fəaliyyətlərini əks etdirən xüsusi banerlər yerləşdirilmişdir. Banerlərdə sözügedən azərbaycanlıların Özbəkistanın ictimai-mədəni həyatındakı rolu, iki xalq, dövlət arasında dostluq münasibətlərinin inkişafında xidmətləri 3 dildə xüsusi qeyd edilmiş, maraqlı fotoşəkillər verilib.

Guşədə onlara aid bir sıra şəxsi əşyalar nümayiş etdiriləcəkdir.

Gələcəkdə Muzeyin açılış mərasimi təşkil ediləcəkdir. Muzeydə yaradılmış bu guşə Özbəkistandakı tanınmış azərbaycanlıların irsinə əbədi olaraq Azərbaycan dövləti tərəfindən göstərilən diqqət və hörmətin nümunəsi olaraq nümayiş etdiriləcəkdir.

Özbəkistan mətbuatı ilə əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan həqiqətlərinin yayılması məqsədi ilə Özbəkistanın aparıcı media nümayəndələri, televiziya kanallarının təmsilçi jurnalistlərinin iştirakı ilə cari il 23-30 mart tarixlərində Azərbaycana Mediatur təşkil olunub. Nümayəndə heyətinə qardaş ölkənin tanınmış media qurumları, telekanallar, aparıcı saytların rəhbərləri və təmsilçiləri daxil edilib.

Özbək jurnalistlər Bakı və respublikanın regionlarında ictimai yerlərdə, maraqlı məkanlarda, mədəniyyət, turizm obyektlərində olaraq, ölkəmizin təbliği məqsədi ilə çoxsaylı verilişlər, məqalələr hazırlayıblar.

Qazərbaycanın İsmayıllı, Özbəkistanın Riştan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” haqqında müqavilə imzalanmış, tərəflər arasında qarşılıqlı səfərlər reallaşdırılmışdır. Bu ilin axırı isə Özbəkistanın Buxara Vilayətinin hakimiyyəti rəhbərlərinin Azərbaycanın Lənkəran rayonuna səfəri təşkil edilmiş və tərəflər arasında gələcəkdə birbaşa əlaqələrin genişləndirilməsi barədə razılıq əldə olunub.

Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və tarixi Vətənimiz olan Azərbaycana daim bağlı olmağı arzulayırıq.

Növbəti ildə də müstəqilliyimizin, Azərbaycan-Özbəkistan arasında dostluğunun daha da möhkəmləndirilməsi istiqamətində yaddaqalan il olmasını, Sizlərə sağlıq, rifah, xalqımıza isə yeni-yeni nailiyyətlər diləyirik.

Bayramınız mübarək olsun!

Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzi.


29.12.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası