Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Bakıda İmadəddin Nəsiminin 650 ilik yubileyinə və “Nəsimi ili”nə həsr olunmuş “Nəsimi və Özbək ədəbiyyatı” adlı Beynəlxalq konfrans keçirilib.

Bakıda Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi” qəzeti, "Kaspi” Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "İmadəddin Nəsimi və Özbək ədəbiyyatı” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfrans İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi ili”nə həsr olunub.

Qeyd edək ki, tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nəsiminin özbək dilində çap olunmuş “Cananı sevərmən” adlı kitabının təqdimatı da keçirilib.

Konfransı giriş sözü ilə açan "Kaspi” Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva İmadəddin Nəsimi sözünün qüdrətindən bəhs edərək, Özbəkistan ziyalıları ilə birgə ədəbiyyat sahəsində görülən işlər barədə məlumat verdi: "Mən çox sevinirəm ki, böyük türk şairi, Azərbaycan şairi, Şərqin, eləcə də dünya ədəbiyyatının böyük fəxri sayılan İmadəddin Nəsimiyə həsr olunmuş konfransda sizlərlə görüşürəm. Bildiyiniz kimi, bu ili dövlət rəhbəri, cənab Prezident İlham Əliyev "Nəsimi ili” elan etdi və Nəsiminin 650 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu, hər şeydən əvvəl Nəsiminin şair olaraq sözə dəyər verdiyi məqamda onun haqqıdır. Düşünürəm ki, bu gün bizim burada görüşməyiniz, eyni zamanda, bu tədbiri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir bəyin köməkliyi ilə keçirməyimiz böyük bir məna daşıyır. Biz bir neçə ay öncə Özbəkistanda olmuşduq. Orada həm Hüseyn Cavidin əsərinin təqdimatını keçirmişdik, həm də Nizami Gəncəvi adına Pedaqoji İnstitutda Cavidə həsr olunmuş böyük bir tədbir baş tutmuşdu.

Nəsiminin Əlişir Nəvai yaradıcılığına təsiri və onun yaradıcılığının tətbiqində artıq başqa şairlərə də təsirini hiss edirik. Xüsusilə qeyd etmək lazımdır ki, Nəsiminin əxlaqi, estetik kateqoriyalara münasibəti də İlahidən gələn idi. O, insanın təkcə üz gözəlliyini nəzərdə tutmurdu. Nəsimi insanın daxili və zahirinin vəhdətdə gözəl olması fikrini irəli sürürdü. Bu fikir getdikcə Nəsimi yaradıcılığından bütün xalqların yaradıcılığına keçməyə başladı və türkdilli xalqlar içərisində bir evdə böyüyən qardaş-bacı qədər bizə yaxın olan özbək ədəbiyyatında qabarıq şəkildə özünü büruzə verdi.

Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin rolundan söz açan AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxışında bildirib ki, Nəsimi kimi şəxsiyyətlər Türk dünyasını birləşdirən bağlardır: "Hər bir xalqı dünyada tanıdan iki mühüm amil var ki, onun biri dil, digəri dindir. Dil hər bir xalqın ən böyük milli-mənəvi sərvəti, xalqın varlığıdır. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, xalqın mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dilidir. Nəsiminin böyüklüyü ondadır ki, o, öz ana dilini müsəlman Şərqində əsas dillər olan ərəb və fars dilləri səviyyəsinə yüksəltməyi bacarıb. Nəsimi sübut etdi ki, türk dili ərəb və fars dilləri ilə yanaşı gedə bilər. Nəsimi təkcə Azərbaycan ədəbiyyatının və xalqının zirvəsi, söz ustası deyil, o, bütün türk dünyasının ən böyük söz ustadlarından biridir. Onu bütün türk dünyasında sevirlər və bütün türk xalqlarının şairi sayılır. Nəsimi sözlə dünyanı fəth etməyi bacaran şairlərdəndir.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Nəsimi yaradıcılığında insan konsepsiyası haqda söz açdı: "Hər hansı böyük sənətkarımızı, o cümlədən Nəsimini nə qədər dünya və türk ədəbiyyatı kontekstində öyrənsək, biz onu bir o qədər daha dərindən qiymətləndirmiş olarıq. Bu mənada konfransın mövzusu çox maraqlı və əhəmiyyətlidir. Hürufilik təlimi ilə insan konsepsiyası ilk baxışdan müəyyən suallar doğura bilər. Yəni, hərflə insanın necə bir uyğunluğu ola bilər deyə sual olunur. Hələ hürufilərdən əvvəl müxtəlif dini cərəyanlarda hərflər və rəqəmlər müqəddəs elementlər kimi qəbul edilib.

Özbək alim, tərcüməçi, Nəsiminin qəzəllərini Özbək dilinə çevirən Tahir Qahhar öz çıxışında Özbək ədəbiyyatında Nəsimi mövzusu, Nəsiminin əsərlərinin Özbək dilinə çevrilməsi ilə bağlı fikirlərini bölüşərək, Nəsimi yaradıcılığına dair məruzə ilə çıxış etdi.

Konfransda Özbəkistandakı Heydər Əliyev Mərkəzinin direktoru Samir Abbasov İmadəddin Nəsiminin 650 illik yubileyi və "Nəsimi ili” münasibəti ilə Azərbaycan Mədəniyyət Mərkəzinin 2019-cu ildə həyata keçirəcəyi layihələr barədə danışaraq, Azərbaycan və Özbək ədəbi əlaqələri mövzusunda məruzə ilə çıxış etdi. Samir Abbasov il ərzində Özbəkistanda Nəsimiyə həsr olunmuş konfrans, poeziya-şeir axşamı, müsabiqələrin keçirilməsinin planlaşdırıldığını qeyd edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Özbək dilində işıq üzü görən “Cananı sevərmən” adlı kitab haqqında məlumat vermiş, kitabın üstün xüsusiyyətlərindən danışıb.

Daha sonra tədbirdə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, nəsimişünas Səadət Şıxıyeva, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işçilər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli, tarixçi publisist Şuxrat Salamov çıxış edərək Nəsimi yaradıcılığı haqda fikirlər söyləyiblər.

Tədbirin sonunda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov söylədi ki, Nəsimi Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi ən böyük dühalardan biridir: "Nəsimi öz yaradıcılığı ilə dünya və Şərq ədəbiyyatında özünəməxsus yer tutub. Bu il "Nəsimi ili” elan olunub və bununla bağlı bir sıra silsilə tədbirlər həyata keçirilir.

Nəsimi həm də ona görə sevilir ki, o öz yaradıcılığında vətəndaşlıq mövqeyini ortaya qoyub. O dövrdə ayrı-ayrı ədəbiyyat dühaları öz dilini zənginləşdirməyə çalışdığı bir vaxtda Nəsimi dünya ədəbiyyatının bütün tələblərinə uyğun olaraq Azərbaycan xalqının mədəniyyətini nümayiş etdirib. O, Azərbaycan dilinin inkişafında ən böyük rolu olan dahilərdəndir. Nəsiminin Azərbaycan dilinə olan münasibəti bu gün də Azərbaycan üçün aktualdır. Biz Nəsimi yaradıcılığını öyrənməklə həm də öz dilimizi sevirik”. Sonda Özbəkistandan gələn qonaqlara "Kaspi” qəzetinin və Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olundu.

28.03.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası