XƏBƏRLƏR 2020
Azərbaycan – Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq genişlənir.
Azərbaycan – Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq genişlənir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Azərbaycan – Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə ötən illərdə bir sıra işlər həyata keçirilib. Aparılan təbliğati və təşkilatı işlər nəticəsində onlarla tələbə Azərbaycan Respublikasının ali məktəblərində təhsil alır, hazırda bu istiqamətdə bir sıra tədbirlər və layihələr həyata keçirilir.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin ötən il Özbəkistana səfəri zamanı artıq 6 Özbək tələbənin Azərbaycanda sözügedən ali təhsil ocağına qəbul olunub. Özbəkistanda təhsil sahəsinə dair keçirilən beynəlxalq tədbirlərdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak edərək ölkəmizi təmsil edib.
ADA Universitetinin təşəbbüsü ilə cari ilin 24-27 fevral tarixlərində Daşkənddə çoxsaylı orta və ali məktəblərdə təqdimat mərasimləri keçiriləcəkdir. Təqdimat mərasimi Azərbaycanın Özbəkistandakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçiriləcəkdir. ADA Universitetin tələbə qəbulu üzrə şöbəsinin əməkdaşları trəfindən keçiriləcək təqdimat mərasimləri Daşkənddəki Vest Minister Universiteti, Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti, Daşkənd Sinqapur Universiteti, Vebster Universiteti, Tekstil və Yüngül Sənaye İnstitutu, habelə Akademik liseylər, aparıcı orta məktəblərdə baş tutacaq.
Qeyd edək ki, ADA Universitetində tələbə, müəllim və işçi heyətini 46 müxtəlif ölkədən olan insanların təşkil etməsi burada beynəlmiləl mühitin yaradılmasına təhsilə böyük töhfə verir. Yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlərdən və dünyanın 60 aparıcı universiteti ilə təhsil mübadiləsi imkanlarından yararlanırlar.
Universitetdə dünyanın 41 ölkəsindən 2200 tələbə təhsil alır ki, onlardan da 85 faizi bakalavr, 15 faizi isə magistr pilləsindədir. Təhsil müəssisəsində ictimai və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları və mühəndislik fakültələri fəaliyyət göstərir.
Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, son zamanlar Özbəkistanda Azərbaycanın ali məktəblərinə maraq genişlənib və bu istiqamətdə Mərkəzə müraciətlər artıb.
Mərkəzdən bildirilib ki, cari ilin aprel ayında Özbəkistanda keçiriləcək təhsil sərgi və yarmarkasında ölkəmizin ali məktəblərinin iştirakı və təmsil olunması ilə əlaqədar müvafiq işlər aparılır.
14.02.2020