XƏBƏRLƏR 2020
Daşkənddə keçirilən “Xalqların adət-ənənələri və milli yeməkləri” beynəlxalq xeyriyyə festivalında Azərbaycan mətbəxi təqdim olunub.
Daşkənddə keçirilən “Xalqların adət-ənənələri və milli yeməkləri” beynəlxalq xeyriyyə festivalında Azərbaycan mətbəxi təqdim olunub.
Daşkəndə Dünya iqtisadiyyatı və Diplomatiya Universitetində “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalında Azərbaycanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil etmişlər.
Özbəkistanda fəaliyyət göstərən 50-dən çox səfirlik və diplomatik nümayəndəliklərin iştirak etdiyi Festivalı Özbəkistan Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi və Daşkəndəki Dünya iqtisadiyyatı və Diplomatiya Universiteti tərəfindən təşkil edib.
Festivalda Özbəkistanda səfirliklər və beynəlxalq təşkilatlar öz xalqlarının adət-ənənələrini nümayiş etdirmiş, qonaqlara öz milli yeməklərini və şirniyyatlarını təklif etmiş və sonda əldə olunan gəlir Daşkənddəki uşaq evlərinə əvəzsiz olaraq verilir.
Hər bir iştirakçı ölkə üçün Universitetdə xüsusi zal ayrılmış və ölkə təmsilçiləri sözügedən zalda öz mədəniyyətlərini, mətbəxlərini təqdim etmişlər. Milli ornamentlər və mədəniyyətimizin müxtəlif nümunələri ilə bəzədilmiş Azərbaycan zalı iştirakçıların böyük marağına səbəb olmuşdur.
Qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və s. təklif edilib. Azərbaycan yeməklərinə festivalda böyük maraq göstərilmiş və ən çox sifariş verilən təamlar olmuşdur.
Tədbir çərçivəsində Festivalın Təşkilat Komitəsinə, Özbəkistandakı xarici ölkələrin səfirlərinə Azərbaycan yeməkləri və şirniyyatları ilə ziyafət verilmişdir.
Münsiflər heyəti bütün ölkələrin təşkil etdikləri guşələrlə tanış olmuş, azərbaycan mətbəxini yüksək qiymətləndirmişlər.
Azərbaycan üçün ayrılmış guşədə Azərbaycan mədəniyyətinə dair suvenirlər, xalçalarımız, milli geyimlər, milli musiqi alətləri, həmçinin milli məişət əşyaları nümayiş etdirilib.
Ölkələrin mədəniyyətinin və mətbəxinin tanıdılması və təbliği məqsədi ilə xüsusi viktorinalar keçirilib, müxtəlif yeməklərin hazırlanması prosesləri nümayiş etdirilib.
Azərbaycan guşəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəxi ilə əlaqədar nəşrlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar sərgilənib.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırılıb, Azərbaycan Mədəniyyət Mərkəzi xüsusi fərqlənmə diplomuna layiq görülüb.
Qeyd edək ki, Festivalda Daşkənddəki ali məktəblərin tələbələri, çoxsaylı təhsil mədəniyyət işçiləri, xarici ölkələrin Özbəkistandakı Səfirlikləri, mədəniyyət mərkəzləri, media nümayəndələri iştirak etmişlər. Festivaldan Özbəkistanın “Mədəniyyət və mərifət” kanalı verilişlər yayımlamışdır. Festival yerli KİV-lərdə geniş işıqlandırılıb.
24.02.2020