XƏBƏRLƏR 2020
Özbəkistanın bir sıra ali və orta məktəblərində Azərbaycanın ADA universitetinin təqdimatları keçirilib.
Özbəkistanın bir sıra ali və orta məktəblərində Azərbaycanın ADA universitetinin təqdimatları keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın ADA Universiteti Daşkənddəki bir sıra universitet və orta məktəblərdə təqdim edilib.
ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Aytəkin Hüseynova Daşkənddəki Beynəlxalq Vestminster Universitetinin prorektoru Baxrom Mirkasimovla görüş keçirib.
Tədbirdə Universitetin professor-müəllim heyyəti və tələbələr iştirak edib.
Bu görüşdə Baxrom Mirkasimov Vestminster Universiteti haqqında məlumat verib, bu ali məktəbin məzunlarının dünyanın müxtəlif ölkələrində çalışdıqlarını bildirib.
Aytəkin Hüseynova ADA Universiteti haqqında ətraflı söhbət açıb, universitetin müəllim və tələbələri, məzunları barədə danışıb. Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub.
A. Hüseynova Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində və Universitetinin nəzdində olan Akademik liseyində, Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutu, İrriqasiya Mühəndisləri və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu, Sinqapur Menecmentin İnkişafı İnstitutu, Vebster Universiteti və paytaxtdakı 147, 94 nömrəli orta məktəblərdə ADA Universitetinin təqdimatını keçirib.
Təqdimatda adı çəkilən ali və orta məktəblərin professor-müəllim heyyəti və tələbələr, şagirdlər iştirak edib.
Görüşlərdə bildirilib ki, ADA Universiteti 2006-cı il dekabrın 15-də Azərbaycan Xarici İşlər Nazirliyinin yanında yaradılıb. 2019-cu il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Universitetin 2014-cü ildə təsdiq olunan Nizamnaməsində bir sıra dəyişiklik edilib və bu ali məktəb Dövlət Universiteti statusu alıb.
A. Hüseynova bildirib ki, hazırda Universitetdə 2300 tələbə təhsil alır. O deyib ki, Özbəkistana gəlişinin məqsədi ADA Universitetinə daha çox tələbə və magistr cəlb etməkdir.
Sonra A. Hüseynova müəllim, tələbə və şagirdlərin suallarını cavablandırıb.
28.02.2020