XƏBƏRLƏR 2020
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində tələbə və şagirdlərə Azərbaycan həqiqətləri barədə məlumat verilib.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində tələbə və şagirdlərə Azərbaycan həqiqətləri barədə məlumat verilib.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddəki Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun tələbələri və 48 nömrəli orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri ilə görüş keçirilib.
İlk öncə şagirdlərə foyedə təşkil olunan kitab, foto və suvenirlərdən ibarət sərgi nümayiş etdirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxana-informasiya bölməsinin müdiri Kifayət Pirməmmədova tələbə və şagirdlərə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, Ulu Öndər Heydər Əliyev haqqında məlumat verib, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsindən danışıb. O, bildirib ki, erməni millətçiləri 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə 613 dinc sakini xüsusi amansızlıqla qətlə yetirib, onlardan 63-ü uşaqdır. 130 uşaq valideynlərdən birini, 25 uşaq isə hər ikisini itirib. Faciənin bütün dünyada böyük əks səda yaratdığını qeyd edən K. Pirməmmədova dünyanın bir çox ölkələri tərəfindən Xocalı faciəsinin soyqırım kimi tanındığını bildirib.
Daha sonra tələbə və uşaqlara Azərbaycan-Özbəkistan dostluğu, tarixi əlaqələrimiz, mədəni və ədəbi əlaqələr barədə məlumat verilib, dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəslin üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub.
03.03.2020