Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

“Ermənistanın Azərbaycan torpaqlarının işğalı, məskunlaşdırma siyasəti, məhv edilən maddi-mədəniyyət nümunələri” adlı beynəlxalq konfrans keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 5 sentyabr tarixində Azərbaycan və Özbəkistan arasında “Ermənistanın Azərbaycan torpaqlarının işğalı, məskunlaşdırma siyasəti, məhv edilən maddi-mədəniyyət nümunələri” adlı beynəlxalq onlayn konfrans keçirilib.

Qeyd edək ki, konfrans Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin iştirakı və dəstəyi ilə təşkil olunub.

Konfransda Azərbaycanın millət vəkilləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, Özbəkistanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, jurnalistləri iştirak edərək, məruzələrlə çıxış etmişlər.

Tədbirdə giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanla Azərbaycan arasında tarixi dostluq, dövlətlərarası yüksək səviyyəli əməkdaşlıq barədə danışmış, rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair aparılan təbliğatı işlər, layihələr, KİV-lərdə mövzunun işıqlandırılması, tədqiqat işlərinə dəstəklə bağlı fikirlərini bölüşüb.

S. Abbasov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədi ilə fəaliyyətə başladıqları ilk gündən qarşı tərəfdə yerli mətbuatla sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edərək bu məqsədlə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib. O, 2013-cü ilə qədər yerli mətbuatda Azərbaycana dair az sayda məqalə dərc olunduğunu, Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı işlər nəticəsində isə ötən illərdə hər il orta hesabla ölkəmizə dair 300-dən artıq məqalənin yayımlandığını söyləyib.

Diplomat Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda həyata keçirilən “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyidir” adlı layihə haqqında danışaraq, Ermənistanın milli-mədəni irsimizin dağıdılması və saxtalaşdırılmasına dünya birliyinin etirazının vacib olduğunu qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərindən sitat gətirib: müsəlman dünyası bilməlidir ki, müqəddəs məscidləri dağıdan Ermənistan heç vaxt İslam ölkələrinin dostu ola bilməz. S. Abbasov Türk Şurası çərçivəsində Özbəkistan dövlətinin, habelə ölkənin tanınmış ziyalılarının bu ilin iyul ayında Ermənistanın Tovuz təxribatına qarşı öz etirazlarını bildirməsi, Azərbaycanın haqq işini dəstəkləməsini yüksək qiymətləndirib.

Daha sonra Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək, Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı haqqında danışıb, Özbəkistanın Türk Şurasının üzvü, Azərbaycanla həm tarixi, mədəni, hər bir sahədə qardaş ölkə olduğunu vurğulayıb. Q. Paşayeva erməni işğalının ağır fəsadları və bu haqda dünya xalqlarının məlumatlandırılması barədə danışaraq, Qarabağ həqiqətlərinin yayılması ilə əlaqədar aparılan işlərdən danışıb. O, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, son Tovuz hadisələri zamanı dünyanın müxtəlif ölkələrindən Azərbaycanın haqq işinə dəstək ifadə olunduğunu bildirib, aparılan təbliğatı işlərin öz uğurlu nəticəsini verdiyini qeyd edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda yerli mətbuatla, ölkənin tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimləri ilə sıx əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib, gələcəkdə bu istiqamətdə yeni-yeni layihələrə açıq olduğunu qeyd edib.

O, çıxışında bəyan edib ki, Azərbaycanda yeni tədris ilində Türk Akademiyası tərəfindən hazırlanan “Ortaq türk tarixi” fənninin tədrisinə başlanacaqdır.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov Azərbaycanın regionda vacib dövlət olduğunu söyləyərək, onun Özbəkistana dost, müttəfiq ölkə olduğunu bildirib.

O, 30 ildən çox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, çoxsaylı tarixi abidələr haqqında danışıb. E. Nuriddinov dünyanın müxtəlif muzeylərində bunu təsdiq edən çoxsaylı eksponatların olduğunu qeyd edib. O, region xalqları arasında süni şəkildə yaradılmış münaqişənin Azərbaycan ərazilərinin işğalına səbəb olduğunu, Dağlıq Qarabağ bölgəsinin daim Azərbaycanın qədim və ayrılmaz hissəsi olduğunu söyləyib.

Millət vəkili, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış edərək Azərbaycan dövləti tərəfindən dünyada yaradılan Azərbaycan mədəniyyət mərkəzləri ölkəmizin haqq işinin dünyaya çatdırılmasında mühüm bir platforma olduğunu söyləyərək, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə həyata keçirilən işlərini yüksək qiymətləndirib.

O, Heydər Əliyev Fondunun digər sahələrdə olduğu kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması ilə əlaqədar xeyli layihələrin həyata keçirdiyini qeyd edərək, bu işlərin Fondun prezidenti, Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Fondun bu mövzuda dünyanın aparıcı dillərində nəşr etdiyi “Qarabağ həqiqətləri” toplusunun, habelə mədəniyyət layihəsi “Qarabağ xanəndələri” adlı albomunu və başqa çoxsaylı layihələri qeyd edərək, xarici ölkələrdə səfirliklər, mədəniyyət mərkəzləri, diaspora təşkilatları ilə aparılan işlərdən danışıb. Millət vəkili S. Məmmədov Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası haqqında məlumat verib. O, keçirilən konfransın gələcəkdə Özbəkistanla əməkdaşlıqda yeni imkanlar açacağını qeyd edərək, Heydər Əliyev Fondu adından Özbəkistana Azərbaycanın haqq işində göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.

Millət vəkilləri Məşhur Məmmədov, Elnur Allahverdiyev çıxışlarında Azərbaycan-Özbəkistan əməkdaşlığı, təhsil, diaspora, iqtisadiyyat sahəsində münasibətlər haqqında danışaraq gələcəkdə bu sahədə əlaqələrin daha da dərinləşdirilməsinə dair təkliflərini vermişlər.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid, tanınmış özbək alimlər Karim Baxriyev, Gülbahar Aşurova, Gülnaz Sattarova çıxış edərək Azərbaycan-Özbəkistan arasında tarixi dostluq, münasibətləri, Türk Şurası çərçivəsində əməkdaşlıq, Azərbaycanın haqq işinə Özbəkistan tərəfindən göstərilən dəstək, habelə konfrans çərçivəsində təqdimatı edilən Qənirə Paşayevanın Özbək dilində çap olunmuş “İtirdiyim xoşbəxtlik” adlı kitab barədə məruzələr və çıxışlar ediblər. Onlar Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın 3 aliminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycanın müxtəlif beyin mərkəzlərində elmi araşdırmalarda iştirak etdiklərini və bu mövzuda Mərkəzin dəstəyi ilə Özbək və rus dillərində bugünə qədər 9 adda kitabın çap olundığunı, minlərlə məqalənin yayımlandığını bildiriblər.

Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri, tanınmış jurnalist, tərcüməçi Karim Baxriyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair tarixi faktlar səsləndirib, erməni işğal nəticəsində Azərbaycanın nəinki humanitar fəlakət, hətta ekoloji fəlakətlə üz-üzə qaldığını qeyd edib. O, Azərbaycanın su resurslarını ələ keçirən Ermənistanın bugün də dünyanın müxtəlif ölkələrindən ermənilərin bu ərazilərdə qanunsuz şəkildə məskunlaşdırılmasının yolverilməz olduğunu qeyd edib.

Konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin rəhbəri, şairə Qənirə Paşayevanın “İtı̇rdı̇yı̇m xoşbəxtlı̇k” (“Qarabağ hekayələri” silsiləsindən) özbəkcə nəşr olunmuş kitabının təqdimatı da keçirilib.

Qeyd edək ki, “Qarabağ hekayələri” adı ilə işıq üzü görən yeni nəşrdə yer alan hekayələri özbəkcəyə istedadlı gənc şair-tərcüməçi, Şahistə Artukova (Kamranlı) uyğunlaşdırıb.

07.09.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası