“Özbək dilinin dünyada təbliği üzrə əməkdaşlıq məsələləri” adlı Beynəlxalq konfransda Azərbaycan diplomatı Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzünü qaldırdı.
Özbəkistanın Ali Təhsil üzrə Nazirliyi, Daşkənddəki Əlişir Nəvai Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı ilə dünən “Özbək dilinin dünyada təbliği üzrə əməkdaşlıq məsələləri” adlı Beynəlxalq onlayn konfrans keçirilib.
Konfransda Özbəkistan Ali Təhsil üzrə Nazirliyinin rəhbərliyi, ABŞ-ın, Çinin, Türkiyənin Özbəkistandakı səfirləri, ABŞ, İngiltərə, Kanada, Türkiyə, Rusiya, Koreya, Yaponiyadan tanınmış alimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Daşkənddəki Əlişir Nəvai Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, porfessor Şuxrat Siracəddinov açaraq Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə hər il oktyabrın 21-də ölkədə Özbək dili günü kimi qeyd olunduğunu bildirib. O, dünyanın ən qədim və zəngin dillərindən biri olan özbək dili xalq üçün milli kimliyin və müstəqil dövlətçiliyin, əvəzolunmaz mənəvi sərvətlərin və böyük dəyərin bir simvolu olduğunu qeyd edib. Professor Ş. Siracəddinov Özbək dilinin dünyada təbliği ilə bağlı görülən işlər barədə məlumat verib. O, Türk dil qrupuna aid olan Özbək dilinin daha da təkmilləşdirilməsi, təbliği məqsədi ilə layihələrin həyata keçirildiyini söyləyib.
Konfransın əhəmiyyətindən danışan rektor tədbirdə iştirak edən bütün xarici məsul qonaqların Özbəkcə çıxış edəcəklərini söyləyib.
Daha sonra konfransda Amerika Birləşmiş Ştatlarının Özbəkistandakı səfiri Daniel Rosenblum, Çin Xalq Respublikasının Özbəkistandakı səfiri xanım Jiang Yan, Türkiyə Respublikasının Özbəkistandakı səfiri Mehmet Sureyya Er çıxış edərək ana dilinin hər bir millət, dövlət üçün əhəmiyyəti, Özbəkistan və Özbək dili haqqında düşüncələrini paylaşaraq, türk dilləri arasında Özbək dilinin əhəmiyyəti, onun dövlət səviyyəsində geniş tətbiqi məsələləri haqqında danışıblar. Özbəkistan dövlətinin bu məqsədlə Özbək dili və ədəbiyyatı adlı xüsusi universitetin yaradıldığını yüksək qiymətləndiriblər.
Konfransda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbək dili bayramı münasibəti ilə iştirakçıları təbrik edib və Özbək xalqının Əlişir Nəvai, Zahiriddin Babur, Məşrab, Muqimiy, Nodira Begim, Furkat, Oybek kimi tanınmış şəxsiyyətlərinin öz əvəzsiz əsərlərini məhz bu dildə yaratdıqlarını qeyd edib. O, Azərbaycan və Özbək xalqlarının ana dillərinin Türk dil qrupuna aid edildiyini və bu yaxınlığın xalqlarımız arasında ünsiyyət qurmağımıza yardım etdiyini söyləyib.
Diplomat konfransın ona verdiyi imkanlardan istifadə edərək Azərbaycanın haqq işi, torpaqlarının işğalçılardan azad edilməsi haqqında tədbir iştirakçılarına məlumat verib. O, ölkəsinin hazırda çətin dövrlərini yaşadığını, Ermənistan tərəfindən 30 ildir ki, Azərbaycana ərazi iddiaları, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona yaxın yeddi rayonun, ümumilikdə isə 20 faiz torpaqlarının işğal edilməsinə, bütün mədəni sərvətlərin dağıdılmasına, bir milyon insanın öz torpaqlarından qovulmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən yeni ərazilər zəbt etmək niyyətinin ortaya qoyulduğunu və təcavüzün davam etdirildiyini bildirib. S. Abbasov BMT-nin Təhlükəsizlik Şurasının işğala son qoyulması və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına dair 20 ildən çoxdur ki, verdiyi qətnamələrə əməl edilmədiyini söyləyib. O, cari il oktyabrın 17-nə keçən gecə tərəflər arasında humanitar atəşkəs elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsi, dinc əhaliyə qarşı hərbi cinayət işlətməsi nəticəsində 13 nəfərin həlak olduğunu, 50-dan çox insanın yaralandığını söyləyib. Diplomat Azərbaycan xalqının daim sülhü, dostluğu seçdiyini, lakin müasir dövrdə hər hansı bir təcavüzə, etnik təmizləməyə, işğala və qırğına son qoyulmasının vacib olduğunu bildirib.
Çıxış edən digər natiqlər Özbəkistan Respublikası Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun direktoru Nizomiddin Mahmudov, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gulchehra Rixsiyeva, Oxford Universitetinin müstəqil araşdırmaçısı Thomas Wellsford, Lomonosov adına Moskva Dövlət Universiteti, Asiya və Afrika İnstitutunun direktor müavini, doktor Darya Zhigulskaya, Tokio Xarici Araşdırmalar Universitetinin professoru Kimura Satoru özbək dilinin gözəlliyini, cazibəsi və təsiri haqqında danışaraq, yaradılmış minillik dastanlarda, ölməz əsərlərdə bu dilin öz əksini tapdığını vurğulayıblar. Onlar xarici ölkələrdə, elm mərkəzlərində, universitetlərdə Özbək dilinin tədrisinə başlanıldığını qeyd ediblər. Çıxışlarda Özbək dilinin türk dil ailəsində ən böyük dillərdən biri kimi inkişaf etdirilməsi, dünyanın 50 milyondan artıq insanı arasında ünsiyyət vasitəsi olaraq onun təbliği məsələlərinə dair təkliflər səsləndirilib.
21.10.2020